Satqın kimə deyirlər?
Elə yalnız cəbhədə əlini qaldırana?
Yox, satqınlıq dünyada çeşid-çeşid, növbənöv..
Bəzən könlüm üşünür,
Məni çox düşündürür
Bir misqal, yarım misqal şöhrətə satılanlar,
Atasından xəbərsiz adətə satılanlar.
Nə qədər növləri var:
Biryolluq satılanlar, tədricən satılanlar,
Çağırın gecə yarı,
Hətta gözüyumulu göstərərəm onları.
“Satım, satmayım...”
deyən miyanə satqınları,
Qiyabi satqınları,
əyani satqınları.
Eləsi var...andırır
bazara çıxarılmış
sapılcanı, satılı.
Heç alan yox, satılır.
Satış qiyməti növ-növ,
enir, qalxır bir daha:
-Beş min!
-On min!
-Əlli min!
Məzənnəsi qalxdıqca, satqınlığı tündləşir.
Kor eşşək dərisinə dəyməsə də vücudu,
İş başında şirdi, “şir!”.
Neçə traktor salıb
qədim bir qəbristanı
Qara quma döndərən,
Hökmdar çinarları şah təxtindən endirən,
Qırqovulu, ceyranı o dünyaya göndərən
Min illik abidəni ilim-ilim itirən,
Yerində kəfən kimi şöhrət kolu bitirən
Satqınlar görmüşəm mən.
İmansızı, qansızı
Yalandan mədh eyləyən
Alçağı ülvi kimi
əzizləyən görmüşəm.
Qatilin əllərini qızıl qan ləkəsindən
Təmizləyən görmüşəm.
Məni görsə saralır, dönüb olur bir cücü.
Məsti ayıq tanıyır, fərarini döyüşçü.
Satqın kimə deyilir?
Elə yalnız cəbhədə
əlini qaldırana?
Yox, yox...
Kainat bir cəbhədir, mən də daim cəbhədə
Bu cəbhədə üz-üzədir
Qəhrəman da, qəhbə də!