Главная » 2012»Декабрь»4 » Talış Ağsaqqallar Şurası İlham Əliyevə müraciət ünvanlayıb
19:29
Talış Ağsaqqallar Şurası İlham Əliyevə müraciət ünvanlayıb
Talış Ağsaqqallar Şurası 2 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vicdan məhbusu Rufulla Höccətullah oğlu Axundzadə barədə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Cənab Prezident!
Nəzərinizə çatdırırıq ki, Axundzadə Rufulla Höccətullah oğlu 1955-ci il yanvar ayının 21-də Astara rayonunda anadan olmuşdur. Milliyyətcə talışdır. Əvvəllər məhkumluğu olmayıb və həbs olunana qədər xırda ticarətlə məşğul olmuşdur.
Rufulla Axundzadə onun ad günündə, yəni, 2011-ci il yanvar ayının 21-də şübhəli şəxs qismində saxlanılıb. Həmin gün polis və prokurorluq əməkdaşları onun yaşadığı Astara şəhərindəki evində axtarış aparıb, qonşusuna məxsus yarımçıq tikilidən silah-sursat aşkarlayıblar. Rufulla Axundzadənin silah-sursatdan, onun tapıldığı yerdən əl və ayaq izlərinin götürülməsi üçün ekspert çağırılması təkidlərinə baxmayaraq hüquq-mühafizə orqanları onun qanuni və özünümüdafiə tələblərini təmin etməyiblər. Lakin istintaq onun mülkiyyətində olmayan ərazi və tikilidən tapılan silah-surasatı heç bir hüquqi əsas olmadan ona məxsus bilmişdir.
Sonradan ona yeni ittiham irəli sürülüb. Güya ki, o İran İslam Respublikasının beynəlxalq "Səhər” telekanalındakı çıxışlarında dəfələrlə Talış zonasında yaşayan əhalinin hüquqlarının tapdalanmasını dilə gətirmişdir və bununla əhali arasında milli və dini ədavətin salınmasına cəhd etmişdir. Əslində isə bütün bu çıxışlar adi və leqal tənqidi fikirlər olmuşdur və dini, milli ədavətlə heç bir bağlılığı olmamışdır. Lakin bu ittiham Astara rayonunda yaşayan 3 məktəb direktorunun ona qarşı verdikləri qondarma şahid ifadələri ilə güya sübuta yetirilmişdir.
Bütün bu saxta ittihamların sonu olaraq məhkəmənin hökmü ilə Rufulla Axundzadə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Rufulla Axundzadə həbs olunduğu gündən ailəsinə təzyiqlər var. Ailəyə ayrılan ünvanlı sosial yardım ayrı-ayrı bəhanələrlə verilmir. Bunun nəticəsində ailənin təbii qaz və elektrik enerjisinə görə borcu yaranıb. Bununla əlaqədar ailəsinin yaşadığı evin enerji təminatı tez-tez dayandırılır. Ailə üzvləri İcra hakimiyyətinə və başqa dövlət idarələrinə müraciət etdikdə "Ailənizin başçısı dövlət əleyhinə danışıb, sizlərə heç nə düşmür” cavabı alırlar. Amma Rufulla Axundzadə heç vaxt dövlət əleyhinə danışmayıb. Hər zaman məmur özbaşınalığından, dövlət işçilərinin qanunazidd əməllərindən danışıb. İslam dinini təbliğ edib və Allahın əmrlərinə qarşı çıxanlarla sivil yolla mübarizə aparıb.
Rufulla Axundzadənin çoxuşaqlı ailəsi var. Himayəsində əksəriyyəti azyaşlı və heç yerdə işləməyən ona yaxın ailə üzvü var. Övladlarının bəzilərində ciddi xəstəliklər var. Həyat yoldaşı ikinci qrup əlildir və ailəni dolandırmaq üçün əmək qabiliyyətinə malik deyil.
Hazırda Bakıdakı 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Rufulla Axundzadə anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir. Hərbi xidmətə könüllü getsə də, 4 aydan sonra ürək xəstəliyinə görə ordudan tərxis olunub. İndi o, ürək ağrılarından, şəkərli diabetdən və belində olan şişdən əziyyət çəkir. Daxili orqanlarına maye yığılmışdır. Həbsxana həyatı ondakı xəstəlikləri son dövrlər daha da dözülməz həddə gətirib çıxarmışdır. Hətta məhkəmə iclasları zamanı halı pisləşdiyindən iclaslar dəfələrlə dayandırılmış və təcili tibbi yardım çağırılmışdır.
Bir müddət öncə milliyətcə talış olan və cəsusluqda ittiham edilərək həbs edilən Novruzəli Məmmədov və Vaqif Abdullayevin oxşar xəstəlikdən əziyyət çəkməsi və buna görə sonradan həbsxanada həlak olması bizə düşünməyə əsas verir ki, Rufulla Axundzadəni də oxşar tale gözləyə bilər.
Cənab Prezident!
Siz Azərbaycan Respublikası Prezidenti seçiləndən sonra ilk nitqinizdə bildirdiniz ki, "mənə səs verən və səs verməyən vətəndaşların prezidenti olacağam”. Müqəddəs səmavi kitablarda bir nəfəri xilas etməyin bəşəriyyəti xilas etməklə bərabər tutulduğu bildirilir. Məhkumun ailəsinin sosial-iqtisadi problemlərini və xüsusən təcili və ciddi müalicə almazsa həyatını itirəcəyi qorxusunu nəzərə alıb, humanistlik prisipindən və Konstitusiyanın Sizə verdiyi səlahiyətdən istifadə edib Rufulla Axunzadənin həbsdən azad olunmasına yardım etməyinizi Sizdən xahiş edirik!"