Lənkəranın Tütəpeştə kəndində yerləşən 9 illik əsas məktəb bərbad vəziyyətdədir. İki binada yerləşən məktəbin hər iki korpusu tədris üçün yararsız vəziyyətdədir. Amma nisbətən köhnə tikili nəinki tədrisə yararsızdır, üstəlik həyat üçün də təhlükəlidir. Bu binanın döşəməsinə aşağıdan dirək dayaq qoyulub ki, tamamən uçmasın, pilləkən yarıuçmuş vəziyyətdədir, binanın ümumi görünüşü də acınacaqlı mənzərə yaradır.
Kənd sakini Ramin Qurbanov söyləyir ki, məktəbin köhnə korpusu təqribən 1920-ci ildə şəxsi ev olaraq tikilib və artıq neçə illərdir ki, itifadəyə yararsız vəziyyətdədir: "Bir neçə dəfə şəxsən mətbuatda bu məsələni qabartmağa çalışmışam. Rəsmilər də hər dəfə "bu yaxınlarda yeni bina tikəcəyik” vədini versələr də, illər keçir, problem həll olmur. Belə bir məktəbdə tədrislə XXI əsrin tələblərini ödəmək olarmı?”, - deyə o sual edir.
Kəndin bir başqa sakini, Sadir Salayev söyləyir ki, vaxtilə bu köhnə bina onun qohumuna məxsus olub: "Anamın dayısı 1920-ci illərdə bolşeviklərin NEP siyasəti zamanı bir qədər zənginləşib və bu binanı tikib. Az sonra özünü qolçomaq elan edib sürgünə yollayıblar, evini isə müsadirə ediblər. İndi burada məktəb yerləşir, halbuki qəzalı vəziyyətdə olduğunu görmək üçün mütəxəssis olmaq lazım deyil”.
Kənd ağsaqqallarından Əli Qurbanovun nəvələri də bu məktəbdə oxuyur. Əli dayı deyir ki, uşaqların tədris dərdi yaddan çıxıb, məktəbdən sağ-salamat qayıtmaları üçün hər gün Allaha dua edirlər: "Daim televiziyada idmana qayğıdan danışırlar. Bizim kəndin uşaqları payız və qış aylarında "Bədən tərbiyəsi” dərsini sinif otaqlarında söhbət eləməklə keçirirlər. Çünki idman zalı yoxdur. Yaz gələndə isə açıq havada məşğul olurlar”.
Problemlə bağlı rəsmilərin mövqeyini öyrənmək üçün Lənkəran Təhsil şöbəsində olduq. Şöbənin müdir müavini Güloğlan Bağırov bildirdi ki, 2013-cü ildə Lənkəranda bir neçə məktəb, o cümlədən Tütəpeştə əsas məktəbi üçün yeni bina tikilməsi planlaşdırılır. Dərs ili bitən kimi bu sahədə işlər başlayacaq.
Kənd sakinlərinə bu dəfəki vədin gerçəkləşəcəyinə və yeni məktəb binası tikilənə qədər Tütəpeştə məktəbində bədbəxt hadisə baş verməyəcəyinə ümid etməkdən başqa çarəsi qalmır.