Jurnalist İdrak Abbasova qarşı təzyiqlər davam edir
Sentyabrın 9-da ailə üzvləri "Binəqədioyl”un mühafizə xidməti tərəfindən fiziki zorakılığa məruz qalan jurnalist İdrak Abbasov sentyabrın 10-da təqibə məruz qalıb. Bu haqda Turan-a jurnalist özü bildirib.
Onun sözlərinə görə, dünənki zorakılıqla əlaqədar xəstəxanaya düşən ailə üzvlərinə öz avtomobilində yemək apararkən "KU-342” nömrəli "Mersedes” avtomobili onu təqib etməyə başlayıb. Avtomobildə olanlar jurnalistdən dayanmağı tələb ediblər. Lakin İ.Abbasov 20 yanvar dairəsində avtobusların arasına girərək təqibçiləri azdıra bilib.
Xəstəxanada yatan ailə üzvlərinin durumu haqda açıqlama verən İ.Abbas atası ilə qardaşının səhhətinin sabitləşdiyini, anasının vəziyyətinin isə hələ də kritik olduğunu qeyd edib. "Mənə və ailə üzvlərimə qarşı baş verən bu qanunsuzluğun, qəddarlığın səbəbləri hələ də aydın deyil”, - o, bildirib.
İ.Abbasov bugünkü təqiblə əlaqədar DİN-in 102 saylı növbətçi hissəsinə müraciət edib. Ona təkrar zəng edərək Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə müraciət etməyi məsləhət görüblər.
İ.Abbasovun valideynlərinin Sulu Təpədəki evinin dağıdılmasına gəlincə, işin araşdırılması ilə bağlı DİN-dən məlumat daxil olmayıb.
Xatırladaq ki, təhlükəsizlik xidmətinin bir qrup əməkdaşı İ.Abbasovun valideynlərini, qardaşını və digər ailə üzvlərini döyüblər. Ekskavatorla onların hasarı və evin divarı dağıdılıb.