Mənə nə isə bu separatçı sözü ləzzət edir, ona görə yox ki, mən də özümü separatçı sayıram, məni tanıyanlar bilir ki, mən beynəlmiləlçiyəm, yəni mənim əqidəmə görə bütün millətlər eynidir, kimsə hansısa milləti digər millətlərdən üstün tutarsa, demək o adam Allaha asidir, yəni Allahın nizamına zidd gedən insanlardandır. Sözüm bunda yox, amma məni yaxından tanımayanlar nədənsə mənə separatçı deməkdən çəkinmirlər. özü də bunu mənə milli mənsubiyyətləri məlum olmayanlar deyəndə lap əsəbiləşirəm. Nə isə, keçid alım "separatçılığıma”
Lənkəran Xanlığı???
Hadisə vaqe olur bir dövlət idarəsində, deməli Razzaq Xansuvarovun "Mir Həsən Xan” məqaləsini oxuyan həmsöhbətim ilk olaraq "Mir Həsən Xan Talış olmayıb” dedi, "ola bilər” deyib, mübahisəyə girişmək istəmədim. Həmsöhbətim bir azda "dərinə” getdi: "Lənkəran xanlığı nə vaxtdan Talış xanlığı oldu?” kimi bir irad bildirdi. Mən təbii ki, məqalənin altında mənbələrin göstərildiyini, həmən mənbələrin hər şeyi sübut etdiyini bildirdim və ... "get tarixi oxu” cavabını aldım. Qeyri-ixtiyari fikrə getdim: "Görəsən bu xanlığın adını dəyişməkdə məqsəd nədir? Bəlkə bizə hər şeyi unutdurmaq istəyirlər? Onsuzda biz özümüz öz tariximizi unuda-unuda gedirk, daha bizi sıxmaq nəyə lazım?” Amma həmsöhbətim üçün maraqsız ola biləcək bu fikirləri bir kənara "vızıldadıb” sualı kəsə qoydum: "Əgər doğurdan da bu xanlığın adı Lənkəran xanlığı olubsa, niyə Mir Həsən Xanın soyadı Talışxanov olub, elə Lənkəranxanov olardı da?” Təbii ki, həmsöhbətim mənim bu "axmaq” sualıma cavab vermədi, daha doğrusu verəcəyi cavab mənim xeyrimə olacaqdı deyən, cavabdan qaçdı, amma cavabdan qaçmaq həqiqətdən qaçmaq demək deyil, istəsək də, istəməsək də bütün dünya bu xanlığı Talış xanlığı kimi qəbul edib! Bizim "tarixçilər” nə qədər can versələr də, ancaq Azərbaycanda təhsil alan gəncləri tovlayıb, aldada bilərlər, bu nailiyyətləri Biləcəridən o yana getməz...
Dövlət qayğısı..
Azərbaycan dövləti hər bir milli azlığın inkişafında maraqlı olduğunu əsas Qanunda göstərib, yəni ki, bizim tam assimilə olmamağımızda maraqlı olmalıdırlar. Bu ayın yerdən görünən tərəfi, yəni ki, yazılmış gözəl Qanunun bəndlərindən biridir. Bəs həqiqətdə necədir? Həqiqət çox acıdır, onu heç kəsə zorən sırımaq fikrim yoxdur, ola bilsin nəyi isə səhf yazım, amma görüb-eşitdiklərim ayın görsənməyən tərəfini mənim üçün tam aşkarladı. Əvvəlcə başlayım qəzetin ofis problemindən. Oxucu bilməmiş deyil ki, qəzetin ofisi yoxdur, yəni qəzet "allaha təvəkkül” işıq üzü görür, amma qəzetə bu hökumət 12-15 kv.metrlik bir otaq verə bilmir, əsas da onu gətirirlər ki, "biz heç bir qəzetə otaq vermirik, gedin bir otaq kirələyin, qəzetinizi dərc edin də..”. Bəs necə olur ki, dövlətyönlü qəzetlərə bəh-bəhli ofislər, həftəlik ianələr, əlavə aylıq "premiyalar” verə bilirsiz, bizə, maliyyəniz bir yana, balaca bir quş daxması verə bilmirsiz? Demək marağında deyilsiz, marağında olsaydız, "Azərbaycan” nəşriyyatında lövbər salmış "stomatoloq”, "zərgər” və digər buna bənzər otaqlardan birini boşaldıb, bizim "başımıza çırpa” bilərdiz, etmədiz, heç etmək fikriniz də yoxdur! Axı "Azərbaycan” nəşriyyatında elə qəzet adlarına rast gəlmək olur ki, gəl görəsən. Bir adamın bəlkə 5-6 adda qəzeti və bir o qədər də otağı var, amma bizim üçün otaq yoxdur! Olmasın, istəmirik, sonra deməyin ki, "kimə müraciət etmişdiz ki?”, müraciətimizə bir quş, keçid alım "ayın digər kraterlərinə”.
Dövlət və .. cinayət
Mən Novruzəli Məmmədovun cinayət işi ilə bağlı materiallara baxdım və dəhşətə gəldim! A kişi, belə də məhkəmə olar? Görün bir Novruzəli Məmmədovun ittiham aktında ona qarşı hansı ittihamlar sürülüb: İranla bağlı məsələlərin üstündən keçirəm, baxmayaraq ki, Novruzəli müəllim bu işdə heç bir günahının olmadığını bəyan edirdi, bunu qoyaq bir kənara. Sən demə Novruzəli müəllim İctimai televiziya və radionun sədrinə Talış dilində verilişlər verilməsi ilə bağlı müraciət edib! Bu azmış kimi hələ dinc "oturmayıb” və Ədliyyə Nazirliyinə "Tolışi Sədo” qəzetinin qeydiyyatı ilə bağlı müraciət də edib! Bu da azmış kimi Milli Məclisə də bu məsələ ilə bağlı müraciət edib! Rəhmətlik dinc qala bilmirmiş, gah Prezidentə, gah da "Heydər Əliyev Fondu”na qəzetin dərci ilə bağlı, Talış dilində televiziya və radionun açılması ilə bağlı, Talış dilinin tədrisi ilə bağlı dönə-dönə müraciətlər ünvanlayırmış və bütün bunları etməyi ona vicdanının səsi yox, separatçı olması məcbur edirmiş! Ay başınıza dönüm, indi mən "kəmsavadı” başa salım görüm, Novruzəli müəllim bütün bunlar üçün Sizlərə müraciıt etməyib, kimə müraciət etməli idi ki? Bəlkə Novruzəli Məmmədov bütün bunları Həzrət Abbasdan istəməli idi? Yox, əgər dövlət mənim milli mənsubiyyətimə belə hörmət qoyursa, mənə lazım deyil, mən artıq Talış olmaqdan QORXURAM! Gərək şəcərəmi yaxşı-yaxşı "qurtdalayım”, bəlkə bir "əl tutan yer” tapdım. İndi qardaşlar, məni bağışlayın, mən daha bu dövlətin heç bir qurumuna Talış məsələsi ilə bağlı müraciət etməyəcəm. Kim Novruzəli Məmmədov kimi bu dövlətin ali Qanununa aldanıb, türməyə düşmək istəyirsə, o da gəlib müraciət etsin! Mən PAS!...
QIZIL və DAŞ...
Amma bütün bu çətinliklərə baxmayaraq biz öz işimizdəyik, yəni qəzeti ÇIXARDIRIQ və ÇIXARDACAĞIQDA! Bizə maliyyə vermirlər, əcəb edirlər, düz də edirlər. bilirsiz niyə? Ona görə ki, çox gözəl bilirlər ki, Talışların "kəllə vuranları” hərəsi iki-üç qəzet və jurnal maliyyələşdirir! Niyə də öz ana dillərində çıxan qəzeti maliyyələşdirməsinlər ki? Bizə ofis vermirlər? Düz də edirlər! Çox gözəl bilirlər ki, Talışların "öndə gedənləri” öz katibələrinə bağdan və maşından əlavə 3-4 mərtəbəli villalar alırlar, niyə öz ana dillərində çıxan qəzetə bir balaca ofis kirayələməsinlər ki? Mən bütün bu sualların cavablarını bilirəm, amma yazmaqdan vaz keçirəm, çünkü daşa nə qədər "qızıldır” desən, dönüb QIZIL olmaz, elə DAŞ olaraq qalacaqda! Bu mövzu mənimçün QAPANDI! Mən daha heç vaxt, heç bir Talışa "qəzetə köməklik edə bilərsiz?” kimi "insan şərəfini plyus-minus” edən xahişlə müraciət etməyəcəm, mən heç bu dövlətdən də dəstək istəməyəcəm! Nə qədər vəsaitim çatar, gedəcəm, vəsaitim qurtaran kimi səlahiyyətlərimi qoyacam "soyuducuya”, hamı kimi mən də yeni Novruzəli Məmmədovun doğulmağını gözləyəcəm...
İ.S. Nədənsə hərdən yadıma "Başsız Atlı” romanı düşür, niyəsini tapa bilmirəm ki, bilmirəm....
Rafiq Cəlilov,
Tolışon Sədo, №09, 10.12.2011
celilovrafiq@mail.ru