Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutan Kazan görüşündə bəzi məsələlərdə anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. Görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıblar.
Sənəddə prezidentlər qeyd edirlər ki, "əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”. Onlar baza prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sargsyan danışıqlara vasitəçilik edən ATƏT-in Mİnsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransaya "Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamalarına” görə təşəkkür ediblər. Əliyev və Sargsyan Rusiya prezidenti Medvedevin danışıqların baş tutması və razılığın əldə ediləsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.
Rusiya prezidenti Dmitriy Medvedev, Ermənistan prezidenti Serj Sargsyan və Azərbaycan prezidenti İlham Əliyevin birgə görüşü 3 saata yaxın davam edib.
Görüşdən öncə digər həmsədr ölkələrin - ABŞ və Fransanın liderləri də tərəfləri münaqişənin həllinə dair baza prinsiplərini imzalamağa çağırmışdılar.