Mehdiyevin
məruzəsində indiki siyasətlə bağlı bir dənə də olsun irad, tənqid yox
idi. Məruzə bütün istiqamətlərdə siyasətlə bağlı gurultulu təriflərlə
dolu idi Mayın 5-də "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyası eks-prezident Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı "Azərbaycan2020: yeni inkişaf məqsədləri"konfransı keçirib.
Konfransın əsas məruzəçisi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məruzəsində hakimiyyətin 2020-ci ilə kimi proqram strategiyasını ümumi sözlərlə təsvir etməyə çalışıb.
Söhbət "Azərbaycan2020: gələcəyə baxış" konsepsiyasından gedir. Prezident onu bu ilin sonuna kimi hazırlamağı tapşırıb.
Natiq qeyd edib ki, Konsepsiyanın əsas məqsədi dünyadakı maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarını hərtərəfli şəkildə qorumaq, XXI əsrin narahat şəraitində dövlətin və xalqın siyasi və iqtisadi təhdidlərdən etibarlı şəkildə sığortalanmış gələcəyini təmin etməkdir.
Konsepsiyanın yaradılmasının daha bir səbəbi kimi kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid dövrünün başlanması göstərilir. Konsepsiya bu yeni mərhələnin aydın, proqnozlaşdırılan mənzərəsini yaratmalıdır.
Mehdiyev etiraf edib ki, gələcəyi proqnozlaşdırmadan, qlobal çağırış, təhdid və təhlükələrə siyasi və nəzəri analizlə qiymət vermədən uğurlu inkişafa nail olmaq olmaz. Bu mənada Konsepsiya növbəti mərhələ üçün nəzərdə tutulan milli məqsədlərin həyata keçirilməsi strategiyasını hazırlamalı, inkişafın fundamental istiqamətlərini müəyyən etməli, hadisələrə konseptual yanaşma hazırlamalıdır.
Yeni Konsepsiyanın leytmotivi kimi Mehdiyev prezidentin fikirlərini misal gətirir. O, strateji sənədin hazırlanması barədə qərarı qəbul edərkən bu məqsədləri müəyyən edib: 1)Azərbaycanı hərtərəfli inkişaf etdirmək, 2) onu müasir dövlətə çevirmək, dünyadakı bütün mütərəqqi təcrübəni tətbiq etmək, 3) insanların bütün azadlıqlarını təmin etmək, 4) hüquqi dövlət quruculuğu üçün daha iri addımlar atmaq.
Mehdiyev qeyd edir ki, Azərbaycanda dövlət idarəçiliyi məqsədyönlü və proqramlı idarəetməyə əsaslanır. İnkişaf Konsepsiyası inkişafın konseptual əsaslarını və prinsiplərini, milli inkişafın gələcəyinə dövlətin ümumi baxışlarını işləməli, müvafiq müddəa və tezislərə uyğun olaraq strategiyanı müəyyən etməlidir. Bundan sonra konkret sahələr üzrə proqramlar qəbul edilə bilər.
Növbəti səkkiz ildə Konsepsiya bu kompleks tədbirləri həyata keçirməlidir:
- siyasi sahədə: dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması; demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi; qlobal çağırışlara qarşı adekvat və preventiv mexanizmlər sisteminin yaradılması;
- sosial-iqtisadi sahədə: ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
- humanitar sahədə: təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, "qara qızıl” amilinin insan kapitalına çevrilməsi.
Hazırda Azərbaycanda 60 proqram və strateji sənəd həyata keçirilir. Amma bu sənədlər cəmiyyətin problemlərini tam əhatə etmir və daha çox fraqmentar xarakter daşıyır. "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası təşəbbüsçülərinin fikrincə, Konsepsiya bir-birinə bağlı olan bütün əsas istiqamətləri ayrılıqda və bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və əsas məqsəd olan "davamlı inkişaf” probleminə konseptual baxış və yanaşma imkanı yaradacaq.
Bu nöqteyi-nəzərdən Konsepsiya hazırlanarkən onun müəllifləri proqnozlaşdırılan dövrdə, yəni 2020-ci ilə kimi baş verəcək dəyişikliklərə "gələcəyin ideal obrazı” kontekstində və bu obrazı şərtləndirən ümumiləşdirilmiş təsnifat kontekstində - dövlət, cəmiyyət və iqtisadiyyat triadasında xüsusi diqqət ayıracaqlar. Çünki 2020-ci il üçün qarşıya qoyulan məqsədlərlə bugünkü siyasi, iqtisadi və sosial parametrlər və meyarlar arasında fərqin aradan qaldırılması Konsepsiya və strateji planlaşmanın əsas mahiyyəti və məzmunu olacaq.
Hazırda "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası üzərində iş davam edir. Layihənin işlənməsinə müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, yüksək ixtisaslı mütəxəssislər, ölkənin aparıcı elmi ictimaiyyəti və siyasi-iqtisadi elitası cəlb edilib. Qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalardan istifadə üçün BMT İnkişaf Proqramı və başqa beynəxalq təşkilatlarla zəruri əməkdaşlıq yaradılıb.
Müstəqil ekspertlər hesab edir ki, konsepsiyanın qəbulunun özü gələcəyin dərin eşeleonlu strategiyasının yaradılması üçün gerçəkdən vacib addımdır. Amma Konsepsiya yaxın 8 ili əhatə etdiyi üçün onu strategiya adlandırmaq doğru olmaz. Söhbət hüquqi, demokratik dövlət qurmaq yolunda əngəlləri aradan qaldırmaq üçün hakimiyyətin taktiki planı adlandırıla bilər. Bu barədə Qərbdə çoxdan və ardıcıl olaraq danışırlar.
Amma Mehdiyevin məruzəsi Konsepsiyanın, onun ardınca isə başqa proqram sənədlərin yaxın perspektiv üçün praktik bələdçi olacağına əminlikdən daha çox şübhə yaratdı. Məsələ burasındadır ki, Azərbaycanın ötən iyirmi ilinə qiymət verilən zaman çoxlu qeyri-dəqiqliklər, faktların qəsdən dəyişdirilməsi, siyasi konyunktur mülahizələrindən tarixin şərh edilməsi aşkar görünür. Bu faktdır ki, saxta tarixi fundament saxta perspektiv yol yaradır. Onlar zamanın və reallıqların tələbi ilə yox, ali rəhbərliyini subyektiv sifarişi ilə qurulur.
Üstəlik, Mehdiyevin məruzəsində indiki siyasətlə bağlı bir dənə də olsun irad, tənqid yox idi. Məruzə bütün istiqamətlərdə siyasətlə bağlı gurultulu təriflərlə dolu idi.
Bu cür baza yanaşması Prezident Administrasiyasının rəhbərinin cızdığı məqsədlərin həyata keçəcəyinə ciddi şübhə yaradır. Gözləmək olar ki, hakimiyyət sözdə başqa şey deyəcək, əməldə isə ötən 19 ildə olduğu kimi, islahatlara və demokratikləşmə prosesinə maksimal əngəl yaratmaq yolunu davam etdirəcək.
contact.az
|