Ələt-Astara avtomobil yolunu tikən inşaatçılar əmək haqqının aşağı və əmək şəraitinin pis olmasına etiraz olaraq bu gün tətilə başlayıblar.
Şənbə günü səhər saatlarından etibarən onlar Salyan rayonunun Çuxanlı kəndində, "Azəryolservis” dövlət şirkətinin sifarişi ilə həyata keçirilən layihənin əsas podratçısı olan İtaliyanın Todini şirkətinin ofisinin həyətində toplaşıblar.
"Demokratiyaya yardım” regional QHT-nin rəhbəri Emil Məmmədovun Turana verdiyi məlumata görə, fəhlələr ayrı-seçkiliyə qarşı etiraz edirlər. Belə ki, əcnəbi işçilər ayda 2-3 min avro maaş alır, Azərbaycanlı heyətə isə 200-500 manat əmək haqqı verilir. Azərbaycanlı əməkdaşları şənbə və bazar günləri də daxil olmaqla, bütün gün işləməyə məcbur edirlər və buna görə əlavə pul ödəmirlər.
Bununla yanaşı, yaşayış və qidalanma şərtləri də əhəmiyyətli dərəcədə fərqlənir. Əcnəbilər təmiz yeməkxanada yemək yeyir, yerli işçilər isə antisanitariya şəraitində. Azərbaycanlı işçilərin yemək pulu da tutulur.
Yerli işçilər kiçik vaqonlarda hər birində 6 nəfər olmaqla, əcnəbilər isə iki-iki yaşayır. Azərbaycanlı əməkdaşlara köhnə iş paltarı və ayaqqabısı verilir.
Bundan başqa, fəhlələr 1-2 ay müddətinə bağlanan əmək müqavilələrinin qısamüddətli olmasından narazıdırlar. Bu, şirkətə hüquqlarına riayət olunmasını tələb edən şəxslərdən xilas olmağa imkan verir.
Yerli fəhlələr əcnəbilərdən ibarət mühəndis heyətinin qovulmasını və daha ədalətli əmək şərtlərinin təmin edilməsi üçün işlərin Azərbaycan şirkətlərinə verilməsini tələb edirlər.
Tikintidə ümumilikdə 500-ə yaxın yerli işçi çalışır.
İş günü olmadığı üçün qarşı tərəfdən şərh almaq mümkün olmayıb. Ələt-Astara yolunun tikintisi (nəqliyyat qovşağından 70 km. Bakıdan cənuba İran sərhədinə doğru) bu ilin fevralında başlanıb və 2013-cü ildə başa çatacaq.