Ümumdünya Mətbuat Azadlığını Müdafiə Günündə Vaşinqtonun Newseum adlanan mətbuat muzeyində yeni stendlər yaranıb. Onlar arasında vəzifəsini həyata keçirərkən qətlə yetirilmiş yeddi Azərbaycan jurnalistinin adları və fotoşəkilləri də var.
Qeyd edək ki, bu muzey ABŞ paytaxtında Kapitolinin yaxınlığında yerləşir və Amerikanın ən çox ziyarətçisi olan muzeyləri arasındadır.
Muzey öz-özlüyündə söz azadlığının rəmzidir. Ziyarətçi girişdə din, söz, mətbuat, toplaşmaq və birləşmək azadlıqlarına zəmanət verən ABŞ Konstitusiyasına birinci düzəlişlə qarşılaşır.
Muzeydə bu və ya digər ölkədə söz azadlığının səviyyəsini nümayiş etdirən ölkələrin xəritəsi də var. Yaşıl rənglə qeyd edilmiş ölkələr azaddır, qırmızıya yaxınlaşdıqca isə qeyri-azad ölkələr göstərilir. Azərbaycan dünyanın 193 ölkəsi arasında qırmızı rənglə göstərilib.
Qətlə yetirilmiş jurnalistlər siyahısında yeddi həmvətənimizin – Elmar Hüseynov, Rafiq Tağı, Alı Mustafayev, Adil Bünyatov, Novruzəli Məmmədov, Çingiz Mustafayev, Fəxrəddin Şahbazovun adı var.