"Azərbaycanda vicdan məhbusu yoxdur” deyənin özünün vicdanı yoxdur Əliyevçi rejimdən söz düşəndə aktuallıq qazanan atalar sözlərindən biri, bəlkə də birincisi "Yalançının yaddaşı olmaz” deyimidir. Düzdür, bunlar "milli yaddaş” sözünü çox sevirlər, bu ifadəni tez-tez təkrarlayırlar, amma özlərinin ciddi hafizə problemi var. Məsələn, üç-dörd gün bundan əvvəl Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında ölkədə 14 vicdan məhbusu olduğunu qeyd edib. Əlbəttə, vicdan məhbuslarının sayı daha çoxdur, amma yenə də adam Allaha şükr eləyir ki, Seyidov ağlını bir vaxtlar Strasburqda yoxa çıxan kürkü ilə bərabər itirməyib, "Nə? Vicdan məhbusu? Özü də Azərbaycanda? Nə danışırsınız? Ola bilməz! Mümkün deyil! Azərbaycan demokratiyanın beşiyidir. ”Azərbaycanda vicdan məhbusu var” deyənin tutub ağzını cırarıq” janrında vay-şivən qoparmayıb.
Dünənsə bunların təyinatlı parlamentinin rəhbəri Səfa Mirzəyev elə-beləcə də dedi: "Araşdırma apardıq, Azərbaycanda vicdan məhbusu yoxdur”.
Buyurun, iki rejim sözçüsü və ortadakı analoqu olmayan təzad. Biri 14 vicdan məhbusunun varlığından danışır, o biri isə ölkədə yerli-dibli vicdan məhbusu olmadığını deyir. Doğrudan da, yalançının yaddaşı olmazmış.
Yalançıların yaddaşını təzələmək olmasın, keçən il bu vaxtlar idi. Ərəb diktatorları bir-birinin ardınca dombalaq aşır, illərdir bir nəfərin zülmü altında inləyən xalqlar qollarındakı əsarət qandallarını qırıb atır, Azərbaycanda da "ərəb baharı”nın xoş nəfəsi hiss edilməyə başlayırdı. Yaptokratların rəngi-rufu ağarmışdı, özlərini itirmişdilər. Belə günlərin birində Ilham Əliyev çıxdı, elə beləcə də dedi: "Korrupsiya alnımızda böyük ləkədir”.
Halbuki, bundan əvvəl "Azərbaycanda korrupsiya yoxdur” deyirdilər. Azərbaycanın adının nüfuzlu beynəlxalq təşkitların korrupsiya reytinqlərinin başında gəlməsini top-tüfənglə qarşılayır, "böhtandır, yalandır, ermənilərin işidir” deyib, əllərinin arxaları ilə geri çevirirdilər.
Biz yalançının yaddaşının olmadığını o günlərdə bir daha anlamışdıq, dünən yenə anladıq.
Qayıdaq Səfa Mirzəyevin açıqlamasına. Adamın gətirdiyi arqumentə baxın: adları "vicdan məhbusu” kimi çəkilənlər Cinayət Məcəlləsinin maddələri ilə ittiham edilirmiş! Guya camaat çörəyi qulağına yeyir, guya heç kim bilmir ki, Azərbaycan kimi qapalı, ədalətsiz rejimlərdə kimisə həbsxanaya atanda məhkəmə hökmünə onu məhz fərqli fikir səsləndirdiyinə, müxalif düşüncəsinə, tənqidçi mövqeyinə görə cəzalandırdıqlarını yazmırlar, sadəcə, Cinayət Məcəlləsinin dəxlisiz maddələrini işə salırlar, şərləyir və qandallayırlar.
Onsuz da artıq belə çeynənmiş "arqument” heç yerdə işləmir, ağlı başında olanlar bu "arqument”ə gülüb keçirlər, bu "arqument” sahiblərinə nifrətlə və ikrahla baxırlar. Səfa Mirzəyevin timsalında yaptokratiya isə hələ də bu cür nağıllarla özünü sudan quru çıxaracağını düşünür. Allah evini tiksin, indi heç uşaqları onları hacıleyləklərin gətirdiyinə inandırmaq olmur, sən bu boyda dünyanı "biz onları fərqli fikrinə görə həbs etməmişik, şüşə qırdığına görə tutmuşuq” yalanı iləmi aldatmaq istəyirsən? Bunu evdə nəvələrinə danış, gör heç onlar inanacaqlarmı?
Mənə ən gülməli görünən isə təyinatlı parlamentin aparat rəhbərinin "Azərbaycanda vicdan məhbusu yoxdur” qənaətinə "apardıqları araşdırma nəticəsində gəldiklərini” söyləməsi oldu. Araşdırma aparıblarmış... Bəsdirin, siz allah! Nə araşdırmabazlıqdır? Prezident Administrasiyasının bir şöbəsinə çevrilmiş, Ilham Əliyevin, Ramiz Mehdiyevin iki dodağının arasından çıxan bir kəlmə sözə tabe olan parlamentin nə həddinədir araşdırma aparmaq? Kimə kələk gəlirsiniz axı? Sizin yuxarıdan qulağınıza pıçıldanan sözü ucadan təkrarlamaqdan başqa hansı səlahiyyətiniz, ixtiyarınız var?
Amma bir halda ki, siz araşdırma apararaq Azərbaycanda vicdan məhbusu olmadığı qənaətinə gəldiyinizi belə israrla gözümüzə soxmağa çalışırsınız, o zaman mən də buradan uzun müddətdir apardığım bir araşdırmanın nəticəsini açıqlamağı boynumun borcu hesab edirəm: "Azərbaycanda vicdan məhbusu yoxdur” deyənin özünün vicdanı yoxdur!"
Elnur ASTANBƏYLİ, Azadlıq Qəzeti
|