Главная » 2011»Июнь»2 » Rufulla Axundzadəyə yeni ittiham irəli sürülüb
18:47
Rufulla Axundzadəyə yeni ittiham irəli sürülüb
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun, eləcə də digər şəxslərin – partiya sədrinin müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin istintaqı yekunlaşıb. İyun ayının sonlarına qədər işin məhkəməyə göndərilməsi gözlənilir. Yekun ittihamlar bildirilib.
Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Vəkil Sadiq Bağırov deyib ki, iyunun 1-də Rufulla Axundzadə ilə sonuncu dəfə istintaq hərəkəti aparılıb, ondan ifadə alınıb: "İstintaq müddəti uzadılandan sonra Rufulla bəy cəmi iki dəfə ifadə verdi. İstintaq yeni ittihamı Rufulla bəyin İranın "Səhər” kanalındakı çıxışlarına görə qaldırıb. İstintaq bu televiziyadakı çıxışlara istinad edirlər. Hesab edirlər ki, bu çıxışlarda işlətdiyi ifadələr milli, irqi ayrı-seçkilik üçün əsasdır. Rufulla bəy ifadələrində deyib ki, çıxışlarında ayrı-seçkilik salmaq deyil, hakimiyyətin diqqətini islam dini ilə bağlı problemlərə yönəltmək məqsədi güdüb. Amma ittiham tərəfi hesab edir ki, o ifadələrlə artıq ayrı-seçkilik salınıb, Rufulla bəy sosial ədavət salmaq niyyəti ilə belə çıxışlar edib”.
Mövsüm Səmədovla bağlı sonuncu istintaq hərəkəti iyunun 2-də aparılıb. Vəkil Anar Qasımov "Media forum”a açıqlamasında bildirib ki, Bakı İstintaq Təcridxanasında ondan sonuncu dəfə ifadə alınıb, istintaqın keçirdiyi müxtəlif ekspertizaların rəyi açıqlanıb: "Rəylər tutulanların ifadələri, partiyanın ofisindən çıxan disklər, sənədlərlə bağlıdır. Yekun olaraq Səməd bəy dindirildi. Bildirdi ki, əvvəlki ifadələrini təsdiq edir. Ona yekun ittiham elan olundu və əvvəlki maddələrdə heç bir dəyişiklik olmadı”.
Vəkillərin verdiyi məlumatda deyilir ki, islamçıların müdafiə tədbirləri davam edir. Bu həftənin sonuna qədər onların həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.
1992-ci ildə yaradılmış Azərbaycan İslam Partiyasının dövlət qeydiyyatı 1995-ci ildə ləğv olunub. Bu ilin yanvarında partiya sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, AİP Astara təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun yaxın qohumları Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov ağır cinayətlərdə ittiham olunaraq həbs ediliblər. Partiyanın Gəncə təşkilatının sədri Yusif Ələkbərov Cinayət Məcəlləsinin 217-ci (banditizm) və 214-cü (terrorçuluq) maddələri ilə axtarışdadır.
Mövsüm Səmədovun həbsindən sonra onun səlahiyyətləri birinci müavini Elçin Manafova verilib.