Gənclərin bu günə təyin edilmiş hökumət əleyhinə "Böyük xalq günü" aksiyası Bakının müxtəlif yerlərində baş tutub.
Bir qrup gənc Bülbül prospekti istiqamətində yürüş edib.
Lakin Səməd Burğun küçəsi ilə kəsişmədə Nəsimi bağında polis onların qarşısını kəsib və dağıtmağa başlayıb. Bir neçə nəfər, o cümlədən məşhur jurnalist Şahvələd Çobanoğlu, "Azadlıq" qəzetinin əməkdaşları Elvin Həsənli, Əfqan Muxtarlı, hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb.
Get-gedə yeni etirazçı qruplarının ortaya çıxması əksəriyyəti mülki geyimdə olan polislərin qəzəbinə səbəb olur. Onlar jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı fiziki zor tətbiq edilib, onları təhqir edilib.
Polislərdən biri Turan agentliyinin fotoreportyoru Etimad Budaqovun qarın nahiyəsinə təpiklə vurub, baxmayaraq ki, onun əynində jurnalist olduğunu göstərən gödəkçə var idi.
Bir qrup gənc Bakı Dövlət Universiteti yaxınlığında aksiya keçirib. Onlar universitetdən şüarlar səsləndirə-səsləndirə metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində yürüş ediblər. Metro stansiyasının yaxınlığında aksiyanın dörd iştirakçısı saxlanılıb.
Bundan əvvəl polis dəmir yol vağzalı yaxınlığında təxminən 15 nəfəri saxlayıb.