Главная » 2011»Март»9 » RATİ: Polis tərəfindən izlənilmə real təhlükədir
19:35
RATİ: Polis tərəfindən izlənilmə real təhlükədir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyanat yayaraq, martın 7-də iki əməkdaşının saxlanılmasını mətbuat azadlığına təzyiq kimi qiymətləndirib.
RATİ-nin bəyanatında deyilir ki, təşkilatın əməkdaşları faktiki olaraq oğurlanıblar ki, bu da cinayətdir. Belə ki, martın 7-də fotoreportyor Mehman Hüseynov və sürücü Əbülfət Namazov təşkilatın xidməti avtomobilindən düşürərək, qollarını burub və zorla müxtəlif maşınlara oturdaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər və rəisin kabinetində sorğu-sual ediblər.
Hüseynovu Facebook saytındakı yazıları və Youtube-da yerləşdirdiyi videoroliklərlə bağlı sorğu-sual ediblər. Onun gənclər tərəfindən martın 11-də keçirilməsi planlaşdırılan etiraz aksiyalarında iştiraka çağırışın təşkil edilməsinə aidiyyatı olub-olmadığını da aydınlaşdırmağa çalışıblar.
Namazovdan RATİ-nin əməkdaşlarının sayı, onların əmək haqları, RATİ sədri Emin Hüseynovun yaşayış yeri və s. soruşublar. Polislərin söhbətlərindən RATİ-nin bir sıra əməkdaşları, xüsusilə də RATİ sədri və onun ailə üzvlərinin daim izlənildiyi aydın olub.
Hüseynovu İnternetdə fəaliyyəti ilə bağlı izahat yazmağa vadar ediblər. Hüseynov və Namazov 2 saatdan artıq idarədə saxlandıqdan sonra sərbəst buraxılıblar. Polis təşkilatın xidməti avtomobilini də geri qaytarıb. Sürücü maşına baxış keçirib və maşının salonunda axtarış həyata keçirildiyini aşkarlayıb.
RATİ əməkdaşlarına saxlanmaları barədə heç bir rəsmi sənəd təqdim edilməyib.
RATİ bütün bunları həm təşkilatın əməkdaşlarına, həm də bütövlükdə təşkilatın özünə təzyiq və təhlükə kimi qiymətləndirir.
RATİ beynəlxalq ictimaiyyəti, xüsusilə BMT, ATƏT və Avropa Şurasını Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə münasibətdə aqressiyaya son qoyulması tələbi ilə ölkə hakimiyyətinə təsir göstərməyə çağırır.