Главная » 2013»Март»20 » Hilal Məmmədovla bağlı yeni kampaniya başlanılıb
00:18
Hilal Məmmədovla bağlı yeni kampaniya başlanılıb
Martın 17-də həbsdə olan hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla bağlı avaaz.org saytında "Hilal Məmmədova Azadlıq” adlı kampaniyaya başlayıb. Bu barədə gozetci.az portalına kampaniyanı başladan fəal talış gənci Azər Kazımzadə məlumat verib.
Onun dediyinə görə, bu kampaniyaya 10000 səs lazımdır. "Bundan sonra Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara Hilal Məmmədov azadlığa buraxılması üçün müraciət olunacaq”, - deyə o, bildirib.
Azər Kazımzadə bütün hüquq müdafiəçilərini, gəncləri, jurnalistləri, müxalifət partiyalarını və bütün demokratik qüvvələrini bu kampaniyaya dəstək verməyə çağırır.
Hilal Məmmədov ötən ilin iyun ayının 21-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ona qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə prosesi gedir. Məhkəmə prosesi qapalı keçirilir. H.Məmmədov və onun hüquqlarını müdafiə komitəsi ona qarşı irəli sürülən ittihamları əsasız və siyasi sifariş olduğunu bildirir, məhkəmənin qapalı keçirilməsinə etiraz edilər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu hesab edirlər (http://gozetci.az).