Bakı Apellyasiya Məhkəməsi "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu ev dustaqlığına buraxmaqdan imtina edib. Məlumatı "Media forum” saytına vəkil Cavad Cavadov verib.
Cavad Cavadov bildirib ki, sentyabrın 1-də Nəsimi Rayon Məhkəməsi Hilal Məmmədovun ev dustaqlığına buraxılması müraciətini təmin etmədiyindən apellyasiya şikayəti veriblər: "Şikayətə sentyabrın 10-da hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxıldı. Mən və digər vəkil Ramiz Məmmədov ittihamların qanunsuz olduğunu vurğuladıq, eyni zamanda Hilal Məmmədovun həbsdən buraxılmasının istintaqın gedişinə mane olmayacağını bildirdik. İstintaq nümayəndələri isə ümumi sözlərlə fikirlərini əsaslandırmağa çalışdılar, Hilal Məmmədovun həbsdə saxlanmasında israr etdilər. Sonda hakim Sahibxan Mirzəyev Nəsimi məhkəməsinin qərarının dəyişdirilmədən saxlanıldığını elan etdi”.
Vəkilin sözlərinə görə, prosesdə Hilal Məmmədov da çıxış edib. O, təqsirsiz olduğunu deyib və zindanda olsa belə, özünü hakimlərdən daha azad hiss etdiyini vurğulayıb.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. O, Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma), 274 (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.