Lənkərandan Boradigaha gedən yolun sol tərəfində, Viravul (Viyəvul) kəndi ilə Vılvan kəndinin arasında yerləşir bu ziyarətgah. Yadımdadır, əvvəllər bu ocağa yaxınlaşanda ayaq saxlayırdılar. Fatihə verərdilər. Həmd-surə oxunardı. Və sonra yollarına davam edərdilər. Anamdan soruşardım: ”Ana, bura nədir?” O, deyərdi: "Bura ocaqdır, şəhidlərin məzarlarıdır..”
"Şəhidlər” sözünün mənasını bilməzdim. Ancaq uşaqlıq həvəsi ilə ona suallarımı yağdırardım. O, mənə "Bala, böyüyərsən, bunların cavabını müəllimlərindən öyrənərsən” deyərdi.
.... Məktəbi, institutu bitirdim, suallarıma yalnız bir cavabı eşitdim: "Bunların hamısı xurafatdır”. Amma sözün doğrusu (indi qorxmadan deyə bilərəm) deyilənlərlə razılaşmadım. Bu mövzuda, bəhanə gətirib inşa işini də yazmadım... Suallarıma cavab tapmaq axtarışında oldum.
Atalar düz deyiblər, axtaran tapar. Gec də olsa, şükür Allaha, tapdım da!
Birinci sual: Nə deməkdir "Şon şəhid?” (Azərbaycan dilində "Şan şəhid”)
Şəhidlər Xiyabanı demək imiş ”Şon Şəhid”.
İkinci sual: Burada dəfn olunan şəhidlər kimlər olublar?
XVIII əsrin birinci yarısında, İranın Səfəvilər dövlətinin hakimiyyəti dövründə Talışın ərazisində böyük bir xalq hərakatı baş verir.
Yerli feodal və siyasi rejimin zülmkarlığı xalqı zəlalətə salır. Xalqın ruzigarı günbəgün ağırlaşır, zülm dözülməz həddə çatır!
Xalq pənahə Allahda, xilas olma qüvvəsini özündə tapır. Zülmdən xilas olmaq üçün ayağa qalxır.
Tezliklə xalq hərakatı vüsətlə Talışın Zəncanından, Masalından tutmuş indiki Astara rayonunun ərazisinə qədər böyük bir ərazini əhatə edir.
1626-1629-cu illərdə xalq hərakatı güclü bir üsyan səviyyəsinə yüksəlir.
İndi olduğu kimi həmin dövrdə də Talış Mahalı Gilan inzibati idarəetmə ərazi tərkibinə daxil idi.
Xalq həm qəddar gilək məmurlarının, həm də İran Astarasının hakimi olan Sarı xanın məmurlarının zorakarlığının məngənəsində idi.
Dünyada heç bir tarixi hadisə səbəbsiz baş vermir. Bu üsyanın da əsas səbəbləri yuxarıda sadaladıqlarımdır.
Üsyanda 30 mindən artıq kəndli və şəhər yoxsulları, kişilərlə yanaşı qadınlar, hətta uşaqlar da iştirak etmişlər. Bir sözlə, o vaxta qədər İran dövlətinin tarixində onun mahal və ostanlarında belə bir ümumxalq hərakatı baş verməmişdi.
Ona görə yenicə hakimiyyətə keçmiş səfəvilər hökmdarı şah Səfi (1629-1642-ci illər) özünün bütün hərbi qüvvəsini səfərbərliyə alır, Gilanın və Astaranın (İran Astarası) yerli feodallarından istifadə edir və çox qəddarcasına Talış üsyanını məğlub etməyə nail ola bilir.
Həmin üsyançılardan bir neçə ailə gizli yollarla gəlib indiki Şon şəhidin cənub-şərqindəki cəngəllikdə məskunlaşır. (indi həmin yer Virəvul kəndinin coğrafi-inzibati ərazisinə daxildir) hal-hazırda üsyançıların məskunlaşdıqları həmin yerə yerli əhali "Şəhidon So”, "Şəlim So” deyirlər.
Qaçqın üsyançıların izinə düşürlər... Onları arvadlı-uşaqlı qılıncdan keçirdib, doğrayırlar.
Yerli əhali ağır çətinliklərə baxmayaraq üsyançıların qılıncla doğranmış cəsədlərini bir yerə yığıb, dəfn etmişlər. dəfn olunan ərazidə (indi o əraziyə də təcavüz edilib, əvvəlki ərazi kiçildilib) çoxömürlük həmişəyaşıl Şümşad və Nil (Azadi) ağacları əkilir. Bu minvalla üsyançıların məzar yerləri əbədiləşdirilir. Oranı həm də müqəddəsləşdirərək ziyarətgaha çevirirlər.
Əhsən! Min əhsən bizim ata-babalarımızın uzaqgörənliyinə!
Hörmətli oxucu, bu kiçik yazıda günlərlə tarixçi-analitik düşüncələrə dalmışam.... Fantaziyamın gücü hesabına üsyanın dövrü və məğlub edilməsinin tarixi anlarının düşüncələrinə qərq olmuşam. Onlarla suallarla üzləşmişəm. Tarixi mənbələrimizdəki məlumatsızlıqdan suallara cavab tapmadığımdan məyus olmuşam.
Ancaq belə bir qənaətə gəlmişəm ki, üsyanın yatızdırılmasında soyqırımı baş verib!
Istifadə etdiyim mənbəm yalnız 1989-cuildə çap edilmiş Azərbaycan Sovet Ensiklopediyasının IX cildindəki məlumat (səh. 135) və bir də rus tarixçisi İ.P.Petruşevskinin 1951-ci ildə SSRİ EA xəbərlərində dərc olunan "1629-cu ildə Gilanda xalq üsyanı” adlı məqaləsi olub.
...Sözsüz ki, Azərbaycan Sovet Ensiklopediyası da dəyişəcək. Ona da möhkəm əl gəzdirərlər. Talışa aid orada nə varsa, onların da başına daş salınacaqdır. Rahatlıq taparlar. Onda böyük şairimiz Səməd Vurğun demişkən: "Yəni tarixsiz yaranmışıq biz?”- deyib, qardaşlarımızı sevindirərik.
Əşrəfi Sərxanç Lənkəran, "Tolışon Sədo” nöm 17 (29), 11 may 2012-ci il
|