"Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bəyanat yayaraq saxlandığı Bakı İstintaq Təcridxanasında problemlər yaşadığını və səhhətinin pisləşdiyini deyib.
Bəyanatda qeyd olunur ki, iki ay öncə saxlandığı ikinəfərlik kameraya Abuzərov Cəbrayıl Adil oğlu adlı şəxs göndərilib: "Elə ilk təmasdan onun xəstə olduğunu, müəyyən ruhi-psixi çatışmazlığını hiss etdim. Özü də real vəziyyəti – dərmanlarla yaşadığını məndən gizlətmədi. O, əvvəlki 2 ayı (4 aydır təcridxanadadır) 4 nəfərlik kamerada keçirib, məhbus yoldaşlarına artıq mənəvi əziyyət verməməkdən ötrü ikinəfərlik kameraya köçürülməsini xahiş edib. Bütün vasitələrlə ona yardım etməyə çalışıram. Hərçənd elə özüm də astma xəstəliyindən əziyyət çəkirəm və dərdimə bir çarə qılan yoxdur. Bu son 10 gündə hər gün ən ağır iynələr və dərmanlar qəbul edir, ancaq xəstəxanaya yerləşdirilmir. Artıq yuxusuzluqdan da xeyli üzülmüşəm, belə ki, istənilən vaxt özünə və mənə qəsd edə bilər. Bu barədə rəhbərliyə, tibb məntəqəsinə və az qala bütün personala dəfələrlə xəbər versəm də, heç bir tədbir görülmür”.
Xatırladaq ki, "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə əalvə ittiham irəli sürülüb.