Sovetlər Birliyindən ayrılandan sonra Azərbaycan məkanında bir çox xəstəliklər əmələ gəldi. Bu sırada "radikal millətçilik” xüsusi çəkiyə malik idi. Ona yoluxanların sırasında şairlər də var idi. Yadımdadır, bir vaxtlar "Sara" radiosu fəaliyyətdə idi və bu radionun efirindən xalq şairi Bəxtiyar Vahabzadə radikal milltçiliyi dəstəkləməklə bağlı demək olar ki, xüsusi fikir və təkliflə çıxış etmişdi. Əslində xalq şairi Bəxtiyar Vahabzadə bu səsləmə ilə hər şeydən əvvəl özünün ad və familiyasının mənşəyindən xəbəri olmadığını biruzə vermişdi və o cümlədən kökü, yeri, yurdu Altay dağları olan türk xalqlarının sifət quruluşunun Hind -Avropa xalqlarından fərqli cəhətlərini o, bilməli idi, amma görünür bilmirdi, bilsəydi bu cür pafoslu çıxışlar etməzdi.
Belə şeylərə qol qoyan xalq şairi hər şeydən əvvəl özünün ad və familiyasının mənşəcə hansı xalqa mənsub olduğunu araşdırmalı idi. Fikir verin: Bəxtiyar və Vahabzadə. Bu ad və soy adın heç birinin türkə aidiyyatı yoxdur və sözsüz ki, təmiz İran mənşəli hesab edilməlidir.
Ümumiyyətlə götürdükdə nəinki insan adları, nəinki Azərbaycan dilinin söz tərkibi, hətta Azərbaycanın toponimlərinin əksər hissəsi İranmənşəli olması bizə məlumdur. Bu həm də ərazimizin İranla tarixən bağlı olduğunu göstərir. Son iki on ildə Azərbaycan dilinin tərkibini İran mənşəli sözlərdən təmizləməyə müxtəlif vasitələrlə çalışsalar da, bu qəti olaraq mümkün olmayıb. Amma yerli xalqların dillərində olan yer adlarını hər vasitə ilə dəyişdirmək təşəbbüsləri mütəmadi olaraq gündəmi zəpt edir və bu da yerli xalqın mənəvi dəyərlərini ayaq altına almaq, xalqın tarixi keçmişini yaddaşlardan silmək cəhdi kimi qiymətləndirilməlidir.
Son günlər gündəmə gətirilmiş, Elman Eldaroğlu adlanan birisinin ortaya atdığı Yardımlı kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ də güman etmək olar ki, düşünülmüş formada hazırlanan bir layihədir və görünür bu layihənin həyata keçirilməsinin ilk startını özünü "Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, "Yardımlının Səsi" qazetinin baş redaktoru kimi təqdim edən Elman Eldaroğluya tapşırıblar. Adətən belə layihələr kimlərinsə əli, və ya kimlərinsə vasitəsi ilə həyata keçirdilir.
Yadınızdadırsa, bir neçə il bundan öncə Lik rayonunun Ozobijon kəndinin adını da dəyişdirib Günəşli qoydular. Bu kənddə də kimsə vasitə, kimlərsə işin əsas aparıcıları olmuşdular. Ozobijon kəndin adının dəyişdirmə üsulu bir az fərqli olmuşdu,bunun təfərrüatını bu yaxınlarda mənə açıqladılar. Sən demə Rayon rəhbərliyi Ozobijonun adını dəyişdirmək üçün xüsusi plan hazırlayıbmış, əvvəlcədən adını hallandırmadığım bir kənd ziyalısının yubileyini qeyd etmək adı ilə lazımi şəxslər dəvət edibmiş və bu məclisdə kəndin ziyalı deməyə dilim gəlmədiyim şəxslərin imzaları alınmaqla kəndin adının dəyişdirilməsinə rəvac verilmişdi. Bununla da talış dilindən Ozobijon, türk dilində Günəşli edildi. İşin qaydası belədir, əvvəlcə bir kənd, müqavimət yoxsa növbəti kənd və ya bütöv rayonun yer adlarını türkləşdirməklə, tarixi talış adlarını isə silib təmizləmək... Və nəticədə bizi özümüzə unutdurmaq.
Özümüzü unudaqmı? Məlum olan odur ki, biz talışlar bu hərcmərcliyin qabağını almasaq gələcək nəsillər bizi bağışlamaz...
Əlimərdan ŞÜKÜRZADƏ