Və ya "Lerikə salam”
Dekabrınn 22-si şəhri-Lerikə gedəsi olduq, elə dekabrın 22-si də qayıtmalı idik. Lakin Lerik şəhərinin yuxarı məhlələrindəki buz bağlamış keçilməz yollar bizim geri qayıtma planımızı pozdu.
Əlqərəz "gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır” məsəlini rəhbər tutaraq gecə Lerikdə qalası olduq. Tezdən köməyə qoşqu maşını çağırıb, bir təhər bənd olduğumuz yerdən çıxa bildik. Lerikin üst məhlələrindən İcra Hakimiyyətinə düşən, buz bağlamış və sürüşkən yoldakı "sərgüzəştlərimiz” haqqında uzun-uzadı yazıb, oxucunu yormaq istəmirəm. Bircə onu qeyd etmək kifayətdir ki, adrenalin həvəskarları dünyanın müxtəlif ölkələrinə "azarlarını öldürmək üçün” səyahət etməkdənsə, elə şəhri-Lerikə getsələr, kifayədir.
Şəhərin əsas küçələri (İH-nin qarşısı, Polis İdarəsinin qarşısı və bu idarələri biri-biri ilə birləşdirən küçələr, avtovağzala bitişik yollar) qardan təmizlənsələr də, digər küçələr nəinki qardan təmizlənməmişdilər, əksinə, gecənin şaxtasından sonra bir az da buzlaşmışdılar.
İndi mən durub rayon icra hakimi, hörmətli Rövşən Bağırovdan soruşsam ki, şəhərin küçələrini qardan təmizləməli olan idarə nə işlə məşğuldur, deyəcək ki, şəhərin küçələrini qardan təmizləməklə, sonra mən bir az da irəli gedib "dekabrın 15-dən sonra şəhri-Lerikə qar yağmayııb, biz isə bu şəkilləri dekabrın 23-də çəkmişik, bu 8 gündə onlar bu küçələri niyə qardan təmizləməyiblər?”, olacağıq pis adam.
Nə isə, bir şey aydındır: Lerikdə kim isə öz yerində deyil....
Cəlilov Rafiq
"Tolışon Sədo” qəzetinin baş redaktoru