Главная » 2011»Июнь»19 » Müxalifətin polis üçün “sürprizləri”(Video)
22:03
Müxalifətin polis üçün “sürprizləri”(Video)
İctimai Palata – demokratiya uğrunda vətəndaş hərəkatının bazar günü keçirdiyi aksiya coğrafi əhatə dairəsinə görə son ayların ən geniş miqyaslı aksiyası oldu. Müxalifətin azsaylı, lakin çevik qrupları gözlənilmədən şəhərin müxtəlif yerlərində - Nərimanov, Yasamal, Səbail, Nizami, Binəqədi rayonlarında peyda olaraq, "Azadlıq!”, "Siyasi məhbuslara azadlıq”, "İstefa!” şüarları səsləndiriblər.
Polisin şəhərin bir çox meydan və parklarını nəzarətə baxmayaraq, bəzi yerlərdə müxalifətçilər kiçik yürüşlər təşkil etməyə müvəffəq olublar.
Belə ki, 40-a yaxın müxalifət tərəfdarı metronun "İnşaatçılar” stansiyasının yanından keçmiş "Qələbə” kinoteatrına doğru yürüş ediblər. Polislər gələnə qədər aksiya iştirakçıları həyətlərə "dağılışıblar” və saxlanılan olmayıb.
50-yə yaxın müxalifət tərəfdarı Ayna Sultanovanın abidəsinin yaxınlığında aksiya keçiriblər.
Metronun "Neftçilər” stansiyasının yaxınlığındakı parkda aksiya polis üçün gözlənilməz hal olub. Hakimiyyəti buraya tələsik polislərlə dolu avtobus göndərmək məcburiyyətində qalıb. Onlar bağda olan hər kəsi, hətta burada istirahət edən və aksiyaya heç bir aidiyyatı olmayanları belə oradan qovublar. Bu zaman 5 nəfər, o cümlədən AXCP fəalı Seymur Həziyev saxlanılıb.
Müxalifətçilərin daha bir qrupu bulvarda Kukla Teatrının yaxınlığında peyda olub. Burada 12 nəfər, o cümlədən AXCP sədr müavini Gözəl Bayramova və İctimai palatanın fəalı Yeganə Əmiraslanova saxlanılıb.
Saxlanılanlar arasında "Müsavat” fəalı Yaşar Türkazər, gənc fəal Turqut Qəmbər (Müsavat başqanı İsa Qəmbərin oğlu) və digərləri də var. Ümumilikdə 40-a yaxın aksiya iştirakçısı saxlanılıb.
"Nərimanov” kinoteatrının qarşısında, metronun "Gənclik”, "Elmlər Akademiyası” stansiyalarının yaxınlığında və s. yerlərdə də kiçik aksiyalar keçirilib.