Azər Kazımzadə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz olaraq Lerik Rayon İcra Hakimiyyətinə dindirilməyə aparılıb. Bu barədə “Tolışon Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyəti Mərkəzinin sədri Rafiq Cəlilov məlumat verib.
“Ona dünən axşam bildirilib ki, səhər saat 9-da Lerik Rayon Polis şöbəsində olsun. Oradan İcra Hakimiyyətində dindirməyə aparıblar. İndi yenidən polis şöbəsinə gətirilib və dindirilir. Çox güman ki, bir azdan məhkəməyə aparılacaq. Görünür Rövşən Bağırov (red: Lerik Rayon İcra Başçısı) onunla dil tapa bilməyib”. – deyə Cəlilov bildirib.
Rafiq Cəlilov Azər Kazımzadənin Lerik İcra Hakimiyyətininin qanunsuzluqları ilə bağlı yazılarına görə saxlaıldığını qeyd edib. “Azər Kazımzadə Lerik rayonunda qanunsuz olaraq meşələrin qırılmasını, Lerik-Lənkəran yolunda asfalt çəkilməsi zamanı baş verən yeyintiləri işıqlandırırdı”.
Cəlilov həmçinin Kazımzadənin İlham Əliyev barədə yazdığı tənqidi yazılara görə də saxlanıla bilcəyini istisna etməyib: “Dünən axşam saatlarında Prezident Aparatının işçiləri Lerikdəki “Relax” istirahət mərkəzində olub. Ola bilər ki, Azərlə görüşə bilməyib bunu İcra Hakimiyyətinin əməkdaşlarına tapşırıblar”.
Azər Kazımzadə sosial şəbəkələrdə İlham Əliyev və Lerik rayon İcra Hakimiyyəti haqqında yazdığı tənqidi yazılarla tanınır.
Bu “Tolışon Sədo” qəzetinin əməkdaşlarına qarşı ilk belə hal deyil. Ötən ilin sentyabrında qəzetin digər əməkdaşı Vüqar Mustafayev folklorşünas İradə Məlikova ilə birlikdə dindirildikdən sonra sərbəst buraxılmışdı. Talış dilində çıxan digər bir qəzet - Tolışi Sədonun baş redaktoru Hilal Məmmədov 2012-ci ildə 5 il həbsə məhkum olunsa da, İlham Əliyevin əfv sərəncamından sonra azadlığa buraxılmışdı. Həmçinin, 2007-ci ildə həmin qəzetin baş redaktoru Novruzəli Məmmədov 10 il müddətinə həbsə məhkum edilmiş və sonradan o, cəzaçəkmə müddəti zamanı müəmmalı şəkildə vəfat etmişdi.
TALISH.ORG