Avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalov (1980-ci ildə anadan olub) Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və geri qayıtmayıb.
Avqustun 28-də T.Zeynalovun valideynləri, həyat yoldaşı və qardaşı MTN-ə gələrək açıqlama tələb ediblər. Cavab almayan qohumları yerli jurnalistlərə və hüquq müdafiəçilərinə müraciət ediblər. Turacın İsa adlı qardaşı RATİ-nin Naxçıvandakı müxbirinə bunları söyləyib: "Avqustun 24-də qardaşımı MTN-nə çağırmışdılar. Ancaq nə üçün çağırıldığını bilmirdi. Qardaşım həmin gün evdən çıxıb qayıtmayıb. Bir gün sonra biz onun MTN-də olduğunu öyrəndik. Onunla görüş tələb etdik. Onda onu başına torba keçirilmiş halda atama və həyat yoldaşına göstərdilər. O qədər döymüşdülər ki, yeriyə bilmirdi”.
Mərhumun atası Şuriyyə Zeynalov deyib: "Bizə dedilər ki, oğlun vətən xainidir. O, İrana işləyir. Mən sübut etdim və bildirdim ki, oğlum elə bir iş görməz. Onu məcbur edirdilər ki, xain olduğu haqqında ərizəyə imza atsın. O da bunu etmədiyinə görə döyüb öldürüblər”.
İ.Zeynalov qeyd edib ki, MTN-dən Turacın cəsədi gizlicə mərkəzi xəstəxananın meyitxanasına aparılıb. Avqustun 28-də isə qohumlarına xəbər verilmədən öz kəndinə aparılıb.
Yaxınlarının sözlərinə görə, Turacın bədənində göy ləkələr, qancır izləri olub. Başı eybəcər hala salınıb. Ailə ölümün səbəbləri ilə bağlı heç bir sənəd, tibbi rəy almayıb. Zeynalovların hakimiyyətə müraciətləri cavabsız qalıb.
Valideynlər yerli hava limanında texniki işçi olan oğullarının "İrana işləməsinin” nədən ibarət olmasından baş açmırlar.
Turacdan başqa daha dörd nəfər Naxçıvan sakini MTN-ə çağırılıb. Onların da taleyi məlum deyil.
Jurnalistlər Zeynalovlar ailəsi ilə söhbət zamanı MTN işçilərinin təzyiqlərinə məruz qalıblar. Onlar jurnalistlərdən fotokameranı və diktofonu almaq istəyiblər.
MTN-nin Rəfail Əsədov adlı əməkdaşı "Turan”ın müxbiri Məlahət Nəsibovanı təhqir edərək onu "xalq düşmənləri” ilə əməkdaşlıqda ittiham edib. Bir qədər sonra MTN işçiləri Nəsibovanı nazirliyə çağırıblar, lakin o getməyib.
Yerli hüquq müdafiəçiləri yaranmış vəziyyətlə və həbs olunmuş digər gənclərin taleyilə bağlı ciddi narahatlığını bildirir. MTN baş verənlərlə bağlı heç bir şərh vermir. Naxçıvanda müstəqil vəkil yoxdur və yerli hakimiyyət heç kimin qarşısında hesabat vermir.
Zeynalovlar ailəsinin üzvlərinə qarşı repressiyalar davam edə bilər və hətta onları ruhi xəstəxanaya yerləşdirə bilərlər. Bu, yerli çekistlərin və polislərin sevimli metodudur.
Jurnalistlərin Azərbaycan MTN və DİN-dən şərh almaq cəhdlərinə cavab olaraq həmin qurumlardan bildirilir ki, bu, Naxçıvandır və Bakı onların işinə qarışa bilməz.