Azərbaycan Ziyalılar Birliyi jurnalist Hilal Məmmədova 5 il həbs cəzasının verilməsinə etirazını bildirən bəyanat yayıb. Bəyanatda deyilir:
Dövlətin əsas dayaq sütunlarından sayılan məhkəmə hakimiyyəti növbəti dəfə iflasa uğradığını nümayiş etdirdi. Azərbaycan ədalət məhkəməsi daha bir ədalətsiz qərar qəbul edərək, heç bir suçu olmayan, eləcə də heç bir qanunsuz cinayət əməli törətməyən Hilal Məmmədovu 5 il azadlıqdan məhrum etdi. O Hilal Məmmədovu ki, onun yeganə "günahı” xalqını, vətənini öz canından çox istəməsiydi. O Hilal Məmmədovu ki, onun ən "ağır cinayəti” ölkəmizi LƏYAQƏTLİ, AZAD və DEMOKRATİK məmləkətə çevrilməsini arzulamasıydı.
Hamını, o cümlədən Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların, milli azlıqlar və etnik qrupların hər bir nümayəndəsini dostluğa, qardaşlığa, bərabərhüquqlu və tolerant mövcudluq prinsiplərinə hörmətə səsləyən, mütərəqqi fikirli ziyalı bir insanı həbs etmək!.. Hər zaman haqqı-hüququ pozulanların müdafiəsinə qalxan, ölkənin ƏDALƏTİ və xalqın LƏYAQƏTİ məsələlərində zərrə qədər də olsa kompromisə getməyən işıqlı və xeyirxah bir alimi şər-böhtan və yalana söykənən qurama ittihamlarla zindana atmaq!. Bu, ən azından özbaşınalıq, qanunlara hörmətsizlik və siyasi nihilizm kimi dəyərləndirilməli və heç şübhəsiz ki, qınanmalıdır.
Bu gün artıq heç kəsə sirr deyil ki, Hilal Məmmədovun tutulması, istintaqı, daha sonra məhkəmə-prosesinin qərəzli və birtərəfli aparılması, ən başlıcası bütün bunların çeşidli qanun pozuntuları ilə müşayət olunması SİYASİ MOTİVLİDİR. Siyasi motivli, sifarişli həbslər və müvafiq məhkəmə qərarları isə, öz növbəsində qanunsuz olmaqla yanaşı, Azərbaycanın hüquqi dövlət imicini zərbə altına qoyur, beynəlxalq arenada ölkəmiz haqda mənfi rəy formalaşdırır. Həqiqətən, böyük Siseronun müdrik fikri öz təsdiqini tapır: " Məhkəmələrin sifarişlə işləməsi, onun rüşvətlə işləməsindən daha acınacaqlıdır!” Günahsız adamın cəzaya məhkum edilməsi nə hakimiyyətə, nə də dövlətçiliyimizə baş ucalığı gətirməz.
Biz, Azərbaycan Ziyalılar Birliyi olaraq, Hilal Məmmədovun bu sifarişli-qərəzli-siyasi motivli həbsini qətiyyətlə pisləyir və növbəti məhkəmə instansiyalarında onun işinə qanunun aliliyini əsas götürərək, obyektiv və ədalətli baxılmasını tələb edirik
Eldəniz QULİYEV,
AZB-nin sədri