Filologiya elmləri doktoru, professor Seyfulla Əsədullayev vəfat etmişdir. Seyfulla Əsədullayev XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsinin tanınmış tədqiqatçısı və təbliğatçısı hesab edilir. Onun XX əsr rus ədəbiyyatı tarixinə aid çox sayda əsərləri vardır.
Seyfulla Əsədullayev 1924-cü il iyunun 19-da Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. 1942-ci ildə Astara rayonunda, A.S.Puşkin adına Ərçivan orta məktəbini əla attestatla qurtarmış, həmin ilin sentyabr-dekabr aylarında Şuvi kəndinin natamam orta məktəbində müəllim işləmişdir. 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutun rus dili və ədəbiyyat fakültəsini qırmızı diplomla, 1959-cu ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində filologiya fakültəsinin rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantını bitirmişdir. 1966-ci ildən Baki Dövlət Universitetində kafedra müdiri vəzifəsində işləmişdir.
Seyfulla Əsədullayev 500-dən çox ədəbi-nəzəri və ədəbi-tənqidi məqalələrin, 20-dən çox monoqrafiyanın müəllifidir. O, Əməkdar elm xadımı, "Böyük Vətən müharibəsi", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri, 12 medal və Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət heyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Respublika Taliş Mədəniyyət Mərkəzinin (RTMM) təsis olunmasında fəal iştirak edən Seyfulla müəllim onun ilk sədri seçilmiş, müxtəlif illərdə bu quruma rəhbərlik etmişdir. O, eyni zamanda RTMM-nin orqanı olan "Tolışi Sədo" qəzetinin fəaliyyətə başlamasında mühüm rol oynamış, qəzetin ilk baş redaktoru olmuşdur.