Главная » 2011»Июнь»13 » “The Washington Post”: “Eurovision” Azərbaycanı azad edəcəkmi?
16:27
“The Washington Post”: “Eurovision” Azərbaycanı azad edəcəkmi?
Rusiya və İran arasında yerləşən bu avtoritar ölkə ötən ay «Eurovision» müsabiqəsində qalib gəlib. İndi azərbaycanlıları bir sual düşündürür - rok-n-rol onları azad edəcəkmi?
«Eurovision» qələbəsi özünə az qiymət verildiyini düşünən bu millətə təkcə qürurdan başgicəlləndirmə gətirmədi. Mayda Bakı 43 ölkənin təmsilçisinin konsertini təşkil edəcək. Bunun üçün yuxarı eşelondan tolerantlıq tələb olunur - narıncı saçlı və yaşıl sağanaqlı eynək taxmış fanatları təsəvvür edin. Təbii ki, həm də sərhədsiz söz azadlığı lazımdır.
Azərbaycanda hökumətin tənqidçiləri Avropanın qəfil diqqətindən və hakimiyyətin dostluq istəyindən istifadə edib demokratik islahatlara çağırırlar. Hakimiyyət jurnalistləri, opponentlərini həbs edir. Tunis və Misirdəki iğtişaşlardan sonra mart və apreldə gənclərin Bakıda təşkil etdiyi nümayişləri dağıdıb.
***
«Bilirsiz ki, rok azad adamların musiqisidir». 30-dan çox vətəndaş cəmiyyəti üzvü mayın 26-da prezident İlham Əliyevə məktub göndərərək «Eurovision»dan əvvəl jurnalistləri və insan haqları fəallarını buraxmağı xahiş etmişdilər.
ABŞ səfiri Metyu Brayza (Matthew J.Bryza) isə jurnalist Eynulla Fətullayev azadlığa buraxılanda «ümid edirəm bu, Azərbaycan üçün yeni eranın başlanğıcıdır. «Eurovision 2012»yə hazırlığa başlamaq üçün çox gözəl bir yoldur» demişdi.
Dünyəvi müsəlman ölkəsi olan Azərbaycan bir əlini inamla Avropa və Qərbə uzatsa da, o biri əli ölkə daxilində hakimiyyət və sərvətə nəzarət edir. Enerji təhlükəsizliyi və strateji mövqeyi Azərbaycanı Birləşmiş Ştatlar üçün də əhəmiyyətli edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri sutkada bir milyon barel neft vurur. Bununla da Qərbin enerji təchizatı şaxələnir və Yaxın Şərqdən enerji asılılığı azalır.
***
Burda qazanmağa pul var, bu pul bütün Bakı üzərində hiss olunur. Şəhər boyu gözəl mənzərəli parklar, beşulduzlu otellər, «Kenzo», «Armani» və «Escada» mağazaları...
Sakinlər ailəlikcə neft iyi gələn Xəzər sahillərində gəzişir, popkorn yeyir, «Cola» içir, kafelərdə çay içməyə oturur. 12-ci əsrdən qalmış divarlar səliqəylə qorunan İçərişəhəri əhatəyə alıb. Burda 14-cü əsrin karvan dükanları restorana çevrilib. Yeni incəsənət nümunəsi olan binalar isə kosmopolit görünür. 350 milyon dollarlıq üç alov diliminə oxşar göydələnlər də bu sıradandır.
«Pizza Hat» olan şəhəri sevəcəksiz, ancaq Bakının gözəlliklərindən başqa gözə görünməyən məqamlar da var – «Facebook» şəbəkəsində oturanlarla onları idarə edənlər arasında mübarizə gedir. Bu mübarizə Qərbə qovuşmaq istəyənlərlə buna şübhəylə yanaşanlar arasındadır.
***
Rəqəmlər və zaman gənclərin xeyrinədir. 9 milyonluq bu ölkədə orta yaş həddi 30-dan azdır. Son üç ay ərzində «Facebook» istifadəçilərinin sayı 20 faiz artıb, 400000-ə çatıb. Ancaq hökumətin əlində də hakimiyyət var.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov deyir ki, onda barəsində təhqiqat aparılan, yaxud həbsdə olan 50 fəalın siyahısı var.
Mayda Harvard Kennedi Məktəbinin məzunu, 29 yaşlı Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamıyla iki il həbs cəzası alıb. Müdafiəçiləri isə deyirlər ki, onun əsl cinayəti «Facebook» vasitəsilə hökumət əleyhinə nümayişlər təşkil etmək olub.
Başqa bir sosial media fəalı, 20 yaşlı Cabbar Savalanlı isə narkotik saxlama ittihamıyla 2.5 il cəza alıb. «Human Rights Watch» bu ittihamın saxta olduğunu deyir.
1911-ci ildə yaradılmış, beş üzvü həbsdə olan müxalif Müsavat Partiyasının sədri İsa Qəmbər deyir ki, sərvətlərə çıxışı olan hakimiyyətdəkilərlə orta aylıq gəliri 400 dollar olan əhali arasında ciddi fərqlər yaranıb: «Bütün ölkə bir ailənin monopoliyasındadır. Bizdə təkcə sərbəst toplaşma azadlığı deyil, iqtisadi azadlıq da yoxdur».
***
Heydər Əliyev 1967-ci ildə Azərbaycan KQB-sinin, 1969-cu ildə respublika Kommunist Partiyasının rəhbəri olub. 1993-cü ildə - Azərbaycanın müstəqillik qazanmasından iki il sonra prezident seçilib. 2003-cü ildə oğlu İlhamı Baş nazir və varis edəndən sonra ölüb.
Bütün ictimai binalarda Heydərin portreti var, onun nüfuzedici baxışları şəhərdə çox lövhədə görünür. Ad günündə «Gül bayramı»na milyonlarla dollar xərclənir. Bayramlarda televiziyalar ekranlarının bir küncünə onun kiçik şəklini yerləşdirirlər...
***
Qarşıdan isə 1956-cı il tarixli «Eurovision» müsabiqəsi gəlir. Bu il 22 yaşı tamam olan, yarışmada Ell adıyla çıxış edən Eldar Qasımov saçı gelli universitet məzunudur. Nikki ləqəbli, 30 yaşlı, sarışın və gözəl, iqtisadçı dərəcəsi olan ev qadını Nigar Camalın isə 2 azyaşlı uşağı var. Onlar Bakıda «Eurovision»nın final mərhələsində görüşüblər. Azərbaycan onları duet kimi gördü və İsveçli komandaya «ooh-ooh-ooh» sözləri geninə-boluna işlənən bir mahnı yazdırdı.
Duetə deyəndə ki, millətin azadlıq və demokratiya ümidləri onlardan asılıdır, hər iki gənc diksinmiş kimi göründü...