Главная » 2012»Май»11 » Sabiq baş nazir Surət Hüseynov fəal siyasətə qayıdır
22:28
Sabiq baş nazir Surət Hüseynov fəal siyasətə qayıdır
Facebook social şəbəkəsində yayımlanan xəbərlərə görə, son vaxtlar müəyyən siyasi aktivliyi müşahidə olunan Azərbaycan Respublikasının sabiq baş naziri Surət Hüseynova qarşı ölkənin rəsmi orqanları tərəfindən siyasi təqib və təzyiqlər başlanmışdır. Aldığımız məlumatlara görə onun son vaxtlar Gəncədə yerli əhali ilə görüşlərindən və xalq qarşısında yenidən artmaqda olan nüfuzundan təşvişə düşən yerli hüquq-mühafizə orqanları bu gün onu Gəncə baş polis idarəsinə çağırmışlar. Lakin o, bu çağırışdan qətiyyətlə imtina etmiş, polis idarəsinə getməmişdir. Yaxın vaxtlarda ona qarşı müxtəlif növ şantaj, hədə və təzyiqlərin edilməsi istisna olunmur.
Qeyd edək ki, Surət Hüseynov Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmış, 1993-cü ilin martından Azəryunsənaye Dövlət Şirkətinin prezidenti olmuşdur.
O, 1993-cü ildə AXC hakimiyyətinə qarşı qiyam qaldırdıqdan və məlum Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasının MM sədri seçilmiş Heydər Əliyevin 1993-cü il iyunun 30-da verdiyi fərmanla baş nazir təyin olunmuşdur.
Sonralar o, Heydər Əliyevin hakimiyyətinə qarşı olmaqda ittiham edilərək, 1994-cü il oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılmış, barəsində cinayət içinin başlanması haqqında qərar qəbul edilərək ömürlük həbs cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunmuşdur.