Azərbaycan ancaq YAP-çılar və psevdo-millətçilərin vətəni deyil
Bu ölkə həm də burada doğulub, boya-başa çatan hər bir insanın VƏTƏNidir
Azərbaycan Ziyalılar Birliyi dekabrın 3-də etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda deyilir:
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) vətəndaş cəmiyyəti quruculuğu işində öz töhfəsini verməyi, eləcə də Azərbaycan dövlətçilik maraqlarını uca tutaraq, hər hansı etnik qarşıdurma və separatçılıq meyllərinə qarşı mübarizə aparmağı mühüm və taleyüklü məsələ hesab edir. Və bu amal təsis konfransında elan edilərək, Birliyin Məramnamə və Bəyanatında öz əksini tapmışdır.
Birlik respublikda, o cümlədən cənub bölgəsində mövcud olan sosial-ictimai, dini-mənəvi və mədəni problemlərin həllində aktiv iştirak etmək arzusundadır. Belə olan təqdirdə bu gün ADN DTB-ə qarşı əsassız, bir çox hallarda isə qərəzli və riyakar hücumlar acı təəssüf hissi doğurur. Xeyirxah niyyətlərlə yaranmış və ilk addımlarını atan belə bir Birliyə qarşı hakim partiya nümayəndələrinin az qala kütləvi təbliğat kampaniyasına çevirdikləri məntiqsiz təhdid, hədə, bəzən isə təhqirləri başa düşülən deyil və bu, demokratik dəyərləri qorumağı özünün prioritet vəzifəsi elan etmiş bir dövlətə qətiyyən başucalığı gətirmir.
Azərbaycan Ziyalılar Birliyi bəyan edir: Azərbaycan ancaq YAP-çılar və psevdo-millətçilərin vətəni deyil, bu ölkə həm də burada doğulub, boya-başa çatan və Azərbaycanın hər qarışını göz bəbəyi kimi qorumağı öz alınyazısı sayan, onun milli maraqlarını heç də YAP-ın yüksək çinli funksionerlərindən az istəməyən digər millətlərin və insanların VƏTƏNidir.
Eldəniz Quliyev, Azərbaycan Ziyalılar Birliyinin sədri