"Su” deyibdir mənə əvvəldə anam, "Ab” ki, yox
"Yuxu” öyrətdi uşaqlıqda mənə "Xab” ki, yox
İlk dəfə ki "Çörək” verdi mənə "Nan” demədi
Əvvəlindən mənə "Duzdanə” "Nəməkdan” demədi
Anam "əxtər” deməyibdir mənə, "Ulduz” deyib o
Su donanda deməyib "Yəx”di bala, "Buz” deyib o
"Əl” deyib, "Dəst” deməyib, "Bərf” deməyib, "Qar” deyib o
Mənə heç vaxt "Biya” söyləməyib, "Gəl” deyib o
Yaxşı xatırlayıram yaz günü axşam çağılar
Bağçanın gün çıxanında ki ılıq gün yayılar
O deyərdi ki, gəl başıvı darayım ey nazlı balam
Gəlməsən gər bacıvın astaca zülfün dararam
O deməzdi ki, "Biya şane zənəm bər səre to”
"Gər nəyayi bezənəm şane səre xahəre to”
Bəli qardaş, daş yağsada göydən, sən o san, mən də buyam
Var sənin başqa anan, vardı mənim başqa anam
Özümə məxsus olan başqa elim vardı mənim
Elimə məxsus olan başqa dilim vardı mənim
Istəsən yoldaş olaq, bir yaşayaq, birlik edək
Verib əl, qol-qola bir yolda gedək
Əvvələn: özgə küləklərlə gərək axmayasan
Saniyən: elimə, varlığıma xor baxmayasan
Istəsən zor deyəsən, millətimi xar edəsən,
Gün gedər, səhifə çönər, məcbur olarsan gedəsən.
Məhəmməd Təqi Zehtabi