21 iyun 2012 ci il tarixində hüquq müdafiəçisi "Tolışi sədo" qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, talış ictimai fəalı Hilal Məmmədov Bakı şəhərində öz evinin qarşısında olarkən, özlərini təqdim etməyən bir qrup şəxs tərəfindən saxlanmış, ona zor tətbiq etməklə, böhtançı ittihamla həbs edilmişdir. Güya H.Məmmədovun üstündə və evində narkotik maddə tapılmışdır. Təpədən dırnağadək həqiqi ziyalı olan, siqaret belə çəkməyən H.Məmmədovu tanıyanların hamısına gün kimi aydındır ki, bu qurama bir ittihamdır. Bu növbəti "cibə narkotik maddə atma” əməlidir.
Xatırladırıq ki, 2008-ci ilin fevral ayında, dilçi alim, professor, "Tolışi sədo" qəzetinin sabiq baş redaktoru, mərhum Novruzəli Məmmədov da oxşar ssenari ilə saxlanılmışdı. Sonradan "vətən xaini" damğası altında 10 il müddətinə həbs cəzasına məhküm olunmuş, ona qarşı tətbiq edilən fiziki işgəncələrə dözməyərək vəfat etmişdi. Hilal Məmmədovun "cibə narkotik atma" əməliyyatı ilə həbs edilməsi, bir daha Azərbaycan hakimiyyətinin Talış fəallarına qarşı, Talış xalqına qarşı apardığı diskriminasiya siyasətinin ardıcıl davam etdirilməsinə növbəti bir sübutdur.
Biz Talış Ağsaqqallar Şurası olaraq talış ziyalısının bu formada həbsinə rəvac verilməsini, xalqlar arasında nifaq salma və milli ayrı-seçkiliyin dövlət siyasətinə çevirilməsi kimi qiymətləndirir, dünya ictimaiyyətini bu cür mürtəce hərəkətləri pisləməyə çağır və Hilal Məmmədovun dərhal azad edilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq. Tərəqqipərvər dünya ictimaiyyətini Hilal Məmmədovun—böhtana, şərə məruz qalmış daha bir talış ziyalısının taleyinin Novruzəli Məmmədovun aqibəti ilə eyniləşməməsi üçün öz köməkliklərini əsirgəməməyə çağırırıq. Biz Talış xalqının növbəti ziyalısının məhv edilmə prossesinə start verildiyini böyük həyəcan və təşvişlə bildiririk. Dünyanın bütün tərəqqipərvər ictimaiyyətini zorla assimilə edilib, yer üzündən silinməyə vadar edilən talış xalqının haray səsinə səs verməyə çağırırıq!