Azərbaycanın sinəsinə YAP adlı damğanı YAPışdıran, siyasi səhnəyə gəlişləri ilə ölkənin tarixi inkişafını 91 il geri atan, "91-lər”in aktivi, YAP-ın İdarə Heyətinin qoca sinə vuranı Kərim Kərimov YAP-ın gənc dələduzu adlandırılan Gülər Əhmədovaya qahmar çıxıb və üzünü müxalifət düşərgəsinə bozardaraq, təkəbbürlə "YAP-la oynamaq olmaz” deyib.
Bəli, biz də o fikirdəyik ki, millətinə kələk toru toxuyan, siyasəti qan-qada qoxuyan, hər seçkidə xalqın səsin oğurladıb-əkdirən, parlamenti diktat qarşısında diz çökdürən, əksəriyyət tərkibi dələduz və fırıldaqçılar dəstəsi, hər bir üzvü pulun, vəzifənin sağalmayan xəstəsi, arsızlar ordusu, dərdə gülüb-irişən, dili yalana, əli rüşvətə öyrəşən, tərifdən güc alan, alçaqlıq içində boy verib ucalan, yalanları düz yerinə gözə təpib yozduran, uğursusluq içində analoqu olmayan ”uğurlardan” məsuliyyətsizcəsinə dəm vuran bir rejimin himayə etdiyi partiya ilə oynamaq olmaz!
Torpağını erməniyə satdıran, narkoz verib millətini ölüm yuxusuna yatdıran, rəqiblərinə qurşaqdan aşağı zərbə vuran, zəngin bir ölkədə aclıq yası qurduran, məmləkətin sərvətini çapıb-talayan, cənnət diyarı Azərbaycanı odlara qalayan, şəxsiyyətləri bütləşdirən, siyasi mühiti kütləşdirən, ölkəni dərəbəyliyə çevirən, bayrağını, himnini ucalardan endirən, haqqa nahaq donu geydirən, rəhbərlərini zorla xalqa "sevdirən”, döşü saxta orden-medallı, cəhənnəm memarları, cənnət xəyallı, ateist düşüncəli, bolşevik təfəkkürlü bir partiya ilə, əlbəttə, oynamaq olmaz!
Ziyalısını dışlayan, müxalifini xışlayan, xalqa alçaq nəzərlə baxan, anti-istiqlalçı qüvvələr sinəsinə istiqlal ordeni taxan, demokratik çumhürriyyət qurucularının inkarına duran, haqqı deyənin ağzından vuran, ədaləti yaxına qoymayan, haram tikədən doymayan, sərvət dağıdan, nahaq göz yaşları axıdan, büdcə talançıları, söz yalançıları, qanunu saya salmayan, vətəndaşı adam yerinə qoymayan, tiranlıqdan güc alan, öz xalqından öc alan bir firqə daşıyıcıları ilə, əlbəttə, oynamaq olmaz.
Azadlığın cəlladları, bolşevizmin yaramaz övladları, proletarkultçu, haqq sözə naxələf-göpçu, müftəxor-harın, davası qarın, el malına göz dikən, məmləkəti cəmdək tək sökən, xalqı düz yoldan azdıran, neçə mərdin qəbrini qazdıran, qiyafəsi avropalı, özü rus qafalı, şapalaq-çəpik vuranlar, siyasət adına məzhəkə quranlar, rəhbər görəndə əldən gedənlər, bir-birini addım-addım güdənlər, ətrafına cəm edən yaltaqları, hürdürən xalq üstünə qapağan-buldoqları, siyasəti fəlakətə sürükləyən, şərin, şeytanlığın ocağını körükləyən bir partiya ilə, əlbəttə, oynamaq çətin.
Yerlibaz-regionçu, xalqı ac, özü milyonçu, mülkiyyət qəsdçiləri, tayfa siyasətçiləri, zülmündə ədalətli, ədalətdə zalım, gələn nəsli gedən nəslindən daha zalım, gəncliyin gələcəyini baltalayan, anti-korrupsiyadan dəm vurub milyonları qatlayan, üzü üzlər görüb sürtülən, qapıdan qovduqca pəncərədən dürtülən, yallanıb yal güdənlər, hərəsi yağlı tikəyə öyrəncəli gödənlər, duyğusuz, qəlbsiz bir parça ətlər, arınmaz sel-sularla şeytani xislətlər, xalqına qızıl teştdə qan içdirən, qəbr yerini satıb, diri-diri kəfənini biçdirən bir partiya ilə, əlbəttə oynamaq olmaz!
Əldə bayraq edən boş şüarları, zəhərləyən yad fikirlərlə şüurları, boyun əyən beynəlxalq imperialistlərə, əzdirən milləti gözü qanlı sadistlərə, kef çəkdirən məmuruna qəsri-qala saraylarda, qan qusduran qaçqınına xeymələrdə- çadırlarda, əsgəri bitli-birəli, generalı qarınpalaq, ağzı şirəli, başı pozuq polis dəyənəkli, tərif deyən dillər olub döyənəkli, məhkəməsi hökmündə ədalətsiz, bir zümrədir ki, dinsiz, mərhəmətsiz, üzü xalqdan dönən, içindən çırağı sönən bir partiya ilə, əlbəttə, oynamaq olmaz!...
|