“Türk millətçisi” o demək deyil ki, rəsmi dövlət strukturunu təmsil edən hər hansı məmur işlədiyi regionun köklü, aborigen etnosunun dilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlər sisteminə qarşı bu sayaq aqressiv etnosid əməlləri törətsin!?
Əsil millətçilər isə, öz millətini sevməklə yanaşı, qardaş xalqların da mədəniyyətlərinə, maddi-mənəvi dəyərlərinə ehtiramla, ədəblə yanaşırlar...
Ölkəmizin hər tərəfində “Türk dönəri” və digər milli adlarla iaşə obyektləri fəaliyyət göstərir. Milli mənsubiyyətindən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları, eləcə də talış kökənli vətəndaşlar buna normal baxır, həmin iaşə obyektlərinin məhsullarından alırlar və istifadə edirlər.
Lənkəran rayonunda baş verən bir ürəkbulandıran olay barəsində bir müddət əvvəl adını “Talış təndiri” qoyduğu iaşə obyektinin sahibi (təsvir olunan obyyektin şəkli sonralar internet səhifələrində də yayımlandı) Azərbaycanın və Talış xalqının istedadlı şairi Əli Nasirə zəng edərək, demişdi; “şair, indi mən nə edim? Ailəmi dolandırmaq üçün evimin qabağında Talış xalqının adət-ənənəsinə uyğun olaraq, təndir çörəyi bişirirəm. Adını da “Talış təndiri” qoymuşam. Lakin, Lənkəran İcra Hakimiyyətinin müavini gəlib mənə dedi ki, əgər “talış” sözünü reklam lövhəsindən pozmasam, bu mənə baha başa gələcək. Mən də məcburam ki, balalarımın dolanacağı naminə onun dediyi kimi hərəkət edim.” Şair Əli Nasir Lənkəran rayonunda dövlətimizi təmsil edən bir məmurun yerli xalqın milli-mental irsinə qarşı qeyri-insani, mədəniyyətsiz, və tərbiyyədən uzaq hərəkətləri barədə danışanda, bizlər bu insidentlə bağlı təəssüf hissi keçirdərək, köksümüzü ötürməklə işimizi bitmiş hesab etdik.
Lakin, həmin hadisə ilə bağlı internet səhifələrində və sosial şəbəkələrdə yayılan şəkili seyr edərkən, məmur məsuliyyətsizliyinin, özbaşınalıqlarının bu qədər şiddətli təhlükəli olmasının bir daha şahidi olduq!
Ümidvaram ki, bu sahəyə məsul yüksək vəzifəli dövlət rəsmiləri baş vermiş təəssüfedici diskriminasiya aktı ilə bağlı naratçılığımı bölüşəcəklər...
Mən burdan, internet vasitəsi ilə, Dövlətimizin rəhbərlərinə səslənirəm; “insaniyyət hissini və vəzifə məsuliyyətini itirərək yerli etnosun dilinə, toponimlərinə, maddi-mənəvi dəyərlərinə qarşı bu sayaq qeyri-hummanist, aşağılayıcı, eləcə də əxlaqa zidd diskriminasiya hərəkətləri törətmiş həmin məmurun kimliyi müəyyənləşdirilsin və ciddi cəzalansın!”
Mehdibəy SƏFƏROV