Almaniyada səfərdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 3-də Esslingen am Neckar şəhər şurasının üzvləri ilə görüşüb. Mayın 5-də burada ona beynəlxalq mükafat təqdim ediləcək.
Leyla Yunusun Turan-a verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu Azərbaycan vətəndaşlarının mülkiyyətinin qanunsuz olaraq əllərindən alınması və Azərbaycanda yeganə Qadın Krizis Mərkəzinin ofisinin vəhşicəsinə məhv edilməsi problemi olub.
Azərbaycanın paytaxtında fəaliyyət göstərən polis və məhkəmə hakimiyyəti orqanlarının (AR Ali Məhkəməsi daxil olmaqla) fəal iştirakı ilə vətəndaşların mülkiyyətinin qanunsuz olaraq əllərindən alınması korrupsiya mexanizmi haqqında məlumat alan şəhər şurasının deputatları eşitdiklərindən və gördüklərindən (video nümayişi) heyrətə gələrək, ritorik sual veriblər:
"Qanunun işləmədiyi və təməl insan hüquqlarının, fundamental mülkiyyət hüququnun pozulduğu bir ölkənin hansı perspektivi ola bilər?”.
Almaniya vətəndaşları üçün ölkə Konstitusiyasına zidd olaraq və prezidentin şəxsi göstərişi ilə vətəndaşların evlərinin məhv edildiyini və prezidentin şifahi olaraq səsləndirdiyi məbləğ əsasında kompensasiya verilməsini təsəvvür etmək çox çətin idi.
Meriya nəzdində fəaliyyət göstərən qadınların birlik komitəsi və "Qadınlar qadınlara kömək edir” cəmiyyəti 2001-ci ildən 2011-ci ilə qədər 13 mindən çox qadına kömək göstərmiş və 2011-ci il avqustun 11-də bir neçə dəqiqə ərzində buldozerlə məhv edilmiş Qadın Krizis Mərkəzinin taleyindən heyrətə düşüb.
QHT-lər haqqında qanunvericiliyə qəbul edilmiş mürtəce düzəlişlər haqqında danışan L.Yunus qeyd edib ki, onlar qadın hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən təşkilatların işini də kəskin şəkildə çətinləşdirəcək. L.Yunus qadın hüquqlarını müdafiə edən və avtoritar rejimin təzyiqi altında olan Azərbaycan QHT-ləri ilə həmrəylik kampaniyası təşkil etməyə çağırıb.
Çıxış edən Esslingen am Neckar-ın vətəndaş cəmiyyəti fəalları Leyla Yunusla əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər (contact.az).