Bölgəmizin iqlimi bəzən ya xəstəliklərin yaranmasında, ya da xəstəliklərin kəskinləşməsində risk amili olur.
Talışın iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı isti və quraq keçən, payızı çox yağıntılı olması ilə fərqlənir. Revmatizm (yel xəstəliyi), sümük-oynaq xəstəlikləri, astma, allergik xəstəliklər, ürək-damar xəstəliklərinin və.s yaranmasında məhz bu iqlimin böyük rolu var. Hər zaman Talışda vərəm xəstəliyi aktual problem olaraq qalır. Hətta məşhur Talış xanı Mir Mustafa xanın məhz vərəm xəstəliyindən dünyasını dəyişdiyi faktı tarixdə var. Yadıma gəlir ki, Ağciyər inistutunda praktik məşğələlərimizi keçərkən xəstələrin böyük əksəriyyətinin bölgəmizdən olması faktı məni məyus etmişdi.
Vərəm xəstəliyini törədən çöplər hava-damcı yolu ilə (öskürmə, asqırma, danışıq zamanı) fəal ağciyər və qırtlaq vərəmi olan xəstə şəxsdən sağlam şəxsə keçir. Yəni xəstəliyin yayılmasında açıq formalı vərəm xəstələrinin (+BK - bəlğəmin müayinəsində törədici aşkar olunmuş şəxslər) rolu böyükdür. Vərəm mikrobu orqanizmə daxil olduqdan sonra aylarla, illərlə xəstəlik törətmədən orada yaşaya bilər. İnsanın mühafizə sistemləri "törədicini” passiv bir şəkildə saxlayırlar. Bu halda tuberkulin sinağı (Mantu sınağı) müsbət ola bilər. Ağciyərdən əlavə limfa düyünləri, plevra, sümüklər, böyrəklər, beyin qişasında da vərəm xəstəliyi ola bilir.
Xəstəliyin fəal formaya keçməsi immun sistemin zəifləməsi və bir sıra əlavə amillərdən-siqaret çəkmə, alkoqolizm, başqa orqanların xəstəliklərindən asılıdır. Eyni zamanda mühit, şərait amili xüsusi əhəmiyyətlidir.”Günəş düşməyən evə, həkim girər” demiş atalar. Evdə rütubətin qarşısı ciddi şəkildə alınmalıdır. Əsgəri xidmətdə olanlarda, məhbuslarda bu xəstəlik geniş yayılib. İctimai iaşə sahələrində profilaktik-diaqnostik tədbirlər aparılması, "virajlı xəstələrin"-passiv halda olan vərəm xəstələrinin aşkara çıxarılması baxımından xüsusən əhəmiyyətlidir.
Fəal xəstələrdə bəzi psixoloji məqamlar ola bilir. Bir neчə vaxt bundan əvvəl Masallının Lürən kəndində öz 2 yaşlı qızını küçədə atmış vərəm xəstəsi olan ana, bunu ehtiyac üzündən elədiyini bildirmişdir. Hamının bilməsini istəyirəm ki, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanuna əsasən müalicə pulsuzdur və vərəm xəstələri bir sıra güzəştli imtiyazlara sahibdir.
Bölgəmizdə təhrif olunmuş statistikanı nəzərə çatdirmaq istəmirəm, sadəcə deyərdim ki, təkcə Lənkəranda (Lankon) 20 minə yaxın vərəm xəstəsinin olduğu güman edilir.
Xəstələrin şikayətləri tədricən başlayır, siqaret çəkən xəstələr bunu siqaret çəkmə ilə əlaqələndirib həkimə getməyi gecikdirə bilirlər. Şikayətlər-gecə tərləməsi, hərarət, iştahsızlıq və bunun nəticəsində arıqlama, uşaqlarda inkişafdan qalma, halsızlıq, sinədəki ağrılar, öskürəklə yanaşı qan tüpürmədə ola bilir.
Xəstəliyin profilaktikasında vaksinasiya (BSJ vaksini) çox əhəmiyyətlidir.
Ümumdünya Səhiyyə Təşkilatı vərəm xəstələlərinin sayının kəskin artımı qarşısında "fövqəladə vəziyyət” elan etmişdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır ki, bunlardan da 7 milyonu açıq formalı vərəm xəstəsidir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Vərəm-müalicə olunan bir xəstəlikdir. Vaxtında və düzgün müalicə ilə yüz faiz sağalma əldə etmək olar.
Pərvanə Fətullayeva, (Moskva, terapevt-həkim)
|