Əvəz Zeynallıya 9 il oxudular, 9 ili elə oxudular ki, sanki 9 sutkanı oxuyurdular. Təbii ki, belə də olmalıydı, kiminsə balasının göz yaşını öz balasına yedizdirənlərdən, kiminsə qanını sovurub, dolananlardan bundan artığını, yəni ədalətə tərəf hökm çıxarılmasını gözləmək sadəlövhlük olardı. Əvəz Zeynallı 9!.....
....Respublikanın bir-iki müstəqil qəzeti var idi ki, onlardan da biri "Xural” idi. "Xural” Azərbaycan mətbuatının tam satılmadığının bariz nümunəsi idi. "Xural” əsl demokratiya təcəssümü idi, hamı orda sözünü deyə bilirdi. "Xural” həmişə haqlının yanında olmağa çalışdı, "Xural” iribuynuzlulara "bir gün buynuzlarınız sınar” deməyi bacaran qəzet idi və... Və haqqı tanımayanlar, ölkəni rüşvət girdabına sürüyənlər, güzgüdə özlərinə baxıb şəyatin görənlər bunu sinirə bilmədilər, "Xural susmalıdır!” hökmünü verdilər......
... Əvəz Azərbaycanı necə görmək istəyirdisə, bunu özünün "Selcanın məmləkəti” baş yazısında yazırdı, indi zindanda da bu adda kitab yazır, yazsın, ancaq... Əvəz, budurmu Selcanın məmləkəti? Selcanın məmləkətində də haqsız yerə insanları zindanlara doldurarlar? Selcanın məmləkətində də dostu, həmkəndlini çörəklə sınağa çəkib, dostun, həmkəndlinin üzünə durğuzarlar? Selcanın məmləkətində də utanmadan, qızarmadan, kəkələmədən, "təki qarnım tox olsun, kimə nə desələr oxuyaram” əqidəli hakimlər, saxta ittiham aktlarını oxuyan, onu müdafiə edən prokurorlar olarmı? Əvəz, Selcanlar bu cür məmləkəti istəməzlər, onlar bizim dəyişə bilmədiyimiz, bizim dəyişməyə cürətimiz çatmadığı "ədalətli məhkəməsi” olan "məmləkətdə” yaşamaq istəməzlər! Yaşamaq zorunda qalsalar isə daima bizləri nəhlətlə yad edəcəklər, nəhlətlə yad edəcəklər ki, biz bu məmləkəti dəyişməyə cəhd etmədik, əvəzində özümüz dəyişdik, özümüzü bu cür mühitdə yaşamağa vadar etdik, biqələmun olduq...
... "Xural”a basqılar artdı, cərimələr cərimə üstə gəldi, toparlaşdıq, hərəmiz bir-iki manat atışıb cərimələri verməyə başladıq, "Xural” haqq yolundan dönməzliyini, heç kəsə əyilməyəcəyini bu cərimələri ödəməyə başlamaqla bəyan etdi, şeytanın ordusu isə bunu həzm edə bilmədi! Kardinallar, hersoqlar, baronlar, nə bilim daha kimlər yığışıb fitva verdilər: "Əvəz yatmalıdır!”....
... Əvəz, gördünmü bu məmləkət Selcanların məmləkəti ola bilməz? Bu məmləkət bir milyona ayı əti yeyənlərin, məzələnmək üçün dənizdə yaxtalarını batıranların, qul bazarından qul alıb, onu həyətində it zəncirinə bağladıb, axşamacan hürdürənlərin, əsgərini öldürüb, onun daxili orqanlarını satanların, doğum evindən qəbr evinəcən rüşvət verənlərin, rüşvəti Allahın adıyla "HAQQ” çağırıb alanların, Milli Məclisdə "bir milyonluq dəyəri” olan kresloda oturub, bizim adımızla manipulyasiya edib, bizim lehimizə bir qərar vermək iqtidarında ola bilməyənlərin, bizi adam yerinə saymayanların məmləkətidir.....
... Hörmətsiz kardinallar, baronlar, hersoqlar, daha nə bilim kimlər, rahatlanın, hələlik rahatlanın, sizin qul beçələriniz Əvəzə 9 il oxudular, ancaq bu rahatlığınız çox çəkməz, çünki bu məmləkətdəki bütün ƏVƏZləri zindanlara doldura bilməzsiniz! ƏVƏZin ƏVƏZini isə sizdən soran tapılacaq, və biz həqiqətən də ƏVƏZin görmək istədiyi "Selcanın məmləkətini” quracağıq, qurmalıyıq, qurmasaq gələcək nəsillər bizi də "ərzubillahu minə şeytanul rəcim” deyərək bu günkü kardinallara, hersoqlara, baronlara qataraq yad edəcəklər. Hələlik isə bir şay deyə bilərəm: Allah qapını açsın, QARDAŞIM!
Sonunda bir neçə ay bundan əvvəl Hilal Məmmədov tutulanda yazdığım yazıdan bir cümləni də bura əlavə etmək istəyirəm: "Həyat onsuz da zindandır, sadəcə barmaqlıqların o yan, bu yanı var”....
Rafiq Cəlilov
|