Главная » 2011»Июнь»27 » Medvedev Qarabağ üzrə vasitəçiliyi dayandıracağı ilə hədələyir
12:43
Medvedev Qarabağ üzrə vasitəçiliyi dayandıracağı ilə hədələyir
Rusiya prezidenti Dmitri Medvedev Kazan sammitinin yekunlarından o qədər məyus olub ki, vasitəçilik missiyasını dayandırmağa hazırdır, bu barədə Moskvanın "Kommersant” qəzeti yazır.
O, cənab Əliyev və Sarkisyanın növbəti görüşünü yanlız o şərtlə təşkil edəcək ki, həmin görüşdə Ermənistan və Azərbaycan prezidentləri nəhayət Qarabağ nizamlanmasının prinsipləri haqqında sənəd imzalasınlar.
Sammit ərəfəsində vasitəçilər Bakı və Yerevanı sənəd imzalamağa məcbur etmək üçün onlara böyük təzyiq göstərirdilər. Kazan görüşündən bir gün əvvəl Fransa prezidenti Nikola Sarkozi məktub yazaraq, Azərbaycan və Ermənistan liderlərini "cəsarət və müdriklik nümayiş etdirərək, sülhün lehinə qəti seçim etməyə” çağırıb. ABŞ prezidenti Barak Obama isə İlham Əliyev və Serj Sarkisyanı saziş imzalamağa razılaşdırmaq üçün onlara şəxsən zəng edib.
Lakin Kazanda "yol xəritəsi” imzalamaq mümkün olmayıb. Bunun əvəzində bir saatdan çox davam edən görüşün iştirakçıları qısa bəyanatla vəziyyətdən çıxdılar. Görüşdə Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupunun həmsədrlərinə təşəkkür etdilər və "RF prezidentişin şəxsi səylərini yüksək qiymətləndirdilər”. Danışıqların mahiyyətinə görə isə sammit iştirakçıları yalnız bildirdilər ki, "bəzi məsələlər üzrə qarşılıqlı anlayış əldə edilib ki, onların həlli əsas prinsiplərin təqdir edilməsi üçün şərait yaradır”. Danışıqlara yaxın mənbənin sözlərinə görə, bu o deməkdir ki, tərəflər sadəcə olaraq "növbəti dəfə mübahisəli qalan məsələləri müəyyən ediblər”.
Qəzetin danışıqlar prosesində iştirak edən diplomatlardan olan mənbəyinin sözlərinə görə, Kazan görüşündə gözlənilmədən vasitəçilərin çoxdan həll olunmuş hesab etdikləri fikir ayrılıqları üzə çıxıb. "Burada həm texniki xarakterli, həm də Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması kimi əhəmiyyətli məsələlər var, - deyə mənbə izah edib. – Amma problem hətta fikir ayrılıqları olmasında belə deyil, tərəflərin bir neçə dəfə mövqelərini dəyişməsindədir. Belə olmaz”.
"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan qalan problemləri həll etmək qətiyyəti nümayiş etdirməsələr, bu vasitəçilik missiyasının başa çatdığını hesab edəcəyik”, deyə həmsöhbət xəbərdarlıq edib. Bundan başqa, onun sözlərinə görə, Dmitri Medvedev faktiki olaraq münaqişə iştirakçılarına ultimatum verib: növbəti üçtərəfli sammit yalnız o halda keçirilə bilər ki, həmin görüşdə Qarabağ üzrə hazırlanmış plan imzalansın. "Artıq görüş yalnız hər iki tərəf nizamlanma prinsipləri ilə bağlı sənədi imzalamağa hazır olduqlarını qəti şəkildə bəyan etdikləri halda keçiriləcək”, deyə Kremldəki mənbə qəzetə bildirib.