Müsavat başqanının müşaviri Yadigar Sadıqlıya yanvarın 13-də Lənkəranda keçirilən məhkəmə prosesində 6 il iş verildi. Y.Sadıqlı məhkəmədə son sözlə çıxış edib. Həmin çıxışı olduğu kimi dərc edirik:
"Hörmətli xanımlar və bəylər!
Çıxışıma başlamazdan öncə sizlərə məhkəmə adlanan, lakin ədalətdən əsər-əlaməti olmayan bu məzhəkədə daim yanımda olub, mənə mənəvi dəstək verdiyinizə görə təşəkkür edirəm. Eləcə də məruz qaldığım repressiyaya etiraz səsini ucaldan, hüquqlarımı müdafiə edən təşkilatlara, KİV-lərə, hüquq müdafiəçilərinə və şəxslərə minnətdaram. Çox sağ olun ki, dəstəyinizi əsirgəmədiniz, dostlar.
Cinayət işinin materialları ilə tanış olarkən o qədər cəfəngiyat, uyğunsuzluqlar gördüm ki, bir ara onların hamısını qeyd edib burada sadalamaq fikrimdən vaz keçmək istədim. Zira, hamınıza məlumdur ki, vəkilim Xalid Bağırov və mən ittihamı nə qədər sübutlu-dəlilli ifşa etsək də, bunun hüquqi nəticəsi olmayacaq, onsuz da hakim Elçin Kazımov aldığı sifarişi can-başla yerinə yetirərək, məni məhkum edəcək. Buna görə də özümə "dəyərmi?” sualını verdim və düşündükdən sonra "dəyər” qərarına gəldim. Çünki bizlər, dəyərlər və ideyalarla yaşayanlar, təkcə bu günü deyil, eyni zamanda, tarixi, gələcək nəsillərin verəcəyi hökmü düşünürük. Məhz tarixin və gələcək nəsillərin, o cümlədən bu prosesdə zərərçəkən, ittiham şahidi, müstəntiq, dövlət ittihamçısı və hakim rolunda çıxış edənlərin xələflərinin çıxaracağı hökm üçün bu əhatəli çıxışı hazırladım.
Təbii ki, öncə prosesdə "zərərçəkən” kimi tanınan Rəşid Fərman oğlu Kərimovun ifadələrindən başlayıram. Guya məruz qaldığı döyülmə haqqında R.Kərimov 4 dəfə ifadə verib: 25.06.2013-cü il tarixində təhqiqata, iyunun 26-da istintaqa, oktyabrın 14-də üzləşdirmə zamanı və noyabrın 12-də məhkəmədə ifadə verib. Bu ifadələrin hər biri ayrıca fantaziyanın məhsuludur və bir-birilərinə münasibətdə xeyli uyğunsuzluqları var. Hamısını sadalamaq çətin işdir, ən əsaslarını deyəcəyəm.
Aramızdakı mübahisənin necə başlaması haqqında ilk ifadəsində R.Kərimov göstərir ki, mənimlə bir stolda oturan Şahin Ağayev onun narkomana oxşadığını deyib. Rəşid də "narkoman özünüzsünüz” cavabını verib və bundan sonra mən onu təhqir etmişəm, mübahisə başlayıb. Ertəsi gün, yəni ilk ifadəsindən cəmi 13-14 saat sonra R.Kərimov iddia edir ki, Şahin onu "fırıldaqçı” adlandırır və buna görə onlar arasında mübahisə başlayıb, mən isə sonradan müdaxilə etmişəm. Üzləşdirmə zamanı isə bu adam söyləyir ki, Şahin deyil, mən onu "narkoman” adlandırmışam, mübahisənin səbəbi də bu olub. Məhkəmədə isə "zərərçəkən” öz işverənliyinə siyasi çalar qatır. Guya stolumuzdakı üçüncü şəxs – Fikrət Əhmədov ondan dövlətdən razı olub-olmadığını soruşub. Rəşid də müsbət cavab verib. Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının yaradıcı və dönməz daşıyıcısı, bu dövlətin bütün atributlarının müəllifi olan Müsavat Partiyasının üzvü Yadigar Sadıqov da R.Kərimovun dövlətə sədaqətindən əsəbiləşərək onu təhqir edib və mübahisə başlayıb. Beləliklə, "zərərçəkən”in bu məqam haqqında 4 ifadəsindən heç biri digərinə uyğun gəlmir. Məgər bu onun yalançılığından irəli gəldiyini isbatlamırmı?
Çayxanadan çıxmamız haqqında R.Kərimov əvvəlcə deyir ki, mən ona çıxıb bayırda söhbət etməyi təklif etmişəm, o da dəvətimi yerə salmayıb, sağ olsun. Artıq ertəsi gün isə onu itələyə-itələyə çölə çıxardığımı iddia edir. Üzləşdirmə protokolunda isə oxuyuruq: "Siz stoldan durub çayxanadan çıxdınız. Mən də sizinlə bərabər çayxanadan çölə çıxdım.” Üç ifadə və üç fərqli fikir! Əslində sonuncu versiya həqiqətə yaxındır. Doğrudan da, biz bu adamın təxribatçı olduğunu təsbit etdikdən sonra ondan uzaqlaşmağa çalışmışıq. O isə arxamızca gələrək məni hövsələdən çıxamağa çalışıb, lakin müvəffəq olmayıb. "Zərərçəkən”in bu məqam haqqında məhkəmədəki ifadəsini xatırlamlıram. Çünki hakim Elçin Məmməd oğlu Kazımov qanunvericiliyi kobud şəkildə pozaraq, hər iclasdan sonra ptorokolları müdafiə tərəfinə verməkdən imtina edir. Bu, həm də mənim müdafiə hüququmun qanunsuz şəkildə məhdudlaşdırılmasıdır. Belə ki, məhkəmədə səslənən bütün fikirləri yadda saxlamağım qeyri-mümkün olduğundan onlara münasibət bildirməyim də imkansız olur. Şübhəsiz ki, hakim bu addımı protokolları saxtalaşdırmaq üçün atır. Məhkəmə baxışı tam bitdikdən sonra protokolları alarkən görəcəyik ki, orada məhkəmə zamanı səslənməyən fikirlər yer alıb və əksinə, səslənən fikirləri, xüsusən də "zərərçəkən”in və ittiham şahidlərinin buraxdığı yanlışlıqlar yer almayıb. Elçin Kazımov bu məqsədə çatmaqdan ötrü özünü "məhkəmə baxışı” və "məhkəmə iclası” ifadələrinin mənalarını bilməyəcək qədər savadsız göstərməkdən də çəkinmədi. Protokolda yer alacaq saxtakarlıqlardan biri də, şübhəsiz ki, sındırılmış eynəklə bağlı olacaq. R.Kərimov bu nüansla bağlı elə səhv buraxdı ki, protokola salınması halında mənə bəraət verilməlidir.
Guya telefonla vurub eynəyi sındırdığım məkan haqqında "zərərçəkən” və "şahid” ifadələrində qeyri-müəyyənlik var. Lakin məntiqi analiz aparmaq mümkündür. İttiham şahidləri iddia edirlər ki çayxanadan çıxdıqdan sonra uzaq məsafədən (20-25 metrdən 45-50 metrə qədər məsafə göstərilir) guya mənim eynəyi sındırdığımı görüblər. Hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkildə isə eynəyin çayxananın qapısından 5-6 metr aralıda olduğunu görürük. Bu da "şahid” ifadələri ilə heç cür uyğun gəlmir. Lakin bu uyğunsuzluq "zərərçəkən”in məhkəmədə buraxdığı səhvlə müqayisədə çox xırdadır. Belə ki, R.Kərimov eynəyinin A.Əliyev və Firdovsi küçələrinin kəsişməsində sındırdığımı iddia etdi. Vəkilimin şəkildəki yer, yəni Cavanşir küçəsindəki səki barədə qəfil sualı ilə üzləşən R.Kərimov özünü itirdi və olduqca uğursuz yalan uydurdu. Sən demə, onun 2 eynəyi varmış, onlardan biri, yəni fotoşəkildəki, yeriyərkən əlindən düşüb və özü tərəfindən qeyri-ixtiyari tapdalanıb. İkincisini isə A.Əliyev və Firdovsi küçələrinin kəsişməsində mən sındırmışam. Çox gözəl, çox pakizə. Bəs belə olan halda niyə mənim "sındırdığım” eynəyin deyil, sahibinin özünün sındırdığı eynəyin şəkli çəkilir, ekspertizaya göndərilərək maddi sübutlar siyahısına salınır? Digər tərəfdən, üzləşdirmə protokolunda R.Kərimovun hadisədən sonra "oraya polislər gəldilər. Mən eynəyi və köynəyi təqdim etdim” - dediyini oxuyuruq. Əgər o, hadisə yerindən tərpənməyib polisləri gözləyibsə, üstəlik 2 eynəyindən birini özü, digərini mən sındırmışamsa, o zaman hadisədən dərhal sonra çəkilmiş fotoşəkillərdə gözünə taxdığı eynək haradan peyda oldu? Təbii ki, bu suallar cavabsız qalacaq. Əks halda sözügedən eynək çoxdan maddi sübutlar siyahısından çıxarılardı. Halbuki 23 dekabr tarixli məhkəmə iclasında hakim Elçin Kazımov gözünü qırpmadan maddi sübut kimi R.Kərimovun özünün sındırdığı eynəyin üzərində aparılmış ekspertizanın nəticələrini açıqladı. Etdiyim etiraza görə isə mənə xəbərdarlıq etdi.
Digər maddi sübut – cırılmış köynək haqqında da Rəşid Kərimovun məhkəmədəki ifadəsi diqqətəşayandır. Dediyinə görə, guya onu təpiklə vurmuşam, o da yolun kənarında olan kanalizasiya xəndəyinin üstündən uçub. Bu uçuş qazpalayıcı yarımstansiyaya toqquşma ilə sonuclanıb. Sözügedən aviatoqquşma çox faciəli nəticələrə səbəb olub: "zərərçəkən”in köynəyi cırılıb, özünün də sol qanadı.. üzr istəyirəm, sol qolu əzilib. Bilmirəm bu ifadəni verməmişdən öncə R.Kərimov hind filminəmi, yoxsa Ceki Çanın filminəmi baxıb, amma bu ifadə də tənqidə dözmür. Belə ki, ekspertiza köynəyə baxış keçirərkən onu cıran kənar predmetin izlərini tapmayıb və onun fiziki gücün təsirilə cırıldığı qənaətinə gəlib. Beləliklə, "zərərçəkən”in ifadəsinin ekspertizanın rəyi ilə üst-üstə düşmədiyindən sözügedən köynək də maddi sübutlar siyahısından çıxarılmalıdır. Yeri gəlmişkən, hadisə yerindən tərpənməyən R.Kərimovun fotoşəkillərdə əynindəki köynəyinin cırılmadığını görürük.
Diqqətinizi rica edəcəyim növbəti məsələ həbsimin qurama olduğunu dolayı yolla, lakin bəlkə də ən bariz şəkildə sübut edir. R.Kərimov döyüldüyünü iddia etdiyi yerin yaxınlığında "VAZ-21099” markalı, 8611 xarici nömrə-nişanlı bir maşının dayandığını söyləyir və onun sürücüsünü "əvvəllər görmədiyim, dolu bədənli, qarayanız oğlan” kimi təsvir edir. Şillə-təpik altında olan adamın maşının nömrəsinə fikir verməsi və yadda saxlaması özlüyündə heyrətamizdir. Lakin əsas bu deyil. "Zərərçəkən” ertəsi gün verdiyi ikinci ifadəsində "səsə gələnlərdən mən bircə Qorxmazı tanıdım” deyir. Bəs bu Qorxmaz kimdir? Cinayət işində "xuliqanlığım”a şahidlik edən 7 nəfərin ifadəsi var. Onlardan dördü ittiham şahidi kimi möhkəməyə dəvət olunublar. Xolmili kənd sakini Qorxmaz Naib oğlu Hacıyev məhkəməyə dəvət edilməyən 3 yalançı şahiddən biridir. Onun istintaqa verdiyi ifadəsində oxuyuruq: "Özünə məxsus "VAZ-21099” markalı "AN-8611-VN” nömrəli avtomobilimlə sərnişin daşımaqla ailəmi dolandırıram.” Beləcə aydın olur ki, R.Kərimovun bir ifadəsində "əvvəllər görmədiyim”, ikinci ifadəsində isə "bircə Qorxmazı tanıdım” deyə bəhs etdiyi eyni şəxsdir. Dediyim kimi bu halın işin mahiyyətinə o qədər dəaidiyyəti yoxdur. Lakin qurama, uydurma oldugunu aydın göstərir.
Günahsızlığımı sübut edən dolayı dəlillərə keçmək istəyirəm. Çayxanada işləyən İdrak Mustafayev məhkəmədə sualıma cavab olaraq bildirdi ki, sözügedən hadisədən nə əvvəl, nə də sonra R.Kərimovu həmin çayxanada görməyib. Bu da təbiidir. İnsan, xüsusən də şəxsi avtomobili olmayanda, adətən evinə maksimum yaxınlıqda yerləşən çayxanaya gedir. Necə ki, mən evimdən 400-500 metr aralıda yerləşən çayxanaya getmişdim. Nəqliyyat vasitəsi olmayan, müharibədə aldığı xəsarətlər üzündən ayaqlarının pis işlədiyini iddia edən R.Kərimovun evindən 4-5 km aralıda olan çayxanaya krossvord həll etməyə getməsi ilk baxışda çox təəccüblüdür. Əslində isə burada təəccüblü şey yoxdur. O, Lənkəran şəhər İcra Hakimiyyətinin və polisinin sifarişi əsasında məni təxribata çəkmək üçün orada idi. Mən bu təxribata uymayanda isə cinayət işini sadəcə heç nədən qondardılar.
İdrak Mustafayev "zərərçəkən”in bizim ardımızca çıxdıqdan təxminən 1 saat sonra polislərlə çayxanaya qayıtdığını, lakin onun üzərində heç bir xəsarət görmədiyini söylədi. Dövlət ittihamçısı Elnar Əli oğlu Hüseynov bunu şahidin pis yaddaşı ilə əlaqələndirməyə çalışdı. Lakin bu məsələdə xeyrimə olan ən böyük dəlili bizə təhqiqat göstərir. Hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillərdə "zərərçəkən”in heç bir zərər çəkmədiyi, görünür, üzərində heç bir xəsarət gözə dəymir. Qısa müddət öncə 20-25 dəqiqə ərzində amansızca döyüldüyü iddia olunan R.Kərimovun fotolarda dimdik duruşu, sınmış eynəyi göstərərkən ikiqat əyilə bilməsi diqqət çəkir. Heç döyülən adama oxşamır.
İttihamın məni 20-25 dəqiqə ərzində R.Kərimovun döyməkdə ittiham etməsi, xüsusilə bərbad bir cəfəngiyyatdır. Bu iddia adını unutduğum gürcü filmində birinin daş tullamaqda dünya rekordu müəyyən etməsini xatırladır. Müstəntiq, ittihamçı və hakim 20-25 dəqiqə ərzində adam döyməyin nə demək olduğunu təsəvvür etmirlər. Bu adamlar anlamırlar ki, hər gün saatlarla məşq edən gənc boksçular hər biri 3 dəqiqə olan 3 raundun sonuncusunda ayaqlarını sürüyə-sürüyə hərəkət edirlər. 45 yaşlı Yadigar Sadıqov isə 20-25 dəqiqə adam döyür, üstəlik səsə gələnlər onu tutmaq istəyərkən elə sürətlə qaçır ki, kimsə çata bilmir. Məzəniz olsun.
R.Kərimovun ifadələrində daha kiçik, lakin heç də əhəmiyyətsiz olmayan xeyli uyğunsuzluqlar var. Məsələn, ilk ifadəsində göstərir ki, səs-küyə 5-6 nəfər yığışmışdı. İkinci ifadəsində isə bu say 15-ə çatır. Belə kalibrli yalanların hamısını sadalamaq istəmirəm və "şahid” ifadələrinə keçirəm.
Lakin öncə şahidlərlə bağlı bir neçə ümumi məqamlara toxunacağam. Xuliqanlıq etdiyim iddia olunan yer əhalinin sıx yaşadığı yerdir. Burada 1 ikimərtəbəli bina var ki, təkcə orada 50-yə qədər insan yaşayır. Həyət evlərini də hesablasaq, həmin yerin bilavasitə yaxınlığında yüzdən artıq adamın yaşadığını əminliklə söyləyə bilərik. Amma nə sirdirsə, 20-25 dəqiqə ərzində törətdiyim və ucadan söydüyüm söyüşlərlə müşayiət olunduğu iddia edilən xuliqanlığıma bu qədər insandan heç biri şahid olmur. Bir nəfər çıxıb demir ki, ay filankəs, nə ixtiyarla evimin yanında, arvad-uşağımın qulağının dibində söyüş söyürsən. Amma Lənkəranın müxtəlif kəndlərində yaşayan 7 "şahid” tapılır. Özü də elə bir saatda ki, idarə və müəssisələr bağlandığından, kənd avtobuslarının hərəkəti dayandığından o zaman kənd əhalisi adətən evlərində olur. Lakin necə olursa, "xuliqanlığımı” orada yaşayan heç kəs görmür, 7 kənd sakini isə istintaqa şahidlik edir. Bu müəmmanın cavabı çox sadədir: şahidlər yalançıdır.
İkinci məqam. Hadisə yerinə baxış zamanı çayxanada oturduğumuz stolun şəkli çəkilib. Bu stol müəssisənin ən yuxarı hissəsində yerləşir. Digər stolların paralel şəkildə düzülüşünü, müstərilərin adətən stolun eni istiqamətində üzbəüz əyləşdiklərini nəzərə alsaq, başqa stollarda oturan hər iki nəfərdən birinin arxası bizə tərəf olmalı idi. İttihamın bizə şahid kimi təqdim etdiyi şəxslər də guya çayxanaya iki-iki gəliblər. Amma necə olursa, hamısı bizim stolla üzbəüz oturub, üstəlik bütün diqqətləri stolumuzda olub. Xeyir ola? Əgər bizim stolda qəşəng bir xanım olsaydı, onların diqqətini görməmişlikləri ilə izah etmək olardı. Təəssüf ki, yanımızda belə bir xanım yox idi və "şahid”lərin niyə israrla yanbayan oturub bizə diqqət ayırmalarını izah etmək çətindir. Bu xüsusda "şahid” Əbülfət Cavadovun ifadəsi daha maraqlıdır. 13 iyulda o qeyd edir ki, həmkəndlisi Rəşid Hüseynovla nərd oynamaq məqsədilə çayxanaya gedib. Onlardan birinin mütləq arxası bizə olmalı idi. Lakin hər ikisinin stolumuzda guya baş verənləri təsvir etmələrindən belə çıxır ki, onlar yanaşı oturub nərd oynamağın üsulunu kəşf ediblər.
Üçüncü məqam. "Şahidlər” istintaqa ifadələrində çayxanadan müxtəlif vaxt intervalında çıxdıqlarını deyirlər. Məsələn, Ə.Cavadov-R.Hüseynov guya bizdən dərhal sonra çıxıblar. Pərviz Cəfərov və Namiq Nəsirov isə 20 dəqiqədən sonra çıxdıqlarını deyirlər. Axı o zaman necə olur ki, onların hamısı eyni şeylərin hamısını görürlər? Eyni yerdə müxtəlif vaxtlarda olanlar eyni şeyi görə bilməzlər axı. Bu müəmmanın cavabı da sadədir: "şahidlər” gördüklərini deyil, müstəntiqin istədiklərini yazıblar.
Nəhayət dördüncü məqam. "Şahidlər” istintaqa verdikləri ifadələrində məni əvvəllər tanımadıqlarını, "xuliqanlığım”a isə uzaq məsafədən (20-25 metrdən 45-50 metrə qədər) şahid olduqlarını söyləyirlər. Belə halda, üstəlik mənim daim buqələmun eynək taxdığımı nəzərə alsaq, prosessual qaydalara görə mütləq tanıtma hərəkəti keçirilməli idi. Lakin bu edilmədi. Əvəzində isə "şahidlər”dən ikisinə üzləşdirmə zamanı, ikisinə də məhkəmədə məni göstərərək de-fakto "üzünə duracağınız adam budur” söylənilib.
İndi də keçək "şahid” ifadələrinə. Çayxanada olduqları iddia edilərək istintaqa ifadə verən cütlüklər bunlardır: Boladı kənd sakinləri Əbülfət Nuru oğlu Cavadov və Rəşid Ağaxan oğlu Hüseynov; Separadi kənd sakinləri Namiq Əlihüseyn oğlu Nəsirov və Pərviz Əziz oğlu Cəfərov; Şovu kənd sakinləri İmran Mustafa oğlu Məmmədov və Güloğlan Ağaxan oğlu Şəkərov; Xolmili kənd sakini Qorxmaz Naib oğlu Hacıyev və onun dostu. Sonuncu istintaqa ifadə vermədiyindən adını çəkmirəm.
Onlardan dördü məhkəməyə ittiham şahidi kimi cəlb olunublar. Ə.Cavadov və R.Hüseynov cütlüyü ilə üstəlik istintaq zamanı videoçəkilişlə müşayiət olunan üzləşdirmə keçirilib. Lakin 14 oktyabrda baş tutan bu prosedurun nəticələri istintaq üçün o qədər rüsvayçı olub ki, işi aparan yeni müstəntiq Nizami Məhərrəmov cinayətə əl ataraq videoçəkilişi məhv edib və onun diski istintaq materiallarının içində yoxdur. Hərçənd mənə və vəkilimə "kişi kimi” söz vermişdi ki, heç bir montaj olmayacaq və diski bizə verəcək. Yazıq nə biləydi ki, əvvəlki müstəntiq Polad Mehdiyev "şahidlər”ə heç çayxananı göstərməyib.
Bu 2 şahidin üzləşdirmə zamanı dediklərindən yaranan ümumi mənzərəyə əsasən mübahisə "Xan evi”nin önündəki "Təbriz” çayxanasında başlayıb. Xuliqanlıq "Xan evi”nin bilavasitə önündə baş verib, onlar da bunu 8-9 metrdən, çayxananın yerləşdiyi "Dostluq” parkından müşahidə ediblər. Bununla da onlar nəinki sözügedən hadisədən, eləcə də özlərinin əvvəlki 2 ifadələrindən yerli-dibli bixabər olduqlarını ortaya qoyurlar. Axı istintaqda "Xan evi”nin önündəki deyil, arxasındakı çayxanadan söhbət gedir, ittiham R.Kərimovun A.Əliyev və Firdovsi küçələrinin kəsişməsində, yəni şahidlərin dedikləri yerdən 250-300 metr uzaqda, döyüldüyünü iddia edir. Ə.Cavadov və R.Hüseynov da əvvəlki ifadələrində hadisəni Firdovsi küçəsində 30-40 metrdən izlədiklərini söyləyiblər. Üstəlik həmin çayxana 2 metr hündürlükdə hasarla əhatələndiyindən çöldə baş verənləri müşahidə etmək mümkün deyil. Bundan əlavə, həm Ə.Cavadov, həm də R.Hüseynov üzləşdirmə zamanı söyləyirlər ki, hadisədən sonra maşınlarına minib gediblər. Halbuki əvvəlki ifadələrində polis gələnə qədər orada qaldıqları yazılıb. Bütün bunlar göstərir ki, bu iki "şahid”in əvvəlki ifadələrində nə yazıldığı haqqında təsəvvürləri yoxdur. İfadələri işi aparan ilk müstəntiq Polad Mehdiyev yazıb, onlar isə sadəcə imza atıblar.
Ümumiyyətlə, bu şahidlərlə üzləşdirmə zamanı gözümün önündə daim "Avtomobildən özünü gözlə” filmindən səhnə canlanırdı. Yadınızdadırmı:
- Kim şahiddir?
- Mən şahidəm. Bəs nə baş verib?
Ə.Cavadov və R.Hüseynov da belə şahidlik edirlər. Onların hər biri istintaq zamanı 2 ifadəyə imza atıblar. Bu ifadələrdə "xuliqanlığım” ətraflı təsvir edilir. Cütlük hadisəni 20-25 dəqiqə seyr etdiklərini, R.Kərimov şillə, təpiklə vurduğumu, söyüşlərlə təhqir etdiyimi, özlərinin də bunları 30-40 metrdən müşahidə etdiklərini deyirlər. İki nəfər sağlam kişinin uzaqda duraraq 20 dəqiqə ərzində zəif birisinin döyülməsinə tamaşa etmələrinin çox vicdansız bir hərəkət olmasını kənara qoyuram. Problem ondadır ki, bu adamlar həm üzləşdirmə, həm də məhkəmə zamanı "gördüm ki, telefonla vurdu”dan savayı bir söz demədilər. Belə çıxır ki, əvvəlki ifadələrində yalan yazıblar. Halbuki bu ifadələr haqqımda 3 dəfə həbs qətimkan tədbirinin seçilməsinə, məhkəməyə qədər 4 ay həbsdə yatmağıma əsas olublar. "Şahidlər”in mənimlə və vəkilimlə üz-üzə gəldikdə belə lakonik olmalarının səbəbi odur ki, çox danışıb səhv buraxmaqdan, biri digərini inkar edən ifadələr səsləndirməkdən qorxurlar. Çox güman ki, onlara "qısa danışın ki, vəkil və müttəhim sizdə səhv tuta bilməsinlər. Ehtiyac olsa, protokolları tərtib edəndə hakim Elçin Kazımov lazımi fikirləri əlavə edər”- təlimatı verilib. Necə ki, istintaq zamanı Polad Mehdiyev tərəfindən tərtib olunan "şahidlər”in isə imza atdıqları ifadələrdə xeyli yanlışlar və uyğunsuzluqlar var. Məsələn, Ə.Cavadovun 13 iyul tarixli ifadəsində oxuyuruq: "Bir də gördüm ki, həmin oğlanla (yəni Rəşid Kərimovla) stol arxasında oturanlar ucadan danışaraq mübahisə edirlər. Necə oldusa, onlar mübahisə edə-edə stoldan durub uzaqlaşdılar.” Cəmi 6 cümlədən sonra Ə.Cavadov çöldə dava-dalaşı görüb təəccübləndiyini yazır: "Ona görə baxmaq qərarına gəldim ki, görüm 10 dəqiqə bundan əvvəl mehriban olan şəxslər indi niyə mübahisə edirlər.” Yahu, bu mehribanlıq haradan çıxdı? Axı Ə.Cavadov bizim çayxanada da mübahisə etdiyimizi yazırdı?! Aydındır ki, gerçək hadisənin gerçək şahidi bu qədər cəfəng uyğunsuzluğa yol verməz. Yalnız uydurma, təxəyyül məhsulu olan ifadələrdə belə hala rast gəlmək mümkündür. Təxəyyüllə cinayət uydurmaq üçün A.K.Doyl, A.Kristi, R.Staut, F.Dostoyevski kimi istedad sahibi olmaq lazımdır. Müstəntiq Polad Mehdiyevin belə istedad çoxluğundan əziyyət çəkmədiyi göz önündədir. Ümumiyyətlə, istintaq işində "Qaynana” filmində Cənnət xalanın "soyuq, bumbuz çayı tökdü üstümə, əl-ayağım yandı” deyərək, gəlininə atdığı böhtan tipli cəfəngiyata tez-tez rast gəlinir. Məsələn, Namiq Nəsirovun 28 iyun tarixli ifadəsində mənim "sarı köynəkli Rəşidin kürəyinə zərbələr” vurduğum iddia olunur. Növbəti cümlədə isə oxuyuruq: "Rəşidin əynindəki ağ rəngli köynək arxa sol tərəfdən cırılmışdı.” Dalbadal yazılan iki cümlənin birində köynək sarı, digərində isə ağ olur. İsa bəy demişkən, nə gündəsiniz? Açığı, həbsimə qədər hüquq-mühafizə orqanları haqqında daha yüksək fikirdə idim.
Məhkəməyə dəvət olunmuş digər "şahidlər”in də ifadələrində xeyli uyğunsuzluqlar var. Hamısını sadalamayacağam, bir-iki məqama diqqətinizi yönəldəcəyəm. Şovu kənd sakini İmran Məmmədov ilkin ifadəsində telefon haqqında bir söz deməyib. Bunu görən yeni müstəntiq Nizami Məhərrəmov sentyabrın 23-də ondan yeni ifadə alır və hadisədən 3 ay sonra "şahid”in "yadına düşür” ki, mənim telefonla Rəşidi vurmağımı görüb, özü də 20-25 metr məsafədən. İ.Məmmədov hadisə yerini təsvir edərkən onun markasını təyin edə bilmir. "Şahid” bunu bir gözünün tamamilə kor olması ilə izah edir. Çox maraqlıdır, yanında dayanan o boyda maşının markasını təyin edə bilməyən gözdən əlil 20-25 metrdən əlimdəki telefonu necə görür?
Nəhayət, məhkəməyə dəvət olunmuş sonuncu "şahid” – Separadi kənd sakini Pərviz Əziz oğlu Cəfərovun ifadəsinə toxunaq. Əslində onu Pərvizin ifadəsi adlandırmaq da mümkün deyil. Cinayət işində Pərvizin həmkəndlisi Namiq Nəsirovun iyunun 28-də verdiyi ifadə var. P.Cəfərov isə iyunun 30-da ifadə verib. Kompüterdə yazılmış bu ifadədə "şahid” 20 cümlə yazıb və onlardan 14-ü Namiq Nəsirovun ifadəsindən nöqtə-vergülünə dəymədən kopyalanıb. Belə halda bu "şahid”in hansı şahidliyindən danışmaq olar? Məgər aydın deyil ki, müstəntiq P.Mehdiyev özünə əziyyət verməmək üçün bir ifadəni, 6 cümlə istisna olmaqla, kopyalayıb, yeni ifadə tərtib edərək, Pərviz Cəfərova sadəcə qol çəkdirib?
Mən ittihamçının da, hakimin də diqqətini özümün və müdafiə şahidlərinin ifadələrinə yönəltmək və soruşmaq istəyirəm: bizim ifadələrdə niyə belə cəfəngiyyatlar, bir-birini inkar edən fikirlər yoxdur? Cavabı çox sadədir: ona görə ki, biz gerçəkliyi təsvir edirik, özümüzdən uydurmuruq. Gerçəklik də ondan ibarətdir ki, çayxanada çay içən yerdə Rəşid Kərimov yaxınlaşaraq müxalifətin, müxalifətçilərin ünvanına təhqirlər yağdırıb. Bununla da o, işverəni olduğu Lənkəran polisinin, şəxsən Möhübbət Hüseynovun tapşırığını yerinə yetirərək, məni təxribata çəkmək istəyib. Onun bu məramını dərhal anlayaraq, ondan uzaqlaşmağa çalışmışıq. Rəşid isə bir müddət A.Əliyev və Firdovsi küçələrinin kəsişməsinə qədər arxamızca gələrək, istəyinə nail olmağa çalışıb. Lakin biz bütün səbrimizi və təmkinimizi toplayaraq, ona barmağımızı da toxundurmadan uzaqlaşmışıq. Vəssəlam, hadisə bundan ibarət olub.
Rəşid Kərimov narkotik ticarətçisi və polisin işverənidir. Həbsdə olduğum müddətdə bu adamın tutdurduğu bir neçə dustağa rast gəldim. Narkotik almaq istəyənləri evinə dəvət edir, çıxanda isə polislər tuturlar. Onlara istintaqda və məhkəmədə Rəşidin adını çəkmək qadağan olunur, narkotiki yerdən tapmalarını və ya tanımadıqları şəxsdən aldıqlarını demək tələb edilir. R.Kərimovu narkotiklə kimin təmin etməsi də maraqlı sualdır. Hər halda mənimlə üzləşdirmə zamanı o əsəbləşib əhvalı pozulduqda müstəntiq Nizami Məhərrəmova "özümü pis hiss edirəm, dərman atmalıyam, Vüqar müəllim işdədir?” sualını verdi.
1. Məhkəmə iclasları zamanı bu qədər əsəbi, aqressiv olmasının da səbəbi odur ki, həmin gün narkotik qəbul edə bilmir, polis qadağan edib. Hakimiyyətə yaxın mətbuat orqanları müsavatçının Qarabağ əlilini döyməsi haqqında hay-küy qaldırmışdılar. Guya əlillərin qayğısına qalırlar. Bir neçə gün öncə özünü yandıran Zaur Həsənovun timsalında gördük "qayğınızı”.
2. Bəlkə Qarabağ qazisi Tofiq Yaqublunu artıq 1 ildir haqsız həbsdə saxlamağınızdır "qayğı”? R.Kərimov bəlkə də müharibədə aldığı yaraların ağrı-acısından narkotikə qurşanıb. Bundan istifadə edərək onu işverən, üzəduran səviyyəsinə qədər alçaltmanızdırmı qayğı?
Bu hakimiyyət nə qədər vətəndaşı "yalançı şahid” kimi şərəfsiz peşə sahibi edib? Təkcə mənim işimdə yeddisi keçir. Hətta həqiqətən cinayət törətmiş insanları tutarkən prosedur qaydalarına riayət olunmur. Əvəzində hər kəsə qarşı və hər şeyə şahidlik etməyə hazır olan yalançı şahidlərin xidmətindən istifadə olunur. Bir hakimiyyət də öz vətəndaşlarını bu qədər alçaldarmı?
İnsanlar siyasi görüşlərinə görə həbs edilir, sonra da sındırılaraq əqidələrindən dönmələri tələb olunur. "Qarabağ ermənilərindir” deməyin, Azərbaycan bayrağını təhqir etməyin tələb olunduğu erməni əsirliyi ilə Azərbaycan həbsxanalarının fərqi nədir? Narkotik maddələrin istifadəsi ittihamı ilə həbs olunmuş 2 siyasi məhbusun son aylarda öz partiyalarından çıxıb YAP-a keçmələri təntənə ilə elan olunub. Əgər narkomandırlarsa, YAP-a keçmələrinə niyə belə sevinirsiniz? O məhbuslardan biri II qrup əlil idi. Bir insanın əlilliyindən bu qədər mənəviyyatsızca istifadə etmək olarmı?
Təkcə siyasi deyil, dini, milli, ümumiyyətlə, hər hansı bir insan hüququndan söz açan dərhal həbs olunur. Sanki insan deyilik və hüquqlarımız da yoxmuş. Alim demirlər, ziyalı demirlər, dindar demirlər, ruhani demirlər, hamının cibinə narkotik atıb tuturlar. Ölkədə məhbusluğun neçə növü olarmış... Vicdan məhbusu, hicab məhbusu, "Eurovizion” məhbusları, "Molotov məhbusları”, İsmayıllı məhbusları, Quba məhbusları, "Binə” məhbusları... Avqustun sonunda Xəzər-Lənkəran-Neftçi oyunundan sonra hətta futbol məhbusları da peyda oldu. Öz xalqına bu qədər düşmən kəsilməyin səbəbi nədir?
Mən Müsavat başqanının milli məsələlər üzrə müşaviriyəm. Rusiyada FTX-nin qucağında oturmuş agentlərin qeyri-türk etnoslara mənsub gənclərin beyinlərini zəhərləmə, xalqlarımız arasında nifaq toxumu səpmə cəhdlərini öz savadım və arqumentlərimlə ifşa edirdim. Yadımdadır, bir neçə talış gənci etiraf edirdilər ki, yalnız mənim internetdə fəallığım onların gözünü açıb, agentlərin təsirinə düşməyə qoymayıb. Amma ən dəhşətlisi o idi ki, belə zəhəri yayanlar təkcə rus agentləri deyildilər. Bizim xüsusi xidmət orqanlarının agenti olduqlarına şübhə etmədiyim adamlar da bu işlə məşğul idilər. Onlar ən kiçik məmurun belə ünvanına bir tənqid demirdilər. Əvəzində Azərbaycan dövlətini, Azərbaycan türklərini təhqir edirdilər. Kimsə onlara toxunmur, bu gün də Lənkəranda asudə şəkildə yaşayırlar. Bunun müqabilində mən, Azərbaycan xalqları arasında nifaq toxumlarına imkan verməyən, bu xalqların qardaşlıq və bərabərlik halında yaşamalarının davamına çalışan, "parçala, hökm sür” siyasətini ifşa etdiyimə görə həbs olundum. Üzümü hakimiyyətə tutub məşhur lətifədəki sualı vermək istəyirəm: siz kimin əmisioğlusunuz? Nəyə nail olmağa çalışırsınız?
Elşad Abdullayevin videosunda Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağabala Babayevin "bunlar faşistdən də pisdirlər” fikri çoxuna şişirtmə görünə bilər. Lakin xatırlayaq ki, nasist məhkəməsi Reyxstaqın yandırılmasında ittiham olunan kommunist Dimitrovun arqumentləri qarşısında duruş gətirməyib bəraət hökmü çıxarmışdı. Azərbaycan məhkəmələrində isə müsavatçının, hakimiyyətə müxalif olan digər şəxslərin bəraət alması presedenti hələ olmayıb. Atılan böhtan nə qədər ağlasığmaz olsa da, ittiham nə qədər bərbad tərtib edilsə də, müdafiənin arqumentləri daşı dəlib keçsə də, xeyri yoxdur. Onsuz da hakimlər sifarişə uyğun hökm çıxaracaqlar. Türk müğənnisi Yalın demişkən:
Bu nasıl bir cümhuriyyət,
Səninki nasıl bir hakimiyyət?
Həbs olunmamışdan öncə də Azərbaycan məhkəmələrinin ədalətdən uzaq olduğunu bilirdim. Ancaq həbsim müddətində gördüklərimdən dəhşətə gəldim. Sözlə ifadəsi mümkün olmayan rəzalət yaşanır. Ədalət ilahəsi Femidanı özünü sağa da, sola da satan pozğun qadına çeviriblər. Son 4 ayda istintaq hərəkətləri və məhkəmə prosesi ilə əlaqədar mütəmadi olaraq Lənkərana aparılıb-gətirilirəm, dustaqlarla təmasda oluram. Onlar sanki ədalət önünə deyil, bazara, möhtəkir yanına gedəcəklərmiş kimi davranırlar. Çünki ədaləti satılı əmtəəyə çeviriblər. Son aylarda istər Lənkəran rayon məhkəməsində, istər Lənkəran Ağır Cinayətlər Məhkəməsində kimin hansı məbləğ müqabilində nə qədər iş aldığını əzbər bilirəm. Dustaqlar arasında bu tipli söhbətləri təsəvvür edə bilsəydiniz... Məsələn, filankəsdə də sənin maddən idi, 5 min verdi 1 il iş aldı. Və ya filankəsdən bu maddəyə görə 10 min almışdılar, səni aldadıb çox alıblar. Sanki bazarda aldadıb xiyar-pomidoru baha satıblar. Vay o haldan ki, müstəntiqin, hakimin önünə az-maz rifahı olan, lakin qanunlardan bixəbər birisi çıxa! Mal-qarasını, sonuncu toyuq-cücəsini satana qədər soyacaqlar. Başqalarına 5 manata satdıqları Femidanı ona 50 manata sırıyacaqlar. Dəhşətli məqamlardan biri də odur ki, dövlət tərəfindən (əslində isə müstəntiq tərəfindən) təyin edilən vəkillərin də əksəriyyəti bu işdə onlara yardım edirlər.
Axı azacıq vicdanı və ləyaqəti olan şəxs bu zülmə necə biganə qala bilər? Hakimiyyət məni cəzalandırdığını, əzab verdiyini düşünürsə, çox yanılır. Mən elə azadlıqda da əzab çəkirdim. Yuxarıda sadaladıqlarıma görə, neft pullarının havaya sovrulduğuna görə, insanımızın bütün hüquq və azadlıqlardan məhrum edilməsinə görə, XXI əsrdə ölkənin orta əsr düşüncəsi ilə idarə olunmasına görə əzab çəkirdim. Təqaüdü dərmanına yetməyən qocalara görə, sosial yardımı yeyilən kasıblara görə, uçuq-sökük məktəblərdə təhsil alan uşaqlara görə, narkotikin məhv etdiyi gənclərə və dağılan ailələrə görə, Rusiyaya işləməyə gedən övladına həsrət valideynlərə, atalarına həsrət övladlara görə, bir gədanın əmri ilə küçələri süpürməyə çıxan Lənkəran həkim və müəllimlərinə görə əzab çəkirdim və susmurdum. Yazdığım məqalələrdə Lənkəran İcra Hakimiyyətinin yarıtmaz fəaliyyətini və "gözə kül üfürmə” siyasətini tənqid etdiyimə görə həbs olundum. Lənkəran polisində müəmmalı şəkildə həlak olmuş Cəmil adlı Velədi kənd sakininin qardaşının harayını videoya çəkib internetdə yerləşdirdiyimə görə həbs olundum. Lənkəranın sosial bəlasına çevrilən narkotik ticarəti haqqında informasiya topladığıma görə həbs olundum. Siyasi, milli, dini hüquqları müdafiə etdiyim üçün həbs olundum. Uzun müddət sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etdiyimə görə həbs olundum. Seçki ilində yanvar ayında prezidentliyə namizədliyini irəli sürmüş Müsavat başqanı İsa Qəmbəri elə yanvar ayında Lənkərana dəvət etdiyim və onun Lənkəran əhalisi ilə təmasına çalışdığım üçün həbs olundum. Həmin səfər zamanı rejim İsa Qəmbərə hücum təşkil etdi və onu müşayiət edən müsavatçıların avtomobillərini dağıtdı, özlərinə də xəsarət yetirdilər. Məhz bu tarixdən etibarən rejim mənim həbsim üçün planlarını qətiləşdirməyə qərar vermişdi. Çox maraqlıdır ki, Lənkəran məhkəməsi bu saxta ittihamlar üzrə hökmü də mənə İsa Qəmbərin 1 il əvvəl Lənkərana səfəri günü -13 yanvarda oxuyacaq. Lənkəran kimi çoxsaylı əhaliyə malik rayonda Müsavat Partiyasının və ümumən müxalifətin fəaliyyətini zəiflətmək məqsədilə həbs olundum. Bir sözlə, mən iliyinə qədər müsavatçı, Azərbaycan sevdalısı, hürriyyətsevər olduğuma görə həbs olundum. Bununla məni susduracağınızımı sanırsınız? Yanılırsınız. Ölməz şairimiz müsavatçı Əhməd Cavadın
"Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram”
misraları biz müsavatçıların həyat devizidir.
Əhməd Cavad Stalin repressiyalarının qurbanı oldu. Bu zalda da Lənkəranın qocaman müəllimlərindən, əski müsavatçılar nəslinin nümayəndəsi Adil Əsədov əyləşib. Baxmayaraq ki, bu gün onun 80 illik yubileyidir, bütün məhkəmə iclaslarında olduğu kimi, indi də mənə mənəvi dəstək verməyə gəlib. Onu təbrik edirəm və qarşısında baş əyirəm. Adil müəllimin atası İbad Əsədov 20-30-cu illərdə bir neçə dəfə həbs olunub. Sonuncu dəfə Adil müəllimin doğumundan az sonra Sibirə sürgün edilərək orada vəfat edib. Bu prosesdə Adil müəllimin hansı hisslər yaşadığını təxmin etmək çətin deyil. O, dövlət ittihamçısının da, hakimin də simasında atasını gedər-gəlməzə göndərmiş daşnak-bolşevik zehniyyətinin inikasını görür. Bəlkə də məhz buna görə hər məhkəmə iclasından sonra mənimlə sağollaşanda gözlərində yaş görürəm.
Təəssüf, çox təəssüf ki, müstəqil Azərbaycan dövlətində müsavatçılara qarşı daşnak-bolşevik siyasəti davam etdirilir. Müsavat Partiyasının ölkəyə bəxş etdiyi bayrağın və gerbin altında əyləşənlər müsavatçılıq məfkurəsinin daşıyıcılarını repressiyaya məruz qoyurlar. Lakin bu siyasət Müsavat Partiyasının, ölkənin azadlıqsevər ictimaiyyətinin demokratik və hüquqi dövlət, ədalətli cəmiyyət uğrunda mübarizəsini durdura bilməyəcək. Böyük Rəsulzadənin "Azərbaycan davası” adlandırdığı müqəddəs davamız labüd qələbəyə qədər davam edəcək. Əgər müsavatçı sələflərimiz amansız Stalin repressiyaları qarşısında Şimal Buzlu okean adalarında və Sibir buzlaqlarındakı ölüm düşərgələrində sınmayaraq, əqidələrinə sadiq qaldılarsa, bizə də onlara layiq olmaq düşər. Əgər qəbilə halında yaşayan CAR zəncilərindən öz amalı uğrunda 27 il həbsxanada yatmış Nelson Mandela çıxırsa, Azərbaycan xalqı kimi zəngin tarixə və mədəniyyətə malik toplumda millətinə görə həbsə hazır Yadigar Sadıqov olmazmı olur?
Henri Toronun "Ədalətsiz dövlətdə ədalətli insanın yeri həbsxanadır” fikri var. Mən də iyunun 27-də qoluma vurulan qandalları Tanrının lütfü kimi qəbul etdim. Zalım hakimiyyətdən qandal almaq bir mükafatdır. Bu gün içində olduğum bu qəfəsi həyatımda yetdiyim ən yüksək məqam sayıram. Çünki məni buraya cinayət deyil, Vətənim və millətim naminə apardığım mübarizə yolu gətirib. Mən bu yolun heç bir qarışına görə peşman deyiləm, əksinə onunla qürur duyuram.
Cənab dövlət ittihamçısı və hakim!
Bayaqdan mən sizlərə deyil, zaldakılara xitab edərək danışıram. İndi isə üzümü sizə tutub soruşmaq istəyirəm: günahsız insanı məhkum edərkən heçmi vicdan əzabı çəkmirsiniz? Axı bu təkcə bir kişinin müəyyən müddətə həbs olunması deyil. Həm də valideynlərinin, xanımının, övladlarının, digər sevənlərinin həsrəti, ah-naləsi, göz yaşlarıdır. Bu boyda günahın altına necə girə bilirsiniz, gecələr necə yatırsınız, güzgüdə özünüzü görəndə necə utanmırsınız? Sanmayın ki, bunları ürəyinizi yumşaltmaq, cəzanı yüngülləşdirmək məqsədilə söyləyirəm. Mənə, doğrudan da, çox maraqlıdır. Bilirsiniz, uzun müddət müəllim işləmişəm. Olub ki, tələbə "yaxşı” ilə "əla” arasında cavab verib, qiymətini "yaxşı”ya daha layiq bilmişəm. Sonra da gün ərzində xatırlayıb özümdən soruşmuşam ki, görəsən, o tələbəyə qarşı ədalətsizlik etmədinmi, haqqını yemədim ki? Bəz siz belə duyğusuz olmağı necə bacarırsınız? Uşaqlıqda bir kitab oxuyanda, bir filmə baxanda mənfi personajdan, yoxsa müsbətdən nümunə götürmək istərdiniz? "Dədə Qorqud”da Yalıncığımı örnək seçdiniz? Niyə "aldadıb ər tutmaq arvad işidir” deyən Beyrəyə oxşamağa calışmadınız?
Sizlər bəlkə də düşünürsünüz ki, Yadigar Sadıqovun həbsi, cəza müddəti haqqında qərar başqa yerdə, başqa şəxslər tərəfindən qəbul olunub, sizin günahınız yoxdur. O zaman yadınıza Fransa istehsalı olan "Oyuncaq” filmindən bir səhnəni salmaq istəyirəm. Despot bir kapitalist öz işçisinə şalvarını çıxarıb ofisdə gəzməyi əmr edir. İşçi şalvarını çıxarandan sonra rəislə arasında belə bir dialoq yaşanır:
- Siz nə edirsiniz?
- Şalvarımı çıxardım, necə ki, siz istəmişdiniz.
- Deməli, siz bu halda ofisi gəzərək öz dalınızı işçilərə göstərməyə hazırsınız?
- Axı siz əmr etdiniz.
- İndi deyin görək, kim daha dəhşətlidir: sizə şalvarınızı çıxarmağı əmr edən mən, ya da elə ilk tələbdə şalvarınızı çıxarmağa hazır olan siz?
Cənab hakim və prokuror!
Siz necə, cavab verə bilərsinizmi, kim daha dəhşətlidir – sizə günahsız insanı həbs etməyi əmr edənlər, ya da bu əmri dinməz-söyləməz yerinə yetirən sizlər? Bəlkə siz bu qədər əmrə müntəzir, bu qədər buyruq qulu olmasaydınız, onlar da bu qədər zalım olmazdılar.
Əmrin özünə aid hissəsini ittihamçı Elnar Əli oğlu Hüseynov artıq yerinə yetirib. Bu səbəbdən yalnız hakim Elçin Məmməd oğlu Kazımova müraciət edirəm. Bilirəm faydası yoxdur, lakin borcumu yerinə yetirirəm. Çünki Həzrət Əlinin ölüm ayağında söylədiyi nəsihət var: "İnsanları yaxşı əməllərə çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin. Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas üçün dua edərsiniz, fəqət Allah dualarınızı müstəcəb etməz.” Mən də o böyük insanın tövsiyəsinə əməl edərək sizi ədalətsizlikdən çəkinməyə, mənə bəraət verməyə çağırıram. Bilirəm, Lənkəran məhkəməsinin sədri kimi səlahiyyətlərinizdən istifadə edərək bu işi icraatınıza götürmüsünüz ki, fürsətdən yararlanaraq, özünüzü yuxarılara tanıdasınız. Bilsinlər ki, Lənkəranda belə bir hakim var ki, sifarişi dinməz-söyləməz yerinə yetirir, bəlkə qabağa çəkdilər. Mən isə sizi daha yuxarıları düşünməyə, ilahi ədalət qarşısında duracağınız anı düşünməyə çağırıram.
Deyirlər ki, Yaradan mələklərə yalnız ağıl, heyvanlara yalnız şəhvət, insanlara isə hər ikisini bəxş edib. Ağlı şəhvətindən üstün olan insan mələk səviyyəsinə qalxır, əksinə olanda isə heyvan səviyyəsinə enir. Məncə, heyvandan fərqli olaraq, insan şəhvəti yalnız cinsi istək deyil, yeyib-içməklə, var-dövlətlə, şöhrətpərəstliklə, vəzifə ilə də bağlıdır. Sizi şəhvətinizə deyil, ağıl və vicdanınıza ram olmağa çağırıram.
İndi isə seçim sizindir. Buyurun, verəcəyiniz hökmü dinləməyə hazıram. Son sözüm isə budur ki,
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!
Vətən sağ olsun!
Millət sağ olsun!
Müsavat sağ olsun!”