Masallıda dindarlar Araz Quliyev, Ziya Tahirov və Rza Ağalıya xuliqanlıq ittihamı ilə cinayət işi açılıb. Məlumat sentyabrın 10-da yayılıb. "Media forum” saytının sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə xəbəri təsdiqləyib.
Şöbə rəisinin sözlərinə görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: "Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə cinayət işi açılıb”. Tutulanlardan biri – Araz Quliyev Masallıda yaradılmış dini yönümlü "Xeber44.com” saytının rəhbəridir.