Hazırda həbsdə saxlanılan "Tolişi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi bu günlərdə toplantı keçirib. Müttəhimin vəkili Xalid Bağırov H.Məmmədovun bu il iyunun 21-də narkotik maddə saxlamaq ittihamı ilə həbs olunduğunu bildirib.
Daha sonra H.Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283-cü (milli, dini, irqi ayrı-seçkilik) maddələrilə ittiham irəli sürülüb. İstintaq başa çatıb, cinayət işi məhkəməyə göndərilməyə hazırlandıb.
Vəkil bu ittihamların heç birinin əsasının olmadığını deyib. İstintaqın tərtib etdiyi ittiham aktını hüquqi sənəd yox, publisistik məqalə adlandırıb. Adı çəkilən ittihamda N.Məmmədova qarşı birbaşa şahid yoxdur. H.Məmmədova qarşı dövlətə xəyanət ittihami bir-iki "şahid”in H.Məmmədovun haradasa, kiməsə dövlət əleyhinə nəsə dediyini eşitmələri haqda mülahizələr üzərində qurulub.
X.Bağırov H.Məmmədovla bağlı 8 cildlik cinayət materiallarının 4 cildindən birinin Talış Mədəniyyət Mərkəzinin mərhum rəhbəri Novruzəli Məmmədovun cinayət işinin surəti olduğunu bildirib. Qalan 3 cild isə 1993-cü ildə "Talış Muğan Pespublikası” yaradan Əlikram Hümbətovun cinayət işinin surətləridir. Cinayət materiallarında hətta 1993-cü ildə "TMR-in yaradılması”nı belə H.Məmmədova aid etmək cəhdi var. H.Məmmədovun İranın "Səhər” telekanalının "Kompas” proqramına verdiyi müsahibələr istintaq tərəfindən dövlət əleyhinə xəyanət kateqoriyasına daxil edilib.
Müttəhimə qarşı milli, dini, irqi ayrı-seçkilik ittihamına gəlincə, burada onun "Talişi sədo” qəzetində talış dilində dərc edilən iki məqaləsinə, dövlət başçısına qəzetin həftədə bir dəfə nəşr edilməsinə dair müraciətinə əsaslanılıb. Talış dilindəki iki məqalə Azərbaycan dilinə tərcümə edilib. Məqalədən bəzi cümlələr seçilərək hansısa linqvistlərin "milli ədavəti qızışdırmaq” rəylərilə ittiham kimi qəbul olunub. "Bu ittihama nə ad istəsən vermək olar, ədəbi, siyasi, təkcə hüquqi ittihamdan başqa”, - X.Bağırov vurğulayıb.
Müdafiə Komitəsi H.Məmmədovun məhkəmə prosesinin qapalı keçiriləcəyi haqda dolayı informasiyalara malik olduğunu bildirərək Ali Məhkəməyə prosesin açıq keçirilməsilə bağlı müraciət ünvanlayıb.