Avtoritar rejimlərin devrildiyi ölkələrdə inkişaf Azərbaycandan xeyli yüksək idi
Amma bütün bunlar azadlıq istəyinin qarşısını ala bilmədi
Ölkə başçısı Ilham Əliyevin Münhendə üzləşdiyi sual hələ də müzakirə mövzusudur. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes iştirakçılara "öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı” sualını ünvanlayıb. Bu sualdan hiddətlənən Əliyev buna cavab kimi ölkədəki durumla bağlı rəqəmlər açıqlayıb. Ölkə başçısı 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını deyib. Onun sözlərinə görə, bu dövrdə yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Prezident ölkədə siyasi vəziyyətin də sabit olduğunu, mətbuat, din, internetin də azad olduğunu bildirib. Çıxışının yekununda isə deyib ki, kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, bunu görməyəcəksiniz.
Ilham Əliyevin gətirdiyi rəqəmlərin doğru ya səhv olduğunun üzərində dayanmaq niyyətimiz yoxdur. Hərçənd ki, müstəqil iqtisadçıların hesablamaları ortaya tamamilə fərqli rəqəmlər çıxarır.
Diqqət yetirilməli məqam ondan ibarətdir ki, iqtisadi durumun və sosial rifahın yüksək olması hakimiyyəti inqilabdan sığortalamır. Buna ən yaxşı nümunə kimi inqilabların baş qaldırdığı ərəb ölkələrini göstərmək olar. Xalq üsyanlarının baş verdiyi bu ölkələrdə iqtisadi durum kifayət qədər yaxşı olub.
Məsələn, inqilabdan bir qədər əvvəl rəqabət qabiliyyətliliyinə görə Tunis iqtisadiyyatı Afrikada 1-ci, dünyada isə 40-cı yerdə qərarlaşmışdı. Afrika ölkələri arasında yaşayış səviyyəsinə görə lider olan bu ölkədə ÜDM-in 11,6%-i kənd təsərrüfatının, 25,7%-i sənayenin, 62%-i xidmət sektorunun üzərində idi. Ixracatın 72,5%-i Avropa Birliyi ölkələrinin payına düşürdü. Əmək haqqının həcminə görə də Tunisdə vəziyyət Azərbaycandan xeyli yaxşı olub. Dövlət tibb müəssisələrində çalışan həkimlər 1200 dollar, özəl xəstəxanalarda isə 4 mindən 10 min dollara qədər maaş alır. Adambaşına ümumdaxili məhsul 2150 dollardır. Hətta bu ölkənin yüksək ixtisaslı həkim, müəllim və mühəndisləri digər ölkələrə işə dəvət alır. Ölkədə orta aylıq əmək haqqı 350 avro təşkil edir. Gənc kadrlar 500 avro, müəllimlər 300 avro əmək haqqı alır.
Inqilabın baş verdiyi Liviyanın iqtisadiyyat da kifayət qədər inkişaf edib. Liviyada təhsil və səhiyyə pulsuzdur. Hətta xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini dövlət ödəyir. Hər liviyalı ailəsi ildə 1000 dollar əlavə pul alır. Işsizliyə görə müavinət 750 dollar təşkil edir. Ölkədə 1000 dollardan aşağı əmək haqqı yoxdur. Maaşdan əlavə ərzaq xərclərini ödəmək üçün hər ailəyə 400 dollar pul verilir. Baxmayaraq ki, bu ölkədə bir ailənin aylıq ərzaq xərcləri təxminən 85 dollardır. Adambaşına ümumdaxili məhsul 7600 dollardır. Hər doğulan uşağa görə dövlət ailəyə 7000 dollar pul verir. Evlənən cütlüklərə isə dövlət ev almaq üçün 64 min dollar hədiyyə edir. Bu pula isə Liviyada 150 kvadrat metrlik bütün şəraiti olan ev almaq olar. Liviyada şəxsi biznes açmaq istəyənlərə dövlət 20 min dollar maddi yardım edir. Ölkədə vergi yoxdur. Əhali elektrik enerjisi və ev pulundan azaddır. Çoxuşaqlı ailələr üçün simvolik qiymətlərlə ərzaq dükanları şəbəkəsi fəaliyyət göstərir. Apteklərin əksəriyyətində dərmanlar pulsuz verilir. Dərmanları saxtalaşdıranları isə ölüm hökmü gözləyir. Avtomobil və ev almaq istəyənlər üçün kreditlər faizsizdir. Avtomobil almaq istəyənlər məbləğin cəmi 50 faizini ödəyir. Bu ölkədə benzin sudan ucuzdur - 0,13 dollar. Çörəyin bir kiloqramı isə cəmi 4 sentdir.
Misirdə Hüsnü Mübarək hakimiyyətdən devrilməzdən əvvəl ölkə iqtisadiyyatın ən yüksək inkişaf dövrünü yaşayırdı. Bu ölkədə adambaşına ümumdaxili məhsul 2800 dollardır. Inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib. Bu ölkədə kommunal xərclər digər dövlətlərlə müqayisədə xeyli aşağıdır. Bu xərclər ayda 30 dollardan yuxarı qalxmır.
Bu ölkələrdə üsyana qalxan insanlar isə çörək yox, azadlıq üçün mübarizə apardıqlarını açıq dilə gətirirdi. Bu siyahını bir qədər də uzadıb inqilabların baş verdiyi ölkələrdəki həyat səviyyəsinin, iqtisadi inkişafın Azərbaycandan xeyli yüksək olduğunu bir daha göstərmək olar. Ancaq yuxarıda sadalananlara baxmaq kifayətdir ki, Ilham Əliyevin açıqladığı rəqəmlərin narazı insanların etirazı qarşısında aciz olduğunu görəsən. Hətta bu rəqəmlər həqiqəti əks etdirsə belə. Hərçənd ki, o rəqəmlərin hər birinin qarşısına reallığı əks etdirən rəqəmlər qoymaq olar. Bu da bir daha onu göstərir ki, azadlıq uğrunda mübarizəyə qalxan insanların qarşısını hətta yüksək iqtisadi inkişaf da ala bilmir.