«Bu hakimiyyətin idarəetməsində yaşamaq təhqirdir»
Rusiyada fəaliyyət göstərən "Talış diasporu” təşkilatının sədri Ismayıl Şabanov bir müddət öncə "Azadlıq” qəzetinə geniş müsahibə vermişdi və Milli Şuraya dəstəyini ifadə etmişdi. Həmin müsahibədə hakimiyyəti kəskin tənqid etdiyinə və Milli Şuranı yüksək qiymətləndirdiyinə görə Ismayıl Şabanovun atasına Azərbaycanda müxtəlif səpkili təzyiqlər başlayıb.
Baş verənlərə aydınlıq gətirmək üçün Ismayıl Şabanov qəzetimizə açıqlama verib.
"Biz Cəmil Həsənliyə sona qədər dəstək olacağıq”
Ismayıl Şabanov əvvəlcə bildirdi ki, Milli Şuranın vahid namizədi olmuş Rüstəm Ibrahimbəyova dəstək olduqları kimi, Cəmil Həsənlini də sona qədər dəstəkləyəcəklər: "Biz azadlıq sevən, demokratiya istəyən insanlarıq. Bizim dəstəyimiz şəxslərlə bağlı deyil. Azərbaycanda demokratiya uğrunda çarpışanlar, bu hakimiyyətlə mübarizə aparanlar bizim üçün dəyərli insanlardı və biz onlara hər zaman hörmətlə yanaşırıq. Hakimiyyət Rüstəm Ibrahimbəyova müxtəlif maneələr yaratdı və dəyərli ziyalını seçkidən kənarda qoydu. Ancaq bu gün Milli Şura ikinci dəfə layiqli namizədi seçdi və biz bu seçimi yüksək qiymətləndiririk. Rüstəm Ibrahimbəyovun hələ əvvəldən namizədi Cəmil Həsənli idi. Biz Milli Şuraya davamlı dəstək verəcəyik və Cəmil Həsənlinin qələbəsinə inanırıq. Azərbaycanda axır ki, azad parlament, azad məhkəmə, azad seçki olmalıdır. Saxtakarların axırı çatıb”.
"Hakimiyyət insanlığa sığmayan əməllər törədir”
Ismayıl Şabanov atasına qarşı olan təzyiqləri bu cür qiymətləndirdi: "Mən bu məsələni ictimailəşdirmək istəmirdim. Amma son vaxtlar mənim qohumlarıma təzyiqlər başlayıb. Çox primitiv formada, bəzi insanları öyrədib yaxınlarıma süni problemlər yaradırlar. Bu rejim elə bir əxlaqa sahibdir ki, mənim 77 yaşlı atama, əməliyyatdan təzə çıxmış adama qarşı fiziki zorakılıq göstəriblər. Atamı təhqir ediblər, üzünə əl atıblar. Qonşu kəndlərdə bəzi narkomanları öyrədib mənim qohumlarıma şər-böhtan kampaniyası düzəltməklə məşğuldular. Bu nə insanlığa, nə imana, nə mədəniyyətə sığan əməl deyil. Hakimiyyət həyasızcasına mübarizə aparır. Mən Vladimir Putinə, BMT-yə müraciət ertmişəm ki, bu özbaşınalığa son qoysunlar. Ayıbdır, mənimlə problemləri varsa, mənimlə həll etsinlər. Bu adamlar istənilən cinayəti törədir və bunlara qarşı heç bir tədbir görülmür. Mən bu adamlara xəbərdarlıq edirəm. Ağlınızı başınıza yığın, sizin sonunuz gəlib. Bütün cinayətlərinizə görə cavab verəcəksiniz. Hakimiyyət istəyir ki, xalq da bunlar kimi qanunsuz mübarizə üsülu seçsin.
Bu təzyiqlər məni yolumdan döndərə bilməz və mən sona qədər öz mövqeyimi nümayiş etdirəcəm. Xalq da bu təhqirlərə dözməməlidir".
"Milli Şuraya dəstək olmağa çağırıram”
Ismayıl Şabanov Rüstəm Ibrahimbəyovun xalqa müraciətinə də münasibət bildirdi: "Mən Rüstəm müəllimin təklifini yüksək qiymətləndirirəm. Azərbaycanda demokratik qüvvələr maddi cəhətdən böhran vəziyyətindədir. Milli Şuraya həm mənəvi, həm də maddi dəstək olmaq lazımdır. Bu təklif həm də onu göstərir ki, Milli Şura öz xalqına söykənir, öz xalqına güvənir. Hakimiyyətin dediyi kimi xaricdən maliyyələşmir. Mən hər kəsi imkan daxilində, bu kampaniyaya dəstək olmağa çağırıram. Bu pullar xalqa görə sərf olunacaq və şəffaf şəkildə xərclənəcək. Xalq onu təhqir edənlərə yox, ona azadlıq vermək istəyənlərə dəstək olmalıdır. Hesab açılan kimi biz də, yaxınlarımız da bu kampaniyaya qoşulacağıq”.
Ilham Hüseyn
Azadlıq Qəzeti