Əliyevlər Amerika mətbuatında yerlə yeksan edildi
«Bakı küçələrində asılmış nəhəng portretlər Suriyada etirazçıların yandırdığı Hafiz-Bəşər Əsəd portretlərilə oxşarlıq təşkil edir»
ABŞ-ın "The National Review” jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub. Devid Prays Consun qələmə aldığı məqalə "Bakıda yeni olanlar nədir?” adlanır. "The National Review” jurnalının əsası 1955-ci ildə Nyu-Yorkda qoyulub. Dərgi müxtəlif illərdə beynəlxalq mükafatlara layiq görülüb. Jurnal müstəqil mövqeyi və səhifələrində tanınmış yazarlara imkan yaratmasıyla tanınır. Onun nəinki ABŞ-da, dünyanın bir çox başqa ölkələrində də milyonlarla abunəçisi var. Devid Prays Consun məqaləsini qısa ixtisarla dərc edirik:
***
Bakıya dəvət olunduğumu biləndə heyrətləndiyimi gizlədə bilmədim. Azərbaycan neft və təbii qazla zəngin, tarixi mədəni irsi ilə diqqət çəkən ölkədir. Dəvət aldığım günlərdə Bakıda həvəskar boks üzrə çempionat və humanizm mövzusunda konfrans keçirilməli idi. Bakıya çatanda beşulduzlu mehmanxananın dəhlizində banket və təmtəraqlı qəbulların şahidi oldum.
Təmtəraqlı qəbullar və Sovet dönəminin təcrübəsi
Sovetlər dönəmində topladığım təcrübəni yadıma saldım: Qarnı dolu qonaqların əksəriyyətinin başı boş olacaq. Onlar səfəri başa vurub evlərinə dönəndə Bakının illüziyasından ayrıla bilmirlər. Sanki onlar Azərbaycan paytaxtında gördüklərini izah edə bilmək üçün söz tapa bilmirlər.
Sovet Ittifaqının koloniyası olmuş, 20 il öncə müstəqilliyini əldə edən Azərbaycan müsəlman ölkəsidir. Azərbaycanlılar sərt yumruqlu kommunist rəhbərlikdən, sərt müsəlman rəhbərlərin idarəçiliyinə keçdi. Bakıda enli prospektlər, daş evlər, saraylar qısa zaman öncə itirilmiş rus imperiyasının nostalgiyasından xəbər verir. Yeni tikililər, müasir memarlıq inciləri, hündürmərtəbəli binalar neftlə zəngin ölkənin modernizmə inteqrasiyasının siqnalıdır.
Heydər Əliyevin "Politbüro”ya gəlişi və gülümsəyən şəkilləri
Şəhərin müxtəlif yerlərində böyük portretlərdə bir insanın cavanlıq illəri, gülümsəyən anları əks olunub. Həmin portretlərdə sitatlara rast gəlinmir. Halbuki, 10 ilə yaxındır dünyasını dəyişən Heydər Əliyevin bunlara ehtiyacı yoxdur. O, güclü xarakterilə ölkəni kommunist idarəçilik sistemindən şəxsi idarəçilik sisteminə keçirməyi bacardı. O, Stalinizmin qan və ölüm aparatının ən sərt illərində hakimiyyət dəhlizlərində formalaşıb. Əliyev 1945-ci ildə 22 yaşında olarkən həm Kommunist Partiyası, həm də "KQB” (Dövlət Təhlükəsizlik Komitəsi) ilə əlaqələrini qurur. Karyerası ərzində dövrün tələblərinə uyğun hərəkət edərək, ondan istənilənləri "layiqincə” yerinə yetirərək, Azərbaycan rəhbərliyinə, "KQB”nin başçılığına, general-mayor rütbəsinə qədər irəliləməyi bacarır. Hətta Sovet Imperiyası illərində yeganə müsəlman siyasi xadim olaraq "Politbüro”nun üzvlüyünə qədər yüksəlir.
Brejnevə bağışlanan brilyant üzük
Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi postunu tutduğu illərdə rüşvət və korrupsiya halları bütün sferalara sirayət etmişdi. Cəmiyyətin bütün təbəqələri bundan xəbərdar idi. Buna misal kimi, Əliyevin SSRI rəhbəri Leonid Brejnevə qiymətli brilyant üzük bağışlamasını göstərmək olar. O, sovet iyerarxiyasından ayrılmasını çox yaxşı hesabladı. Azərbaycanda yenidən hakimiyyətə gəlməyi bacardı. Iştirak etdiyi seçkilərdə lehinə 98.8 faiz səs yazdırdı. 10 il hakimiyyətdə olduqdan sonra səhhətində ciddi problemlər yaranarkən 2003-cü ildə iqtidarı oğlu Ilham Əliyevə ötürdü.
Səddam, Mübarək, Qəzzafi, Əsəd kimi...
Hakimiyyətin ötürülməsilə bağlı tarixə diqqət yetirsək, müsəlman dünyasında Səddam Hüseyn, Hüsnü Mübarək və Müəmmər Qəzzafi rejimlərini görə bilərik. Həmin liderlər hakimiyyətlərini övladlarına irsən ötürməkdə israrlı idilər. Hətta bunun üçün plan və sistemlər də hazır vəziyyətə gətirilmişdi. Suriyada keçmiş prezident Hafiz Əsəd oğlu Bəşər Əsədin ölkədə hakimiyyətə yiyələnməsi işini "uğurla” başa çatdırmağı bacardı. Ata Əsəd dünyasını dəyişdikdən sonra Bəşər Əsəd Suriyada hakimiyyətə yiyələndi. Bəşər Əsəd və Ilham Əliyev atalarının ötürdüyü hakimiyyətin legitim olmasına dair illüziyaları qorumaq və möhkəmləndirməkdə israr edirlər. Bakı küçələrində asılmış nəhəng portretlər Suriyada etirazçıların yandırdığı Hafiz-Bəşər Əsəd portretlərilə oxşarlıq təşkil edir.
YAP-ın ideoloqu Ramiz Mehdiyevdir
Azərbaycanda hakimiyyətin yuxarı təbəqələrində təmsil olunanların adlarını çəkərkən insanların ehtiyat etdiklərini sezmək asandır: "Ilham Əliyev, Yeni Azərbaycan Partiyası...”
YAP barəsində deyilənlər mənə Kommunist Partiyasını xatırlatdı. Onlar bir-birinin eynidir. YAP-ın ideoloqu Ramiz Mehdiyevdir. O, kommunist-ideologiya məktəbinin rəhbərlərindən biridir.
Söz azadlığı təhlükə altındadır
Azərbaycanda söz azadlığı üzərində hökumət nəzarəti mövcuddur. Bir neçə il əvvəl tənqidçi jurnalist Elmar Hüseynov qətlə yetirildi. Hadisəyə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Azərbaycanda təxminən 16 jurnalist müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub, 1-3 il arasında azadlıqdan məhrum olunublar, fiziki-psixoloji təzyiqlərə məruz qalıblar.
Sovet hakimiyyəti illərində media üzərində total nəzarət mövcud idi. Indi isə Azərbaycanda hakimiyyətin yuxarı təbəqələrində jurnalistləri cəzalandırmaq üçün kriminal briqadalar saxlanılır. Jurnalist özü-özünü müdafiə etməli, qorumalıdır.
Ölkənin sərvətləri hakim ailənin və 5-6 nazirin əlindədir
Ölkənin təbii sərvəti, neftdən gələn gəlirlər prezidentin, birinci xanımın, prezidentin iki qızı və bir oğlunun, həmçinin hakim ailəyə yaxın olan 5-6 nazirin əlində cəmlənib. Həmin nazirlər ailəyə sadiq qalmaları müqabilində mükafatlandırılır. Bu nazirlərdən birinin 250 şirkəti var. Onların hamısının korrupsiya tarixçəsi var. Tikinti, nəqliyyat, kommunikasiya və s. sahələr üzərində nazir-oliqarx monopoliyası mövcuddur. Rüşvət biznes qurmağın "qanuni” yoludur. Rüşvət ödəmədən biznes qurmaq, onu genişləndirmək mümkün deyil.
Ilham Əliyevin eqoizmi...
Bakının mərkəzində bəzi mağazalar inşa edilsə də, onlardan istifadə olunmur. Çünki həmin mağaza və tikililər pulların yuyulması funksiyasını daşıyır.
Neft gəlirlərindən ölkədə azadlıqları boğmaq, liberal islahatları ləngitmək, korrupsiya və ədalətsizliyi möhkəmləndirmək üçün istifadə olunur. Çoxları bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyini söyləyir.
Tezliklə, yaxud qısa zaman sonra "Ərəb baharı” və ya buna bənzər hadisələr Xəzər sahillərinə də çatacaq. Ilham Əliyevin səhvləri və eqoizmi kifayət edir ki, yorulmuş sülalə hakimiyyəti sürətlə uğursuzluğa yuvarlansın.