Главная » 2011»Февраль»17 » «WikiLeaks» Azərbaycan hakimiyyətini növbəti dəfə ifşa etdi
12:27
«WikiLeaks» Azərbaycan hakimiyyətini növbəti dəfə ifşa etdi
«Azərbaycan iqtidarı dövlətlərarası münasibətlərdən sülalə rejiminin davamlı olması üçün yararlanır»
ABŞ-ın dünyanın müxtəlif ölkələrində çalışan diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan "WikiLeaks” saytı Azərbaycanın adının keçdiyi növbəti gizli teleqramı yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili olmuş Donald Lunun 2009-cu il yanvarın 13-də Vaşinqtona göndərdiyi "Azərbaycanın ikiüzlü Israil siyasəti” başlıqlı məxfi məktubunda Bakı-Tel-Əviv münasibətlərinin pərdəarxası öz əksini tapıb.
Diplomat bildirib ki, Azərbaycan rəhbəri Ilham Əliyev ölkəsinin Israillə hərbi münasibətlərinin yaxşı olmasını vurğulasa da, bəzi hallarda iki ölkə arasında anlaşılmaz siyasi əlaqələrin varlığını etiraf edir. Azərbaycan və Israil hökumətlərini Iran təhlükəsi daha sıx birləşməyə vadar edir.
Donald Lunun məxfi məktubunda o da qeyd olunur ki, Azərbaycanda qarşılaşdıqları korrupsiya və rüşvət halları israilli iş adamlarını dəhşətə gətirib. Israilli sahibkarlar keçmiş sovet ölkələrindən Qazaxıstanla müqayisədə Azərbaycanda məmur özbaşınalığı və rüşvət hallarından şikayətləniblər. Onlar Qazaxıstanda iş görmək üçün bir dəfə rüşvət alındığını, Azərbaycanda eyni fəaliyyət sahəsiylə bağlı isə dəfələrlə və müxtəlif dövlət qurumlarının rüşvət tələb etdiyini bildiriblər.
"WikiLeaks” saytının yayımladığı məxfi məktubda digər maraqlı məqam isə Azərbaycan hakimiyyətinin dövlətlərarası münasibətlərindən şəxsi maraqlar və sülalə rejiminin davamlı olması naminə istifadə etməsidir. Donald Lu "mərkəz”ə göndərdiyi məxfi teleqramında yazır ki, Azərbaycan hakimiyyəti Israillə münasibətləri ona görə yaxşı saxlayır ki, ABŞ-dakı yəhudi lobbisi Ilham Əliyevin başçılıq etdiyi iqtidarı Amerika ictimai-siyasi səhnəsində dəstəkləsin.