Türkiyənin "dərin dövlət”inin sabetayistlər olduğuna və dünyanı sionizmin idarə etdiyinə dair fikirlər tez-tez səslənir. Kimlərdi bu sabetayistlər?
Sualın cavabını tapmaq üçün son dönəmdə Türkiyənin ən çox oxunan kitabı olan "Bəyaz türklərin böyük sirri (Əfəndi)” (Kitabın müəllifi "Qurdlar vadisi” serialının konsepsiya müəllifi Soner Yalçındır) kitabına müraciət edirik. Soner Yalçın yazır ki, 1492-ci ildə yəhudilərin böyük əksəriyyəti kimi haham Mordahay Sevinin ailəsi də İspaniyadan Osmanlıya sürgün olunur və İzmirdə yerləşir. 1626-cı ildə izmirlilərin "Qara Menteş” adlandırdıqları haham Mordahay Sevinin oğlu Sabetay Sevi dünyaya gəlir. Təhsilinə Tövratı oxumaqla başlayan Sabetay Sevi 39 yaşında özünü "Məsih” elan edir. Yəhudi inancına görə, Məsih indiki İsrail torpaqlarında müstəqil dövlət quracaq və dünyaya yayılmış yəhudiləri bir araya gətirəcəkdi. Bu iddiayla sinaqoqlarla hərarətli çıxışlar etməyə başlayan Sabetay Sevi az zamanda ətrafına çox sayda tərəfdar toplayır.
Olaylardan narahat olan Osmanlı dövləti Sabetay Sevini həbs edir. Onun qarşısına iki şərt qoyulur: iddialarından vaz keçməsə öldürüləcək, ya da müsəlmanlığı qəbul edib həyatını qurtaracaq. Sabetay Sevi "Bu can bu bədəndə olduğu müddətdə müsəlmanam” deyərək ikinci yolu seçir və Mehmet Əziz Əfəndi adını alır. Tərəfdarlarından bəziləri bunu xəyanət kimi dəyərləndirib, sabetayist olmaqdan vaz keçir. Amma böyük əksəriyyət müsəlmanlığı qəbul edir. Bundan sonra Sabetay Sevinin yoluyla gedənlər - yəni yəhudilikdən dönmə müsəlmanlar sabetayist adlandırılırlar. İzmir və Selanik qısa müddətdə dönmələrin hesabına sabetayçılığın mərkəzinə çevrilir. Sabetayistlər görünüşdə müsəlmanlardan daha çox müsəlman olmağa çalışırlar, amma gerçəkdə musəviliyə inanırlar. Onların müsəlmanlardan ən başlıca fərqi birdən çox evliliyə, boşanmalara qarşı olmalarıdır. Və başqa bir özəllikləri də harada yaşamalarından asılı olmayaraq, dövlətçi olmalarıdır.
Soner Yalçın kitabında Adnan Menderesdən İsmət İnönüyə, Tofiq Rüşdü Arasdan Fatin Rüşdü Zorluya, Fevzi Çakmak Paşadan Cəlal Bayara, Vəhbi Koçdan Fərid Əczaçıbaşıya, Abdi İpəkçidən Nazlı İlıcaka, Namiq Kamaldan Arif Mardinə, Fuad Köprülüdən Üzeyir Qarihə qədər Türkiyənin siyasətində, diplomatiyasında, iş dünyasında, mədəniyyətində, idmanında, mətbuatında adı, imzası olan bir çox insanların sabetayist olduğunu, yaxud sabetayistlərlə qohum olduğunu iddia edir. Həmin kitaba inansaq, Türkiyənin son 100-150 illik siyasət tarixini yazarkən sabetayistləri çox ciddi ölçüdə nəzərə almamaq mümkün deyil - onlar hər yerdədirlər. Və bu baxımdan Fərrux Sezginin "Türkiyənin dərin dövləti sabetayistlərdir” söyləməsi kifayət qədər diqqəti cəlb edir... Anar Ramizoğlu "Filfak” Müstəqil Araşdırmalar Mərkəzi