«Əli Əliyev siyasətçidən daha çox sifarişlər icra edən şəxsə çevrilib»
Vətəndaş və Inkişaf Partiyası (VIP) "EL” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevi xüsusi ittiham qaydasında məhkəməyə verməsi Azərbaycanda bir ilk oldu. Bununla ölkədə ilk dəfədir ki, bir siyasətçi digərini məhkəməyə verir. VIP iddia edir ki, Eldəniz Quliyev müxtəlif media orqanlarında partiya, Əli Əliyev və təşkilatın üzvlərinə qarşı işlətdiyi ifadələr cinayət məsuliyyəti yaradır.
"Azərbaycanın ictimai-siyasi həyatında nəinki çəkisi, heç hörməti də olmayan VIP-in mənə qarşı məhkəmə iddiası bu addımın sifarişli olduğunu deməyə əsas verir”. Bu sözləri qəzetimizə açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, sadəcə olaraq ona qarşı hücumların məqsədi Milli Şuraya müəyyən dərəcədə əngəllər törətməkdir. E.Quliyevin fikrincə, VIP bu addımlarına görə, hakimiyyətin onlara sağol deyəcəyini düşünürdü. Amma hadisələr heç də düşünüldüyü kimi cərəyan etmədi: "Mənim cavabımdan sonra onlar mənim şəxsimə təhqirə keçdilər və ləyaqətimə toxunmağa başladılar. Bu heç şübhəsiz idarə olunan prosesdir. Bəlkə də bir siyasi sifarişdir ki, VIP vasitəsilə həyata keçirilir”.
VIP-lə bağlı məsələnin Milli Şuranın Koordinasiya Mərkəzində müzakirəyə çıxarıldığını deyən E.Quliyev vurğuladı ki, təşkilatın sədri Cəmil Həsənli sona qədər onu müdafiə edəcəklərinə söz verib. Milli Şuraya qarşı bundan əvvəl aparılan kampaniyanın ən fəal üzvlərindən birinin məhz Ə.Əliyev olduğunu deyən E.Quliyevin fikrincə, o, siyasətçidən daha çox sifarişlər icra edən şəxsə çevrilib. Amma mən baş verənlərə "yel qayadan nə aparar” prinsipi ilə yanaşıram. Milli Şura olaraq bizim məqsədimiz, məramımız, hədəflərimiz var. Avtoritarizmdən demokratiyaya keçidi qarşımıza mübarizə məqsədi kimi qoymuşuq. Biz öz yolumuzla gedirik. Hər hansı Əli Əliyevlər və ya VIP kimi partiyalar bizi yolumuzdan sapdıra bilməyəcək" (Azadlıq Qəzeti).