Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha 3 görüşü keçirilib.
Günün mərkəzi görüşü Respublika stadionunda baş tutub. Burada əzəli rəqiblər "Neftçi" və "Xəzər Lankon" komandaları üz-üzə gəlib. Premyer Liqada 1-ci, 2-ci yerləri bölüşən komandaların kubokdakı dueli də böyük maraq doğururdu. Olduqca dramatik şəraitdə keçən görüşdə "Xəzər Lankon" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Matçın sonlarına doğru "Neftçi" nə qədər çalışsa da, hesabı bərabərləşdirə bilməyib. "Neftçi" bu məğlubiyyətlə səfər oyununda işini daha da çətinə salıb.
Oyunda bir sıra ilklərə imza atılıb. Belə ki, indiyədək baş tutan 17 derbinin heç birində qapılara 7 qol vurulmamışdı. İndiyədək rekord 2005-2006 mövsümündə Bakıda baş tutan oyun hesab olunurdu. Həmin qarşılaşmada qapılara 4 qol vurulmuşdu və matç 2:2 hesabı ilə yekunlaşmışdı. Bu dəfə isə iki komandanın qapısına 7 qol vuruldu. Derbilərdə məhsuldarlığın adətən aşağı olduğunu nəzərə alsaq, yəqin ki, bu rekord yaxın vaxtlarda qırılmayacaq.
Bu oyunda həmçinin derbi iştirakçıları iki qolluq həddi də aşdı. Belə ki, indiyədək heç bir komanda bir oyunda ikidən artıq qol vurmamışdı. Bu dəfə isə həm "Xəzər Lankon" (4 qol), həm də "Neftçi" (3 qol) bu həddi aşdı.