26 fevral 2013-cü il tarixdə Azəri – Talış İctimai Birliyinin mərkəzi qərargahında 20-ci əsrin ən müthiş faciələrindən biri olan Xocalı soyqırımına həsr olunmuş ANIM mərasimi keçirilmişdir. Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuş, ehsan sufrəsi açılmışdır.
Birliyin sədri Mehdibəy Səfərov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, Xocalı soyqırımı erməni separatçı qüvvələrilə rus hərbi birləşmələrinin düşünülmüş, ölçülüb-biçilmiş və ssenarisi əvvəlcədən yazılmış müştərək cinayətidir və bu, birmənalı olaraq bəşəriyyətə qarşı törədilən ağır cinayət əməli kimi təfsir olunmalıdır.
Tədbirdə yaşlı nəslin nümayəndələri çıxış etmişlər. Onlar rus ordusunun köməyi ilə Xocalı soyqırımını törədən erməni cəlladlarının məkrli niyyətləri, faciənin səbəb və nəticələri haqda geniş məlumat vermişlər. Gənc nəslin nümayəndələri isə faciənin canlı şahidləri olmasalar da, sənədli-xronikal filmlərdən və televiziya verilişlərindən, habelə hadisə şahidlərinin xatirələrindən bu dəhşətli qətliamın ağrı-acısını bütün varlıqları ilə dərk etdiklərini söyləmişlər.
Qeyd edək ki, şair və yazıçıların Birlik üzvləri qarşısında oxuduqları və faciənin göynərtisini özündə əks etdirən bədii-poetik parçalar həyəcan və göz yaşları ilə dinlənilmişdir.
Tədbirin sonunda Azəri – Talış İctimai Birliyinin üzvləri Xocalı prospektindəki "Ana fəryadı” abidə - komleksini ziyarət etmiş və onun önündə gül-çiçək dəstələri qoymuşlar.
Azəri – Talış İctimai Birliyinin mətbuat xidməti 26. 02. 2013