Hamı kimi bir ürəyi var idi, Novruzəli Məmmədovun!
Hamı kimi onun da ürəyi çox lazım idi, Novruzəli Məmmədova!
Köksündə çırpınan bu ürək həyat mənbəyi idi, ONUN!
Axı, bilə-bilə, niyə etdi bunu, O?
Onsuz da, hər tərəf qaranlıqdır!
Bu səssiz-səmirsiz qaranlıq zülmətdə bir insan iniltisinin hıçqırıqlarından başqa heç nə eşidilmir...
Axı, niyə barmaqları ilə köksünü yırtıb, ürəyini qopartdı, O?
Ürəyini qopartdı, amma necə yerə yıxılmadı, O?
Əlində tutduğu qanlı ürəyini başının üstünə qaldırdı!
Od tutdu, alovlandı, əlində tutduğu ürəyi ONUN!
İşıqlandı, hər tərəf, ətrafa nur ələndi!
Birdən alovlanan bir ürəyin işığında insan gölgələri görünməyə başladı...
Budur, yanan alovun işığından gözlərini döyən, boynubükük, lal-dinməz dayanan insan kütləsi...
Əlləri ilə başının üstündə məşəl kimi tutduğu yanan ürəyinin cızıltısı eşidilir... Bir azdan hərəkətə gəlir, O.
Çaş-baş qalan kütlə şölələnən məşəl-ürəyin uzaqlaşdığını görcək hürkək təşvişə düşür...
... və birinci addımları atırlar, ... ikinci, üçüncü atılır...
Kütlə hərəkətə gəlir... O, irəlilədikcə, insanlar da arxasınca gedir...
O, Novruzəli Məmmədovdur! Hamı kimi bir ürəyi olsa da, hamı kimi etmədi - gizlənmədi, qorxmadı, Novruzəli müəllim! Çıxartdı, köksündən, od vurdu, məşəl etdi, ürəyini xalqı üçün!.. İnsanları zülmətdən işıqlı səadətə yetişməsi naminə bunu etdi, O!
Talışın əbədiyanar məşəli oldu, – Novruzəli Məmmədov!
İndi hey.., yanır, yanır... İllər keçəcək, qərinələr ötəcək, əsrlər gələcək.., Talışın başı üstündə əbədi yanacaq, bu məşəl!
75, 175, 275, .., nədir ki! Min illər keçəcək, unutmaz, xalqın Səni! "Mübarəkdir, doğum günün, Novruzəli bəy!" - deyəcəklər, hər 10 Mart günü! Ey xalqımın əbədiyanar məşəli!
Mehdibəy SƏFƏROV
Yazı müəllifin facebook səhifəsindən götürülüb