Главная » 2012»Ноябрь»11 » Azərbaycan: Avtoritarizmdən mürtəce ailə diktaturasına doğru
21:38
Azərbaycan: Avtoritarizmdən mürtəce ailə diktaturasına doğru
Azərbaycanın dövlətçilik tarixi qısadır. 1918-1920-ci illərdə iki il və 1991-ci ildən bəri 21 il. Dövlətçiliyin üst-üstə 23 illik tarixi vardır. Bu 23 illik müddətdə Azərbaycan yalnız və yalnız 2 il (1918-1920) demokratik şəraitdə yaşamışdır. 21 illik yeni müstəqillik dövründə demokratiya sözü hər fürsətdə və hər hakimiyyət tərəfindən hallandırılsa da, Azərbaycan xalqına heç bir hakimiyyət demokratiya bəxş etməmişdir. Keçən 21 ilin 2 ili kənardan və daxildən məkrli təxribatlar nəticəsində xaos və hərcmərclik şəraitində keçmişdir. Qalan 19 ili isə Azərbaycanda dövlətçiliyin inkişafına yox, güclü dövlət quruluşuna yox, avtoritar ailə hakimiyyətinin yaradılmasına və gücləndirilməsinə, habelə ölkənin bütün yeraltı və yerüstü sərvətlərinin mənimsənilməsinə və bir klan tərəfindən özəlləşdirilməsinə sərf edilmişdir.
1993-cü ildən sonra Azərbaycanda dövlətçilik ideyası hakimyyət hərisliyinə qurban verilmişdir. 1993-cü ildən sonra Azərbaycan avtoritar rejimdən mürtəce diktatura istiqamətində irəliləmişdir, daha doğrusu geriləmişdir. Və nəhayət 1993-cü ildən sonra Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi amalı bir ailənin sülalə hakimiyyətinin yaradılmasına, bütövlükdə xalqı hakim ailəyə itaət etməyə vadar etmək üçün dövlətin bütün orqanlaını bir sərsəm ideya ətrafında səfərbər etməklə əvəz edilmişdir. Məqsəd dövlətçiliyin zəifləməsi hesabına sülalə və klan hakimiyyətini gücləndirməkdir.
İlham Əliyevin imzaladığı "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərdən məqsəd xalqı konstitusiyada verilən bütün azadlıq və hüquqlardan məhrum etmək, ölkədə mürtəce diktatura yaratmaqdır. Dövlətçiliyi zəiflədərək, xalqı hüquqsuz vəziyyətə salaraq, vətəndaşları öz hüquqlarını müdafiə etmək imkanından məhrum edərək bu hakimiyyət, Azərbaycanın dövlət kimi inkişafına maneçilik törətməkdə davam edir. Çünki dövlətçiliyi azad vətəndaşların səbəst iradəsi gücləndirir. Susdurulmuş və əli-qolu bağlanmış vətəndaşların yaşadığı dövlət, heç vaxt güclü ola bilməz...
İlham Əliyevin imzaladığı sənəd göstərir ki, dövlətin taleyi şəxsi maraqlara qurban verilir... Mirzə Xəzər 11.11.2012 http://mirzexezerinsesi.net