İlk öncə, son günlər müşahidə etdiyim qəribə bir olayı Sizə nəql etmək istəyirəm: hər sübh cağı saxlandığım kameranın pəncərəsini açıb, dəmir barmaqlılar arxasında "cikkildəşən” o mübarək quşların mübarək sədalarına uyduqca, bir anlıq mən də o bəxtəvərlərdən olub, bizə vəd olunan o əbədi VƏTƏNin cənnəti-məkanın müjdəçilərindən birinə çevrilmək istəyirəm... Sübh vaxtlar, insanlar tərəfindən heç cürə "əhliləşdirilə” bilinməyən çöl (vəhşi) göyərçinləri kameramın pəncərəsindən təxminən 4-5 metrlik məsafədə olan gəzinti otağının ön divarları üstünə qonub, bir anlıq diqqətlə mənə baxır (yəqin ki, salamlayır) və sonra da orada onlar üçün ayırdığım Allah ruzisindən dadırlar…