(Bədgüman məmurla sadə talışın dialoqu)
Talış: - Mən Azərbaycanı sidq ürəklə sevirəm. Bura hamımızın doğma yurdu, ocağı, vətənidir...
Məmur (Hamletsayağı):- Sözlər,sözlər,sözlər!.. Dediklərin boş-boşuna söz yığınından savayı bir şey deyil!..
Talış: - Xeyr! Mən düşündüyümü deyirəm. Və nə dediyimi də gözəlcə anlayıram. Mən istəyirəm ki, bu ölkədə hamı bərabərhüquqlu vətəndaş olsun. Hamıya eyni gözlə baxılsın... Qanun hamı üçün eyni olsun. Xalqlar növlərə, kateqoriyalara bölünməsin. Mən istəyirəm ki...
Məmur: - Mənə bax, sən çox şey istəyərsən, noolsun?! Xəstə istəyər, amma armud vaxtında yetişər! Otur oturduğun yerdə,heş “mıqq” da eləmə! Sizi danışdıran Qərbin qrantlarıdı,elə bilirsən xəbərimiz yoxdu? Qərbə əliniz çatmayanda İransevərlik xəstəliyinə yoluxursunuz...
Talış: - Mən istəyirəm ki, mənim də ölkəm demokratik, azad bir məmləkət olsun, milli azlıqlarla azlıq olmayanlar arasında fərq olmasın. İnsanlar milliyətinə görə yox, qabiliyyətinə görə fərqlənib dəyərləndirilsin. Mən...
Məmur: - Hoolsun, çoxda kı, istəyirsən!.. Sizə heç nə vermək olmaz! Çünki sizə barmaq verəndə şirnikib adamın qolunu dişləməyə başlayırsınız...
Talış: - Belə düşündüyünüz üçün də narazılıqlar yaranır. İnsanlarda hakimiyyətə qarşı inamsızlıq, dövlətə qarşı ümidsizlik...
Məmur: - Stop! Stop! Burda deyəsən, quş buraxdın ha! Bu danışıq artıq separatçılıqdan xəbər verir. Separatçılıqdan! Mən bir dövlət mə... məəmuru kimi belə hətərən-pətərən danışıqlara yol vermərəm! Bildin?!
Talış: - Kimdi separatçı?..
Məmur: - Kim olacaq, sən və sənin kimilər! Separatçının buynuzu olmur ki!..
Talış (əsəbi): - Olur! Bəli, separatçının buynuzu olur!
Məmur (“ha-ha “ əvəzinə): - Hi-hi-hi...
Talış: - Çıxart başındakı papağı!..
Məmur: - Başımdakı papağ deyil.
Talış: - Olsun şapka,- nə təfavütü!..
Məmur: - Şapka da deyil... Hi-hi-hi...
Talış: - Bə başındakı nədir?
Məmur: - Furaşka.
Talış ( yenə də əsəbi): - Onda furaşkanı çıxart!
Məmur (furaşkasını çıxardır): - Hi-hii... oy, bu nədir? Vaxsey!.. Başımdakı nədir belə?..
Talış: - Buynuzdur. Bəs nə bilmişdin, əsl separatçının başında əsl buynuz bitər!
(Qeyd-məsləhət: təkcə qanadlı dəvəyə dönmüş bəzi səlahiyyət sahiblərindən yox, həm də buynuz çıxartmış bədgüman məmurlardan qorunun!)
Eldəniz QULİYEV